AZ

Ağdaş və Göyçayda uşaq müəssisələrinə baş çəkildi

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində əvvəlcədən xəbərdarlıq etmədən Ağdaş rayonu M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənlər təmayüllü gimnaziyaya və Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyaya baş çəkilib.

Bu barədə Ombudsman Aparatından Yenicag.az-a məlumat verilib.

Bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisələrdə müxtəlif yaş qruplarından olan uşaqlar üçün yaradılmış şəraitin, rəftar məsələlərinin, habelə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətini öyrənmək olub.

Başçəkmə zamanı tibb, istirahət, yataq, əmək, oyun otaqlarına, yeməkxanaya və digər inzibati otaqlara baxış keçirilib və mövcud şərait araşdırılıb, müəssisə rəhbərliyi, şagirdlər, pedaqoji heyətlə fərdi söhbətlər aparılıb.

Əvvəlki başçəkmələr zamanı müəyyənləşdirilmiş bir sıra çatışmazlığın aradan qaldırılmasına baxmayaraq, bəzi problemlərin hələ də qaldığı müşahidə olunub.

Yekunda müəssisələrin rəhbərliyi və məsul əməkdaşlara milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı tövsiyələr verilib, müvafiq maarifləndirici vəsaitlər təqdim edilib.

Başçəkmələrin nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunacaq.

Seçilən
28
yenicag.az

1Mənbələr