AZ

Azərbaycan özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkədir

Dövlətimizin başçısı İlham Əliyev COP29-un Liderlər Sammitindəki çıxışında bu uğurumuzu əsaslı şəkildə diqqətə çatdırdı

«Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik.» Dövlət başçısı İlham Əliyev COP29-un Liderlər Sammitində onu da bildirdi ki, dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək. 

Bu gün qürurla qeyd etdiyimiz reallıqlardan biri budur ki, Azərbaycan işğal dövrünün Azərbaycanı deyil. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq. Bu, bizim milli ideyamızdır. Əvvəllər milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi. İndi artıq işğaldan azad olunmuş Azərbaycan yüksəlməkdədir. Bu əminlik də ifadə edilir ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq.

Bu uğurlara yol açan mühüm amillərdən biri Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətidir. Bütün dövrlər üçün aktual olan, böyük faciələrin, problemlərin yaranmasına səbəb olan dünya güclərinin ikili standartlara əsaslanan siyasəti dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında öz əksini tapır. Ölkə Prezidenti «Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi» söyləyərək bunun ardınca ən çox təəssüf doğuran halın bu olduğunu bildirir ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.

Bu gün dünyanı Azərbaycana toplayan COP29 Azərbaycanın keçdiyi inkişaf yolunun təqdimatında növbəti platforma oldu. Liderlər Sammitindəki çıxışlarda diqqət bu gün Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinə yönəldilərək ölkəmizə Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələrə görə təşəkkür edildi. Vurğulandı ki, Azərbaycan öz şəhərlərini yenidən bərpa edir. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanır. O da bildirildi ki, sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da sülhü yarada bilmərik.

Hər bir dövlətin beynəlxalq münasibətlər sistemində nüfuzunu şərtləndirən mühüm amillər mövcuddur. Qeyd etdiyimiz kimi, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. 120 ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatına 4 il ardıcıl olaraq yekdilliklə sədr seçilməsi, İslam Əməkdaşlıq Təşkilatında fəal təmsil olunması, eləcə də ötən il 200 ölkənin yekdil qərarı ilə COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuz və qüdrətinin göstəricisidir. Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirilən COP29 uzun illər ərzində qurulmuş səmərəli diplomatik münasibətlərin, Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etməsinin nəticəsidir. Azərbaycanın iqtisadi müstəqilliyi beynəlxalq münasibətlər sistemində yeri və rolunun daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Ölkəmiz təbii resurslarla zəngin ölkədir. Onlardan səmərəli istifadə etibarlı, arzuolunan tərəfdaş kimi tanınmasında və nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt, o cümlədən külək enerjisi üzrə 3000, günəş enerjisi üzrə 23000, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. 

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlara əsasən Dünya Bankı "Doing Business” hesabatında Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirir. Dövrün, zamanın tələblərinə uyğun olaraq islahatlar prosesinin dərinləşdirilməsi Azərbaycanın hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirir. Bu gün dünyanı Azərbaycana toplayan COP29-un iştirakçıları ölkəmizin dayanıqlı iqtisadi inkişafından heyrətlərini gizlətmirlər. Azərbaycan malik olduğu imkanları ilə diqqəti özünə çəkir. Hara baxsaq böyük tərəqqini görərik. Buna əsas verən kompleks tədbirlərin həyata keçirilməsi, Azərbaycanın təkmil inkişaf modelinin mövcudluğudur. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə hesablanmış mühüm addımlarındandır. Yeni əməkdaşlıq formatları yaradıldı, enerji layihələri gündəmə gətirildi, icrasının uğurla başa çatdırılması üçün ciddi addımlar atıldı. Bu reallıq beynəlxalq səviyyədə də xüsusi qeyd edilir ki, Azərbaycanın iqştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihlərinin hər biri uğurlu sonluqla başa çatdırılır. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsini yaşadığı 2020-ci ildə Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TAP istifadəyə verildi. Cənab İlham Əliyev koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin başlandığı ilk gündən bu çağırışı etdi ki, iqtisadi islahatlar dərinləşdirilməlidir. Heç bir sosial layihə təxirə salınmayacaq. Azərbaycan həmin illərdə iqtisadi artımı ilə diqqətdə oldu. İslahatlar prosesi daha da dərinləşdirildi. Özünüməşğulluq proqramı uğurla icra edildi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atıldı. Bütün bunlar ölkəmizin dayanıqlı iqtisadi inkişafınan göstəricisi kimi dəyərləndirildi.

Azərbaycanın dayanıqlı inkişafı Liderlər Sammitində də vurğulandığı kimi, hazırda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. 4 ildə 5 şəhərin, 4 kəndin sakinlərinə qovuşması, həmçinin ilin sonuna qədər Xankəndi və Kəlbəcər şəhərlərinə də qayıdışın nəzərdə tutulması iqtisadi imkanlarımızın təsdiqidir. «Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur» söyləyən cənab İlham Əliyev bu hədəfi qarşıya qoyub ki, 2026-cı ilədək, yəni Böyük Qayıdış Proqramının birinci mərhələsi başa çatana kimi 140 min sakin doğma yurd-yuvasına qayıtmalıdır.

Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlər vahid proqram əsasında aparılır. O da qeyd edilir ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan məcburi köçkünlərin sayı ilə məhdudlaşmır. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işlərinin miqyası bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Bu günədək işğaldan azad olunmuş ərazilərimizə 9 minə yaxın keçmiş məcburi köçkün köçürülüb. Qeyd olunan rəqəmləri ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb. Dövlət başçısı İlham Əliyev böyük qürur hissi ilə bildirir ki, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!

Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında dost ölkələrin böyük dəstəyi var. Türkiyədən olan şirkətlər bu prosesdə fəal iştirak edirlər. Azad edilmiş torpaqlarda türk dünyasının birliyini əyani şəkildə görürük. Bu, həm bizi sevindirir, həm də bütün türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir. Azad edilmiş torpaqlarda türkdilli ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən Füzuli rayonunda inşa edilib. Bir məktəbin təməlini isə bu il Qırğızıstan Prezidenti ilə cənab İlham Əliyev Ağdam rayonunda qoydular. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni, bütün bunlar bir daha birliyimizi göstərir.

Onu da qeyd edək ki, COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü zamanı Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasimi oldu. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, Bu fabrik birliyimizin daha bir rəmzidir. Mən qardaşım Şavkat Miromonoviçə minnətdarlığımı bildirirəm ki, bizim özbək dostlarımız qısa müddətdə Xankəndidə minlərlə insanın çalışacağı və təbii ki, mütləq əksəriyyəti qadınlardan ibarət gözəl müəssisənin yaradılmasına kömək göstərdilər. Bu, məşğulluqdur, bu, istehsaldır, bu, Qarabağın inkişafıdır. Özbək qardaşlarımız isə yenə burada birincidirlər. Füzulidə məktəb tikməkdə bizə ilk yardımçı oldular, işğaldan azad edilmiş ərazilərdə belə böyük bir müəssisə yaratmaqda bizə ilk köməyi göstərdilər. Qeyd edək ki, bu tikiş fabrikinin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Ərazisi 1,2 hektar olan fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal ediləcək. Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki iki ölkə arasında uğurlu əməkdaşlığın rəmzi olaraq ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ənənəvi dostluq, iqtisadi tərəfdaşlıq əlaqələrimizi möhkəmləndirir. 

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ölkə iqtisadiyyatının dayanıqlı inkişafının göstəricisidir. Dövlətimizin başçısının bu ərazilərə dəfələrlə səfərlərinə diqqət yetirdikdə yol tikintisinə xüsusi diqqət yetirildiyini, səfərdən sonra yeni yolların tikintisi ilə bağlı Sərəncam imzaladığını xüsusi qeyd etməliyik. Avtomobil yolu, dəmir yolu və hava limanının tikintisi prioritetdir. Ötən dörd ildə Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının inşasının 2025-ci ilin əvvəlində başa çatdırılmasının nəzərdə tutulması görülən işlərin sürəti, ən əsası ölkəmizin iqtisadi imkanları barədə aydın təsəvvür yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye parkları, aqroparklar yaradılır. Hazırda Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda “Dost Aqropark”ı yaradılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm və yaşıl enerji potensialının reallaşdırılması ilə bağlı mühüm işlər görülüb, Şuşa, Ağdam və Kəlbəcərdə turizm obyektlərinin təməli qoyulub. Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər.

Azərbaycan şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edir. 2022-ci ildə Ağdamda və 2023-cü ildə Zəngilanda şəhərində Azərbaycan Milli Şəhərsalma forumlarının keçirilməsi də bunun bariz nümunəsidir. Tədbir üçün məhz bu şəhərlərin seçilməsi təsadüfi deyildi. Dövlətimizin başçısı İlham Əliyev Milli Şəhərsalma forumlarında bu reallıqları bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı ki, biz sıfırdan yeni şəhər və kəndlər inşa edirik. Ona görə də burada müasir texnologiyalar tətbiq etməliyik ki, bununla da keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradaq. Onların bir hissəsi artıq qayıdıbdır.

Azərbaycana bu gün hansı sahədən diqqət yetirsək yeni texnologiyaların tətbiqi şəraitində davamlı uğurları görərik. Azərbaycan bu gün təkmil dirçəliş modeli, eyni zamanda, müasir şəhərsalma təcrübəsi ilə dünyanın diqqətindədir. Müxtəlif çağırış və qeyri-müəyyənliklər qarşısında iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyaların müzakirəsinə həsr edilən, fikir mübadiləsi və əməkdaşlıq üçün müxtəlif maraqlı tərəfləri, ekspertləri, siyasətçiləri və icmaları bir araya gətirən Forumlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin ev sahibliyi özündə bütün məqamları ehtiva edir. Azərbaycan yenilikçi ölkə kimi qazandığı mövqeyə daim yeni əlavələr edir.

Təhlillər Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisinin bütün dövrlərdə öz aktuallığını saxladığını təsdiqləməklə yanaşı, Azərbaycanın xarici siyasət uğurlarında əhəmiyyətli roluna işıq salır.

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
50
ikisahil.az

1Mənbələr