AZ

Yeni hərbi xərclərin əsas hədəfi

Ermənistanın militarizasiya və silah yarışı siyasəti regional sülh və təhlükəsizliyə təhdiddir

Ermənistanın baş naziri Nikol Paşinyan zaman-zaman Azərbaycana qarşı təcavüz niyyətində olmadıqlarını bəyan etsə də, onun bu cür fikirləri və atdığı addımlar arasında dərin uçurumun mövcud olduğu məlumdur. Çünki sürətlə silahlanan, sülhə maneə yaradan dövlətin rəhbərinin, “gah nala, gah da mıxa vurmasının” arxasında başqa məqamlar dayanır. Bu ölkə hazırda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə silahlanmaya üstünlük verir. Bu, Ermənistan üçün çox təhlükəli tendensiyadır. İşğalçı ölkəni Azərbaycana qarşı növbəti müharibəyə hazırlayan ABŞ və Fransa Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında maraqlı deyil. Əksinə, bu münaqişəni yenidən alovlandırmağa çalışırlar. ABŞ-ın Ermənistanın fərari ordusu ilə hərbi təlimlər keçirməsi, Avropa İttifaqının bu ölkəyə 10 milyon avro vəsait ayırması, Fransa, Hindistan və İrandan tədarük edilən silahlar məğlub erməni cəmiyyətində müəyyən ümidlər oyadır ki, bu da özlüyündə çox təhlükəlidir. Bir neçə ay öncə Hindistan Müdafiə Nazirliyi bu ölkədən ən çox silah sifariş edən dövlətin adını açıqlayıb. Qeyd olunur ki, Ermənistan 2024-2025-ci illər üçün 600 milyon dollar dəyərində silah sifariş edərək Hindistanın bir nömrəli silah idxalçısına çevrilib. Göstərilən rəqəmdən də aydın olur ki, rəsmi Dehli açıq-aşkar regionda təhlükəsizliyə təhdid yaradır. Qoşulmama Hərəkatında Azərbaycanla əməkdaşlıq edən bir ölkənin bu cür təhlükəli işlərə imza atması heç də ürəkaçan deyil.

Qeyd edək ki, Ermənistanın hərbi xərcləri 2025-ci ildə ÜDM-in 6 faizini təşkil edəcək ki, bu da cari illə müqayisədə 0,7 faiz çoxdur. Ermənistan Maliyyə Nazirliyinin rəhbəri Vahe Hovhannisyan parlament komissiyalarında büdcə dinləmələri zamanı deyib ki, ümumilikdə müdafiəyə 1,7 milyard dollardan çox vəsait xərclənəcək ki, bu da hazırkı rəqəmlərdən 20 faiz çoxdur. Nazir onu da bildirib ki, əsaslı xərclərin 55,8 faizi müdafiə sənayesinin payına düşəcək. Yeri gəlmişkən, gələn il ümumi əsaslı məsrəflər ÜDM-in 6,6 faizini təşkil edəcək ki, bu da cari ilin göstəricisindən 0,6 faiz çoxdur. Mütləq rəqəmlərlə onlar 733,2 milyard dram (təqribən 1 milyard 889 milyon dollar) təşkil edəcək. Hovhannisyan müdafiə xərclərini dövlət büdcəsinin ən mühüm hissəsi adlandırıb. Onun sözlərinə görə, bu xərclər ölkənin bütün potensialını cəmləşdirir və bu, təhlükəsizliyin möhkəmləndirilməsinə yönəldiləcək.

Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan tərəfindən cavab tədbirləri çərçivəsində 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri artırılır. Dövlət büdcəsinin layihəsində növbəti il üçün müdafiə və təhlükəsizlik xərclərinin ümumilikdə 8 milyard 396 milyon manat olacağı göstərilib. Qeyd edək ki, ilkin olaraq adıçəkilən xərclər 6 milyard 658 milyon manat həcmində nəzərdə tutulmuşdu. Lakin Ermənistanda silahlanmanın miqyasını nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Bu xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcək. 2025-ci ilin xərclərin strukturuna müdafiə qüvvələri üçün 2 milyard 665, 2 milyon, milli təhlükəsizlik üçün 467 milyon 917 min, sərhəd xidməti üçün 540 milyon 314 min manat daxildir. Həmçinin müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 4 milyard 717,4 manat nəzərdə tutulub.

Fransa başda olmaqla bəzi ölkələrin hazırda Ermənistana verdiyi “dəstək”, eləcə də bu ölkələrin məlum anti-Azərbaycan fəaliyyətləri regionda sülh və təhlükəsizliyə ciddi zərbə vurur. Yekun sülh müqaviləsinin imzalanmasının gecikməsi, ölkəmizə qarşı səsləndirdiyi absurd iddialar Ermənistanın öz əleyhinə işləyir, onu müəyyən xarici güclərin əlində vasitəyə çevirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan əldə etdiyi tarixi Zəfərdən sonra qətiyyən arxayınlaşmayıb, əksinə milli müdafiə və təhlükəsizlik məsələlərinə diqqətin artırılmasını zəruri sayıb. Ordumuzun lokal antiterror tədbirlərindən sonra Ermənistanın bir sıra hərbi təxribatlarının qarşısını alması bir daha təsdiq edib ki, Azərbaycanı hərbi güclə təhdid etmək qeyri-mümkündür. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, verdiyi ismarıclar deməyə əsas verir ki, “Qarabağ münaqişəsi” mövzusunu birdəfəlik qapadan Azərbaycan Ermənistan üzərində diplomatik-siyasi və hərbi üstünlüyünü gücləndirməkdə davam edəcək. Danışıqların milli maraqlarımız çərçivəsində aparılması, revanşizm meyillərinin tam şəkildə aradan qaldırılması üçün hərbi təzyiq üsullarından istifadə heç zaman aktuallığını itirmir.

Silahlı Qüvvələrimizin yeni parametrlər üzrə formalaşdırılması, komando tipli hərbi hissələrin yaradılması peşəkar ordu quruculuğu məsələlərinin hər zaman aktual olduğunu göstərir. Müdafiə Nazirliyinin dəniz piyadalarının, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlı qüvvələrinin sayının dəfələrlə artırılması ölkəmiz üçün etibarlı təhlükəsizlik çətirinin formalaşdırılması zərurəti ilə şərtlənir.

Müdafiə Nazirliyinin bir sıra ölkələrlə müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı addımlar, ilk növbədə, regional və qlobal çağırışlarla şərtlənir. Dünyada güclü orduya və  müdafiə sənayesi məhsulları istehsalı potensialına malik İsraillə hərbi əməkdaşlığın genişləndirilməsi bu baxımdan xüsusi vurğulana bilər. Pilotsuz uçuş aparatlarının, yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi təmin edilir. Bütün bunlar deməyə əsas verir ki, Ermənistanın müəyyən ölkələrdən silah və hərbi-sursat əldə etməklə regiondakı qüvvələr nisbətini dəyişmək cəhdləri indiyə qədər olduğu kimi, bundan sonra da iflasa məhkumdur.

Sevinc Azadi, “İki sahil”

Seçilən
63
ikisahil.az

1Mənbələr