AZ

Özəlləşdirmənin yeni mərhələsi başlayır

Dövlət hansı müəssisələri “əlində saxlayacaq”?

Azərbaycanda dövlət əmlakının idarəedilməsi və özəlləşdirilməsi haqqında yeni qanun layihəsi hazırlanıb. Bu məlumatı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində iclasında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli açıqlayıb.

Nazir müavini qeyd edib ki, “Dövlət əmlakının idarəedilməsi və özəlləşdirilməsi haqqında” yeni qanun layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib.

O əlavə edib ki, dövlətə məxsus 47 müəssisədən 21 müəssisə və obyekt artıq özəlləşdirilib: “Qalan müəssisə və obyektlərin özəlləşdirilməsi, investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir”.

Qeyd edək ki, Azərbaycanda kiçik və orta müəssisələrin özəlləşdirilməsi çoxdan başa çatıb. İri müəssisələrin özəlləşdirilməsi məsələsi isə dəfələrlə gündəmə gətirilsə də, real nəticə olmadan arxa plana keçirilib. Sonuncu dəfə neft qiymətlərinin kəskin düşdüyü, ölkənin valyuta gəlirlərinin azaldığı 2015-2016-cı illərdə Azərbaycanda dövlətin əlində olan iri müəssisələrin özəlləşdirilməsi məsələsi gündəmə gətirilib.

2016-cı ildə Azərbaycanda özəlləşdirmənin yeni - 3-cü mərhələsinin başlandığı elan olundu. Həmin ilin iyulunda “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Prezident fərmanı imzalandı. Fərmanda özəlləşdirmə prosesində səmərəliliyin və şəffaflığın təmin edilməsi, korporativ idarəetmənin tətbiqi, müəssisələrin restrukturizasiyası və modernləşdirilməsi, müvafiq özəlləşdirmə prosedurlarının elektron üsullarla gerçəkləşdirilməsi barədə hökumətə tapşırıqlar verilib. Bütün bu islahatların qeyri-neft sektorunun inkişafına dəstək, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata yerli və xarici sərmayələrin cəlb olunması məqsədi daşıdığı diqqətə çatdırılıb.

Fərmana əsasən ilk növbədə regionlarda rəqabət qabiliyyətli potensialı olan fəaliyyəti dayanan müəssisələrin özəlləşdirilməsinə üstünlük veriləcək, nəticədə regionlarda sahibkarlığın inkişafı və iqtisadi aktivliyin təmin edilməsinə nail olunacaqdı. Bundan əlavə, gələcəkdə özəlləşdirməyə çıxarılacaq müəssisələrin müasir bazar konyukturuna uyğun olaraq qiymətləndirilməsinin həyata keçirilməsi, müəssisələrdə modern yanaşmalar əsasında restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin görülməsi, habelə yeni korporativ idarəetmə alqoritmləri tətbiq edilməklə belə müəssisələrdə prioritet təşkil edən özəlləşdirmə amillərinin gücləndirilməsinin təmin edilməsi nəzərdə tutulurdu. 

Bu mərhələdə 300-dən çox dövlət müəssisəsinin özəlləşdirməyə açılacağı bildirilirdi. Onlar arasında Azərbaycan Beynəlxalq Bankı (ABB), AZAL da vardı. Manatın kəskin devalvasiyaya uğraması dövlətin idarəçiliyində olan ABB-də kəskin problemləri üzə çıxardı. Nəticədə Azərbaycan dövləti bankı xilas etmək üçün 10 milyard dollardan yuxarı vəsait xərcləyəsi oldu. Həmin vaxtlarda özəlləşməyə hazırlanacaq dövlət müəssisələri siyahısına daxil edilən ABB bir neçə ildən sonra oradan çıxarıldı.

Ötən ilin oktyabrında iqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən açıqlanan məlumata əsasən 2003-cü ildən sonrakı dövrdə özəlləşdirmə prosesi çərçivəsində 23 mindən artıq kiçik müəssisə və obyekt özəl mülkiyyətə keçib: “Orta və iri dövlət müəssisələrinin bazasında yaradılmış 1600-ə yaxın açıq səhmdar cəmiyyətindən 1100-ə yaxını məhz həmin dövr ərzində özəlləşdirilib. Təkcə investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 900 milyon ABŞ dollarına yaxın investisiya yatırılıb, rəqabətqabiliyyətli və ixracyönümlü, həmçinin idxalı əvəzləyən bir sıra məhsulların istehsalı üçün imkan yaradılıb. Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində bu dövrdə 300 mindən artıq iş yeri açılıb, 220 mindən çox şəxs səhm sahibi olub. ÜDM-də özəl sektorun payının çoxalmasında dövlət əmlakının özəlləşdirilməsinin mühüm rolu var”.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 43 hərrac keçirilib. Hərraclarda 6 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 525 nəqliyyat vasitəsi satılıb. Nəticədə cari ilin 10 ayında özəlləşdirmədən dövlət büdcəsinə 108,2 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artım deməkdir.

2024-cü ilin 10 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 31,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub, bu isə illik ifadədə 16,3 faiz artımdır. Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmalarda müəyyən artımlar olsa da, Hesablama Palatası bu sahədə potensialın daha çox olduğu qənaətindədir. Palatanın 2023-cü il dövlət büdcəsinin icrasına verdiyi rəydə qeyd edilir ki, 2024-cü il 1 yanvar tarixinə Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında balans üzrə əsas vəsaitlərinin dəyəri 183,0 milyon manat təşkil edən dövlət müəssisə və obyektləri, nizamnamə kapitalı ümumilikdə 143,3 milyon manat təşkil edən 82 səhmdar cəmiyyətin 118,5 milyon manat həcmində səhmi, dövlət müəssisələrinin iştirakı ilə yaradılmış 26 birgə müəssisənin nizamnamə kapitalında 8,9 milyon manat həcmində dövlətə məxsus paylar, balans üzrə əsas vəsaitlərinin dəyəri 372,5 milyon manat təşkil edən Azərbaycan Respublikasının xaricdə 66 dövlət mülkiyyəti mövcuddur ki, bunlardan 82 səhmdar cəmiyyətinin nizamnamə kapitalındakı 118,5 milyon manat həcmində səhmlərinin və 15 birgə müəssisənin nizamnamə kapitalındakı 1,4 milyon manat həcmində payların özəlləşdirilməsinə məhdudiyyətlər qoyulmayıb. Özəlləşdirilmə prosesində yaradılmış və səhmləri bütövlükdə yaxud qismən dövlətə məxsus olan səhmdar cəmiyyətlər tərəfindən 2023-cü il ərzində ödənilən dividendlər cəmi 149,0 min manat təşkil edib: “Qeyd etmək istərdik ki, hesabat ilində Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olan dövlət müəssisə və obyektlərinin balans dəyərinin və özəlləşdirilməsinə məhdudiyyətlər qoyulmamış səhmlərin həcmində artımın olması, həmçinin özəlləşdirilmədən daxilolmalar üzrə hesabat dövrlərinin sonuna hesablanmış, lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıq vəsaitin həcminin çox olması növbəti illərdə bu mənbə üzrə daha çox vəsaitin daxil olma potensialının olduğunu bildiririk.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planında Yeni özəlləşdirmə strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət istiqaməti müəyyən edilmiş və fəaliyyət istiqamətinə daxil olan tədbirlər və layihələr üçün icra müddəti müəyyən edilib. 2023-cü ildə Dövlət əmlakının özəlləşdirilməsinə və idarəetməyə verilməsinə dair yeni qanun layihəsinin qəbul edilməsi müəyyən edilsə də hesabat ilində bu sahədə müvafiq qanun qəbul edilməyib".

Qeyd edək ki, özəlləşdirmənin yeni mərhələsindən əsas gözləntilər iri dövlət müəssisələrinin özəlləşdiriləcəyi yönündədir. Bir çox postsovet ölkələrində bu sahədə Azərbaycandan daha yüksək nəticələr əldə olunub. Məsələn, Qazaxıstan və Özbəkistan son illərdə özəlləşdirmə yolu ilə bir sıra mühüm sahələrdə dövlətin iştirakını minimuma endiriblər. Bura enerji istehsalından tutmuş hava limanlarına qədər çoxsaylı sahələr daxildir. Azərbaycanda da analoji addımlar atıla bilərmi? Buna ehtiyac varmı?

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, yeni qanunda əvvəlki özəlləşmə prosesində qeydə alınan təcrübə mütləq nəzərə alınmalıdır: “Əvvəlki özəlləşdirmə zamanı bir çox müəssisələrin təyinatı dəyişdirildi, yaxud onlar uzun müddət istifadəsiz qaldılar. Bu baxımdan, əgər dövlət müəssisələrinin özəlləşdirilməsinin yeni mərhələsi başlanacaqsa, bu zaman investisiya əsaslı özəlləşdirməyə üstünlük verilməsi vacibdir. Düşünürəm ki, Azərbaycanda özəlləşdirilməsi mümkün və zəruri olan çoxlu dayda dövlət müəssisəsi var. Azərbaycanda iqtisadiyyatda dövlətin payı, iştirakı izafi dərəcədə çoxdur ki, bu da doğru yanaşmadır. Dövlət öz əlində yalnız tənzimlənməni saxlamalı, biznesə iqtisadiyyatda öz təyinatına uyğun iştirak imkanı yaratmalıdır. Çox təəssüflər olsun ki, bizdə nəqliyyatdan tutmuş rabitəyə qədər çox sahələrdə dövlətin iştirakı üstünlük təşkil edir. Bu, uzun illərdir ölkə iqtisadiyyatında məhsuldarlığın artmasının qarşısını alan başlıca faktordur. Əksər sahələrdə böyük paya malik, yaxud bütöv bir sahənin tək inhisarçısı olan iri dövlət şirkətlərinin idarəetməsindəki qeyri-səmərəlilik, bir çox hallarda korrupsiyanın geniş yayılması nəticəsində bu şirkətlərin fəaliyyəti dövlətin boynunda ağır yükə çevrilib. Bu baxımdan, özəlləşdirilməli dövlət qurumları çoxdur, onların özəlləşdirilməsi dövlətin maliyyə yükünün azaldılması, həmin sahələrdə inkişafa nail olunması baxımından zəruridir”.

Ekspertin fikrincə, xüsusilə kommunal xidmətlər, nəqliyyat, maliyyə və sığorta sahələrində dövlətin iştirakı dayandırılmalıdır: “Kommunal xidmətlərin satış seqmenti, dövlətə məxsus banklar, sığorta şirkətləri, nəqliyyat şirkətləri ilk növbədə özəlləşməyə çıxarılmalıdır. 2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqi yaradılan zaman idarəetmədə səmərəliliyinin artırılmasımdan sonra belə müəssisələrin özəlləşdirməyə açılacağı gözlənilirdi. Lakin ötən müddət ərzində idarəetmədə ciddi bir səmərəliliyə nail olunmadığı aydın oldu. Bu yaxınlarda yeni bir qurum - AZCON yaradılıb. Güman etmək olar ki, yeni qurum tabeliyinə verilən müəssisələrdə sağlam idarəetməni təmin etməyə müvəffəq olacaq. Bundan əlavə, Azərbaycanda bir neçə hava limanı var ki, demək olar ki, boş dayanır. Onların özəl idarəçiliyə verilməsi yolu ilə fəaliyyətinin canlandırılması bölgələrin inkişafında mühüm rol oynaya bilər”.

İqtisadçı Eldəniz Əmirov da hesab edir ki, dövlətin iqtisadiyyatdakı iştirakı xeyli dərəcədə azaldılmalıdır: “Yeni qanun layihəsinin hazırlanması Azərbaycanda iqtisadi islahatların daha da genişləndirilməsi, o cümlədən dövlət mülkiyyətində olan müəsissələrin daha effektiv idarə edilməsi məqsədi daşıyır. Müşahidələr göstərir ki, Azərbaycanda iqtisadiyyatda dövlətin iştirakçılığı ildən-ilə artır. Dövlətin yükünün azaldılması üçün bu iştirakçılığın azaldılmasına ehtiyac var. Konkret hansı müəssisələrin özəlləşməyə açılacağını indidən söyləmək çox çətindir. Çünki burada subyektivlik mühüm rol oynayacaq. Lakin hesab edirəm ki, nəqliyyat, enerji, rabitə sektorlarındakı müəssisələr ilk olaraq özəlləşdirilməli müəssisələr sırasındadır. Bu sahədə hansı qərarların verilməsi ciddi müzakirə, yeri gəlsə, mübahisə mövzusu olacaq bir məsələdir”.

İqtisadçıya görə, hansı müəssisələrin özəlləşdirilməsindən daha çox necə özəlləşdirilməsi xüsusi diqqət tələb edir: “Yəni özəlləşdirmənin şəffaf həyata keçirilməsi, bütün maraqlı tərəflərə bərabər imkanlar yaradılması özəlləşdirmənin effektivliyini ilkin mərhələdən müəyyən edən əsas amillərdir. Bundan əlavə, əmək tutumlu müəssisələr özəlləşdirilən zaman qısa müddət sonra restrukturizasiya adı ilə işçilərin ixtisarının qarşısının alınması, müəssisələrin profilinin dəyişdirilməsinə yol verilməməsi kimi məsələlərə xüsusi diqqət yetirilməlidir. Bir çox sahələrdə qismən özəlləşdirmə ilə həm dövlətin yükünü azaltmağa, həm uzun illərdir mövcud olan səmərəsizliyi aradan qaldırmağa, həm də ölkəyə irihəcmli xarici investisiyaları cəlb etməyə nail olmaq mümkündür”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Seçilən
38
1
musavat.com

2Mənbələr