Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Cenoa” komandasında baş məşqçi Alberto Cilardino istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Cenoa”nın rəsmi saytına yer alan məlumatda veteran hücumçuya gələcək karyerasında uğurlar arzulanıb.
Genuya klubu artıq onun əvəzləyicisini də tapıb. Komandaya bundan sonra Patrik Vieyra başçılıq edəcək. Onun təyinatı ən qısa zamanda açıqlanacaq. Fransalı mütəxəssisin bu həftə təyinat alaraq işə başlayacağı bildirilir.
Patrik Vieyra daha öncə “Strasburq”, “Kristal Pelas”, “Nitsa”, “Nyu-York Siti” kollektivlərinə rəhbərlik edib. O, həm də “Mançester Siti”nin əvəzedici komandasını çalışdırıb.
Futbolçu ikən Vieyra “Kann”, “Milan”, “Arsenal”, “Yuventus”, “İnter” və “Mançester Siti”də oynayıb.
Xatırladaq ki, Alberto Cilardino 2022-ci ilin dekabr ayından “Cenoa”ya rəhbərlik edirdi. 42 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 79 oyunda meydana çıxarıb. Bu görüşlərdə genuyalılar 32 qələbə qazanıb, 23 heç-heçə edib, 24 məğlubiyyətə üzülüblər. Cilardinonun bu klubla 2026-cı ilin 30 iyununa kimi müqaviləsi vardı.
Cilardino daha öncə “Syena”, “Pro Verçelli” və “Ressato” kimi komandalarda da baş məşqçi kimi çalışıb.
“Cenoa” A Seriyasının cari mövsümündə 12 oyuna 2 qələbə qazanıb, 4 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. Komanda hazırda 10 xalla 17-ci pillədə qərarlaşıb.