AZ

Liderin quruculuq kursu

I məqalə

Siyasi lider və dövlət identikliyi

Prezident İlham Əliyevin yeni liderlik nümunəsi olduğunu dünya qəbul etmişdir. Azərbaycanın dövlət başçısı Prezident və Ali Baş Komandan statuslarında, onların sintezində praktiki fəaliyyəti ilə Avrasiya məkanında yeni liderliyin əsas özəlliklərini müəyyən etmişdir. İlham Əliyevin yeni lider kimi əsas keyfiyyətlərinin nəzəri və praktiki sintezi kontekstində fəlsəfi və politoloji tədqiqatların aparılmasına böyük ehtiyac yaranmışdır. 

Sürətlə dəyişən dünyada əhatəli daxili, regional və regionlararası yeniləşmələrin (islahatların) təşəbbüskarı və praktiki reallaşdırıcısı olan bir müstəqil dövlətin liderinin fəaliyyətini tədqiq etmək fəlsəfə və siyasi-nəzəriyyə üçün vacibdir. Çünki Azərbaycan Respublikasının müstəqil dövlət kimi bütün uğurları, ilk növbədə, liderin fəaliyyəti ilə bağlıdır. Müasir dünyanın reallıqları bunu təsdiq edir. Dünya miqyasında aydın görünür ki, indi istənilən müstəqil dövlətin kimliyini (dövlət identikliyini) lider beynəlxalq miqyasda həm müəyyənləşdirir, həm də təqdim edir. 

Dövlət identikliyi (dövlətin kimliyi, özünüdərki) müasir siyasi nəzəriyyədə əsas anlayışlardan biridir. Onun müxtəlif anlamları mövcuddur. Burada onlara baş vurmağa ehtiyac yoxdur. Ancaq filosoflar və politoloqlar əmindirlər ki, hazırda müstəqil dövlətin identikliyini onun daxili və xarici müəyyənedicilərinin qarşılıqlı əlaqəsində dolğun dərk etmək olar (P.Berger, A.Vendt, V.V.Koçetkov). Deməli, müstəqil dövlətin kimliyi xeyli dərəcədə onun liderinin siyasi kimliyi ilə bağlıdır. 

Əlbəttə, xaraktercə tam olaraq heç bir lider dövlət identikliyini təmsil edə bilməz. Ancaq yalnız lider dövlət identikliyini daxili və xarici şərtlərin sntezində beynəlxalq aləmə təqdim edə bilər. Yalnız lider hər bir konkret tarixi dönəmdə başçısı olduğu dövlətin real mahiyyəti və məqsədini dünyaya anlada bilər. İstisnasız olaraq, bu qayda müasir mərhələdə hər bir müstəqil dövlətə aiddir. 

Məsələn, ABŞ, Rusiya və Çinin dövlət identikliyində onların lideri əsas rol oynayır. ABŞ-yə politoloqlar dövlətin başında demokratın və ya respublikaçının dayanması əsasında qiymət verirlər. Hətta həmin siyasi platformada konkret dövlət başçısının kimliyinin də qiymətləndirməyə təsiri olur. 

Deyək ki, demokrat C.Bayden özündən öncəki demokrat B.Obama kimi ABŞ-nin identikliyini tədqim edə bilmədi. Respublikaçı D.Tramp əvvəlki respublikaçı kiçik C.Buşdan fərqli identiklik obrazı yaratdı. Rusiyada V.Putinin Rusiyanın dövlət iden­tikliyini təqdimatı ilə B.Yeltsinin təqdimatı arasında ciddi fərq vardır. Çinin rəhbəri S.Szinpin, ümumiyyətlə, başqa Çin dövlət başçılarından seçilir. Onun təqdimatında müasir Çin dövlət identikliyində dünya lideri olmaq xətti dominantlıq təşkil edir.    

Eyni qiymətləndirmə üsulunu politoloji kontekstdə müstəqilliyini əldə etmiş keçmiş SSRİ respublikalarına da aid etmək olar. Azərbaycan təcrübəsi aspektində burada bir özəlliyi mütləq vurğulamağımız gərəkdir. 

Dövlət identikliyində varislik prinsipi

Faktlar göstərir ki, Azərbaycan Respublikası dövlət identikliyində varislik prinsipinə ciddi və tam əməl edən yeganə dövlətdir. Bizim məqalələrdə Azərbaycanla bağlı tez-tez “yeganə dövlət” kontentini işlətməyimiz qətiyyən tərəfkeşlik deyildir, çünki konkret faktlara və təcrübəyə əsaslanan qənaətdir. Bu qənaət aydın olaraq reallıqda müşahidə etdiyimiz proseslərə əsaslanır. 

Azərbaycanda Heydər Əliyevdən başlayaraq dövlət başçılarının, liderlərin nailiyyətləri göz qabağındadır. Kimsə bu nailiyyətləri nə inkar edə, nə də arxa plana ata bilər. Bu bağlılıqda cəmi üç əlaməti göstərək: 1. Azərbaycan hazırda postsovet məkanında idarəetmə və inkişaf aspekt­­­­lə­­­­r­ində ən səliqəli, inamlı və davamlı şəkildə irəliləyən ölkədir; 2. Azərbaycan öz gücünə ərazi bütövlüyünü təmin edən dövlətdir; 3. Azərbaycan regional və regionlararası miqyasda real birləşdirici rol oynayan dövlətdir.

Bu uğurlar siyasi və dövlət identikliyində varisliklə birbaşa bağlıdır. Bu, artıq bizim tezisimizdir və sübut edə bilərik. 

Məsələ onunla bağlıdır ki, Heydər Əliyev keçən əsrin 90-cı illərində yenidən hakimiyyətə gələndə müstəqil Azərbaycan Respublikasının, demək olar ki, dövlət identikliyi müyyən edilməmişdi. Nə cəmiyyət, nə də beynəlxalq aləm bu dövlətin əsas mahiyyətini müəyyən edən faktorları bilirdi. Çünki həmin dövrdə liderlər dövlətin identikliyinin daxili və xarici kriteriyalarını müəyyən edə bilməmişdilər. 

Belə alınır ki, müstəqil Azərbaycan Respublikasının dövlət kimi kimliyini, yəni identikliyini müəyyən etmək zərurət idi. Bunu Ulu öndər həyata keçirdi. Qısa müddətdə Heydər Əliyev cəmiyyəti dövlət anlamı ətrafında birləşdirdi. Onun başlıca identiklik faktoru kimi güclü dövlət anlayışını müəyyən etdi. 

Güclü dövlət həm də güclü toplum yaratmalı idi. Yəni Heydər Əliyev çox doğru olaraq (bizim mövqeyimizə görə), güclü dövlətdən güclü cəmiyyətə keçid kursunu seçdi. Məlumdur ki, tarixdə dövlətdən millətə və millətdən dövlətə keçid kimi iki nümunə vardır. Postsovet məkanı üçün daha perspektivli olanı dövlətdən millətə keçiddir. “Millət” dedikdə biz əsas olaraq cəmiyyəti, toplumu başa düşürük. 

Burada əsas arqument ondan ibarətdir ki, sovet dönəmində ona daxil olan respublikalarda cəmiyyət quruculuğu sırf birtərəfli ideoloji və abstrakt şərtlərə bağlı olduğundan, faktiki olaraq müstəqil toplumun formalaşması arxa plana atılmışdı. Sovet dönəminə qədər olan müddətdə də həmin cəmiyyətlər müasir şərtlərdə rəqabətədavamlı, dayanıqlı inkişaf edə biləcək birgəyaşam şərtlərini özlərində ehtiva etmirdilər. Ayrıca, Azərbaycanın şimal hissəsi üçün çox qısa bir müddətdə müstəqil dövlət mövcud ola bilmişdi. Bu isə cəmiyyət quruculuğu üçün vaxtın olmaması deməkdir. 

Belə alınır ki, istisnasız olaraq, postsovet məkanındakı olan müstəqil dövlətlər iki strateji yoldan birini seçməli idilər – ya Qərbin təklifi əsasında birbaşa cəmiyyəti liberallaşdırma xəttinə üstünlük verməli idilər, ya da öncə güclü dövlət quraraq və ona paralel əhatəli islahatlar apararaq vətəndaşın şüurunda qanunun aliliyi zərurətini möhkəmləndirməklə demokratik, liberal, güclü cəmiyyətə keçid etməli idilər. İkinci xətt həm də vətəndaş cəmiyyətinin formalaşdırılması demək idi. 

Günün reallıqları

İndi günün reallıqlarından bu iki strateji xəttin verdiyi nəticələrə baxaq. Liberalizm və demokratiya yolunu seçdiklərini bəyan edən postsovet ölkələri iki variantdan birinə çata bildilər. Birincisi, dövlətçilikdə geriləmə. İkincisi, nə müasir dövləti, nə də liberal mahiyyətli cəmiyyəti qurmağa nail olma.

Dövlətçilikdə geriləmə nümunələri kimi Ukrayna və Gürcüstanı göstərə bilərik. Ukrayna elə bir münaqişənin içərisindədir ki, dövlət kimi aqibətinin necə olacağı məlum deyildir. Hətta ukraynalı analitiklər Ukraynanı demokratik dövlət kimi deyil, neopatrimonalist (ənənə ilə müasir dövlətçiliyin yayğın qarışığı) kimi xarakterizə edirlər. Gürcüstanda isə Qərbin aktiv surətdə liberal və demokratik qələmə verdikləri siyasi hakimiyyəti cəmiyyət dəstəkləmədi. İndi Gürcüstan rəsmi olaraq fərqli kurs seçmişdir. Buna görə də bir vaxtlar havadarları olan Qərb “demokratları” tərəfindən cəzalandırılırlar. Maraqlıdır ki, rəsmi Tbilisi Azərbaycanda dövlət quruculuğu kursunu uğurlu sayır və onunla daha sıx əməkdaşlıq xətti seçib.  

Ermənistan dövlət identikliyi kontekstində nə güclü dövlətə, nə də demokratik cəmiyyətə uyğun gəlir. Erməni politoloqları və tarixçiləri sırasında Ermənistanı kvazidövlət və ya müstəqil olmaq planı baş tutmayan amorf dövlət kimi xarakterizə edənlər az deyillər. 

Son zamanlar daha aydın olur ki, Mərkəzi Asiya dövlətləri də Azərbaycan nümunəsinə üstünlük verirlər.

Bu reallıqların fonunda Azərbaycan Respublikasının müstəqil dövlət kimi hazırkı statusu birmənalı surətdə güclü dövlət kursunun uğurluluğunu göstərir. Azərbaycan nəinki daxili inkişafını davamlı aparır, həm də regional və regionlararası miqyasda digər dövlətlərin inkişafı və milli təhlükəsizlikləri üçün ciddi işlər görür. 

Azərbaycan humanitarlığı ilə artıq Qoşulmama Hərəkatı, TDT, İslam Konfransı Təşkilatı və MDB-də qəbul edilən dövlətdir. Bu cür dövlət identikliyi olan ikinci bir ölkə Avrasiya məkanında hələlik yoxdur!  

Dövlətçilik baxımından məsələnin başqa mühüm tərəfi də vardır. Güclü dövlət qurmaq üçün dəqiq surətdə onun əsas reallaşma mexanizmlərini, prinsiplərini müəyyən etmək lazımdır. 

Heydər Əliyev güclü Azərbaycan dövlətinin identikliyini həmin kontekstdə bir neçə prinsipin qarşılıqlı əlaqəsində reallaşdırdı. Onlar azərbaycançılıq, güclü isqtisadiyyat və multikulturalizmdir. Azərbaycançılıq mənəvi, mədəni, siyasi, ideoloji və dövləti aspektlərdə inkişaf kursunu, istiqamətini və strateji hədəflərini cəmiyyətin bütövlüyünü təmin etmək şərti ilə müəyyən edir. Güclü iqtisadiyyatın yaradılması fəaliyyət üçün münbit şərait, imkan və davamlılıq yaradır. 

Multikulturalizm isə sürətlə, gözlənilməz və riskli istənilən dəyişmələr şəraitində belə, toplumun dinamik bütövlüyünü təmin etməyə imkan yaradır. 

Etiraf edək ki, ulu öndər Heydər ­Əliyevin Avrasiya məkanında başladığı bu yeni dövlət identikliyi nümunəsini davam etdirmək çətin vəzifədir. Çünki nə geniş təcrübə mövcud idi, nə də həmin mərhələdə bu seçim. Hətta sözdə demokratlar və liberallar özlərinin mövqelərindən fərqli istənilən yanaşmaya köhnəlmiş və antimüasirlik prizmasında baxırdılar. Tarix sübut etməkdədir ki, onlar yanlış mövqedən baxırlar. 

Bunlar dövlət identikliyində varisliyi təmin etməyin yüksək dəcərədə və dərinlikdə fəlsəfi və politoloji məsələ olduğunu əyani göstərir. Bütün cəhdlərə və aktivliyə baxmayaraq, əgər həmin varislik xəttindən kənara çıxmalar olsaydı, əminik ki, bu səviyyədə qələbələr və nailiyyətlər olmayacaqdı. 

Azərbaycan Prezidenti, metaforik desək, qlobal geosiyasət “bıçağının sərt tiyəsi” üzərində hərəkət edərək məharətli fəaliyyəti ilə həm siyasi, dövləti ənənəni saxladı, onu inkişaf etdirdi, həm də XXI əsrin çağırışlarına adekvat cavab verən dövlət quruculuğunu cəmiyyət quruculuğu ilə uyğunlaşdırdı. Bununla yeni liderlik təcrübəsi inkişaf etdi və yeni tarixi mərhələdə güclü demokratik dövlət quruculuğu ilə güclü vətəndaş cəmiyyəti quruculuğunun vəhdətinin Azərbaycan nümunəsi formalaşmağa başladı. 

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Seçilən
31
xalqqazeti.az

1Mənbələr