AZ

Kənd iqlim savaşında önəmli məkandır

BƏƏ–ABŞ layihəsi Bakıda tərəfdaş sayını artırdı

Kənd təsərrüfatı iqtisadiyyatın ən mühafizəkar sahələrindən biri hesab olunur. Bununla belə, bu sahədə yeni texnologiyalar da fəal şəkildə tətbiq edilir. Çünki yeni texnologiyalar fermerlərə iş prosesində riskləri azaltmağa, ətraf mühiti yaxşılaşdırmağa və resurslara qənaət etməyə kömək edir. Mavi Zonada yerləşən Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) pavilyonunda “AIM for Climate” (İqlim üçün Kənd Təsərrüfatı İnnovasiya Missiyası): Kənd Təsərrüfatı İnnovasiyası vasitəsilə İqlim Fəaliyyətinin Gücləndirilməsi” mövzusunda keçirilən panel müzakirələrində məhz bu mühüm məsələlər ətrafında çıxışlar edildi, fikir mübadiləsi aparıldı. Ən əsası, mətbuata açıqlanan məlumatda vurğulandı ki, COP 29-da İqlimə Uyğun Ağıllı Kənd Təsərrüfatı və Qida Sistemləri İnnovasiyasına investisiyaların məbləği 29,2 milyard dollara çatdı.  

“AIM for Climate” qida təhlükəsizliyi və iqlim dəyişikliyi kəsişməsində dünyanın ən böyük qlobal koalisiyası olaraq BƏƏ-nin və ABŞ-nin rəhbərliyi altında fəaliyyət göstərir. Noyabrın 18-də COP 29 çərçivəsində, “Yaşıl Dünya naminə Həmrəylik” mövzusu altında keçirilən tədbirdə AIM for Climate” həmsədrləri – ABŞ kənd təsərrüfatı katibi Tom Vilsak və BƏƏ-nin İqlim dəyişikliyi və ətraf mühit naziri Dr. Amna bint Abdullah Al Dahak iqlimə uyğun ağıllı kənd təsərrüfatı və qida sistemləri innovasiyasında transformativ dəyişikliklər üçün investisiyaların, tərəfdaşların sayının demək olar ki, iki dəfə artırdıqlarını elan etdilər. Bildirildi ki, COP28-də rekord nəticələrə əsaslanaraq, investisiyalar ­2020-ci il ilə müqayisədə 17 milyard dollardan 29,2 milyard dollara qədər yüksəlmişdir. 

Qeyd etmək yerinə düşər ki, “AIM for Climate” Birləşmiş Millətlər Təşkilatının 26-cı İqlim Dəyişikliyi Konfransında (COP 26) Birləşmiş Ştatların Prezidenti tərəfindən təqdim edilmişdir. Layihə iqlimə yönəlik “ağıllı” kənd təsərrüfatı və qida sistemlərinin innovasiyasına investisiyaları cəlb etməyə və iqlim dəyişikliyi, qlobal aclıq və qida təhlükəsizliyi problemini həll etməyə çalışır. Tədbirdə bildirildi ki, noyabrın 20-də COP29-da BƏƏ və ABŞ-nin birgə ev sahibliyi etdiyi 3-cü Nazirlər Forumunda BMT ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “İqlimə Yönəlik Ağıllı Kənd Təsərrüfatı və Qida Sistemləri İnnovasiyasında Transformativ İnvestisiyaların İnkişafı” adlı hesabatın təqdimatı keçirəcək. Bu hesabat 2025-ci il və ondan sonrakı dövrdə davamlı fəaliyyət üçün yol xəritəsi təqdim edərək, iqlimə yönəlik “ağıllı” kənd təsərrüfatı və qida sistemlərinin innovasiyası sahəsində davamlı tərəfdaş təbliğatını və investisiyaları təşviq edir.

Bununla yanaşı, Nazirlər Forumu zamanı investisiya maneələrini, uğurlu nümunə araşdırmalarını və iqlimə yönəlik “ağıllı” kənd təsərrüfatı və qida sistemləri innovasiyalarında “AIM for Climate” layihəsinin tərəqqisini davam etdirmək üçün tövsiyələr də səsləndiriləcək.  

Səbuhi MƏMMƏDOV,
Elşən AĞALAR (FOTO)
XQ

 

Seçilən
14
xalqqazeti.az

1Mənbələr