AZ

Fernando Santos: “Bu oyun bizim üçün dərs olmalıdır”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernando Santos bu gün İsveç yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xatırladır ki, millimiz bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində İsveç yığmasının qonağı olub.

Solna şəhərindəki “Strouberri Arena”da baş tutan oyunda İsveç yığması 6:0 hesabıyla qalib gəlib. Millimizin baş məşqçisi Fernando Santos biabırçı məğlubiyyətə belə şərh verib:

“Matça yaxşı hazırlaşmışdıq. Rəqibin hücumda iki güclü futbolçusunun olduğunu bilirdik. Bu səbəbdən 3 mərkəz müdafiəçisi ilə çıxış etdik. Oyuna yaxşı başlamadıq, tez qol buraxdıq. Sonradan vəziyyəti dəyişə bilmədik. Biz də hücumda iki sürətli futbolçuya şans vermişdik.

İndiyə qədər olan oyunlarda doğru yolda olduğumuzu deyirdim. Amma bu günkü görüş barədə bunu deyə bilmərəm. Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm. Mən məsuliyyəti başqa şəxslərin üzərinə atan məşqçilərdən deyiləm. Böyük hesabla uduzmuşuqsa, məsuliyyət mənə aiddir.

Həm strategiya, həm də futbolçular mən tərəfdən seçilib. Buna görə bütün məsuliyyət mənim üzərimdədir. Bu görüş həm mənim, həm də komandam üçün dərs olmalıdır. Bundan nəticə çıxarmalı və öz üzərimizdə daha çox çalışmalıyıq. İnanıram ki, nəyisə dəyişmək olar. Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram. Komanda üçün hər zaman əlimdən gələni edirəm”.

Millimizin hücumçusu Mahir Emreli də matçdan sonra fikirlərini bölüşüb. O, jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Hələ də məğlubiyyətin şokunu yaşayırıq. Nə deyəcəyimi bilmirəm. Yanlış ifadə işlətməkdən də qorxuram. Əslində, komanda uduza bilər, lakin baxır necə. Nə oyun qura, nə də rəqibin hücumlarının qarşısını ala bildik. Məğlubiyyətə görə məsuliyyəti futbolçu olaraq üzərimə götürürəm”.

Seçilən
33
arena.az

1Mənbələr