AZ

Araq bazarına nəzarətin ciddi təhlükəsi

Ekspertlər hesab edir ki, yeni qaydalar qeyri-leqal şəraitdə istehsal olunan məhsulların sıradan çıxmasına imkan yaradacaq

Milli Məclis “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna alkoqollu içkilərin minimum pərakəndə satış qiymətlərini nəzərdə tutan dəyişiklik layihəsini müzakirə edir. Bu sənədə əsasən, spirtli içkilərin müəyyən edilmiş minimumdan aşağı qiymətə pərakəndə satışı qadağan olunacaq.

Ekspertlərə görə, bu qiymət minimumlarının dövlət tərəfindən tənzimlənməsinin səbəbi əhalinin keyfiyyətli məhsullarla təmin edilməsidir, amma bunun digər fasadları da ola bilər. Çünki qiymət bir çox hallarda heç də keyfiyyət göstəricisi deyil. Bu qərar alkoqolu kustar üsulla istehsal edənlərin daha da varlanmasına, onların biznesinin “çiçəklənməsinə”  gətirə çıxara bilər.

  Ayna.az mövzu ilə bağlı yazır ki, apteklərdə yüz qramlıq spirt (96 dərəcə) 0,60-0,80 qəpik, litri 3,5-4 manata satılır. 100 qram spirti su ilə qatmaqla 200 qram araq alırsınız - mağazada eyni həcmdə araq 3-4 manatdır. Odur ki, spirtli içkilərdən sui-istifadə edən vətəndaşlar və vicdansız iaşə sahibləri artıq nisbətən ucuz araq satılan pərakəndə satış məntəqələrindən aptek şəbəkələrinə keçiblər. Vəziyyət hətta fərdi aptekləri öz təşəbbüsləri ilə alkoqol satışını məhdudlaşdırmağa məcbur etdi - əczaçılıq spirti, satıcıların dediyinə görə, dərin emaldan keçmir və sağlamlığa ciddi təhlükə yaradır. Qiymətlər artdıqca bu təhlükəli tendensiya güclənə bilərmi?

Vüqar

Vüqar Bayramov

İqtisadçı millət vəkili Vüqar Bayramov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, yeni qaydaların tətbiqində məqsəd alkoqollu içkilər bazarında qeyri-legal olaraq bazara çıxarılan və insan sağlamlığı üçün ziyanlı olan məsulların satışının qadağan olunmasında nail olmaqdan ibarətdir: “Aparılan monitorinqlər göstərir ki, bu gün spirtli içkilər bazarında, xüsusən də insan sağlamlığı üçün ziyanlı olan və eyni zamanda qeyri-leqal olaraq istehsal olunub bazara çıxarılan məsulların payı az deyil. Bir sıra hallarda bəzi alkoqollu içkilərin qiyməti onların aksiz vergisindən belə aşağı olur. Əvvəla, yeni qaydalar spirtli içkilər arasında yalnız araq məsullarına tətbiq olunacaq, digər spirtli içkilərə tətbiq olunacağı gözlənilmir. Qiymətlərə təsirinə gəldikdə isə Nazirlər Kabineti tərəfindən qanunvericiliyə  edilən dəyişikliklərdən sonra qaydalar hazırlanacaq. Həmin qaydalara uyğun olaraq, qiymətlərin necə dəyişəcəyini artıq o zaman söyləmək mümkün olacaq. Əslində praktik olaraq, əgər məhsul istehsalı leqaldırsa, bütün vergilər ödənilirsə, bütün xərclər nəzərə alınırsa, yeni qaydalar həmin məhsullara təsir göstərməməlidir. Çünki qaydalarda məqsəd bazara bir leqal çıxarılan və qiyməti kifayət qədər aşağı olan, hətta aksiz vergisindən az olan araqların satışının qarşısını almaq və bazarda leqal istehsal olunan, zavodlar tərəfindən istehsal olunan məsulların satışına nail olmaqdır. Ona görə hətta bu qaydalara qədər bazara çıxarılan və xərcləri tam olaraq hesablanan, aksiz vergiləri daxil olmaqla bütün vergiləri ödənən məhsulların qiymətlərinə yeni qaydalar təsir göstərəcək. Amma konkret olaraq, qiymətlərin necə dəyişəcəyi məhz bu sahədə qaydalar hazırlandıqdan və tətbiq olunduqdan sonra bəlli olacaq”.

ELDENİZ

 Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Alkoqollu   içkilərin satışının tənzimlənməsi üçün bir sıra iqtisadi və inzibati metodlar vardır. Hesab edirəm ki, bu, tənzimlənməyə ehtiyacı olan istiqamətlərdən biridir. Çünki söhbət yalnız rəqabət mühitinin pozulmasından getmir. Keyfiyyətli məhsul istehsal edənlərin məhsulunun maya dəyəri yuxarı olur, satış qiyməti yuxarı olur. Lakin  keyfiyyətsiz və qeyri-qanuni məhsul istehsal edənlər bu məhsulu daha ucuz qiymətlə istehsal etdikləri üçün maya dəyəri və satış qiyməti aşağı olur. Bu ikinci növbədə rəqabət mühitini pozur. Doğru-dürüst işləyən sahibkarların rəqabətdə uduzmasına gətirib çıxarır. Amma birinci məsələ, insan sağlamlığı ilə bağlıdır. Kifayət qədər zərərli və orqanizm üçün uyğun olmayan istehsal məhsulları mövcuddur. Onlar ucuz məhsul başa gətirməklə daha çox alıcı toplaya bilirlər və daha çox insan ucuz məhsullardan istifadə edir. O fikirlə heç razı deyiləm ki, qiymət limitinin tətbiq edilməsi əksinə keyfiyyətsiz məhsulların qiymətinin qalxmasına səbəb olacaq. Bu belə deyil. Eyni qiymətə satılan iki məhsul arasında istehlakçılar seçim etməyi bacarırlar. Yəni "a" məhsulu yüksək keyfiyyət göstəriciləri ilə istehsal olunub, istehlakçıya təqdim olunursa və “b” məhsulu keyfiyyətsiz göstəricilərlə istehsal olunub müştəriyə təqdim olunursa, onlar arasında qiymət eyni olarsa da, istehlakçı daha keyfiyyətli olanı seçəcək. Təbii, ilk dəfə aldana bilərlər. Amma nəzərə alaq ki, alkoqollu içkilərdən istifadə edən insanların 99%-i ilk dəfə istifadə edənlər deyil. Buna görə də onlar hansı məhsulun daha yaxşı olduğunu bilirlər. Yəni eyni səviyyədə qiymətlər arasında keyfiyyətlisini seçmək iqtidarındadırlar. Buna görə də bu tip tənzimləmə sexlərdə, zirzəmilərdə, şəhər kənarlarında qeyri-qanuni şəraitdə istehsal olunan məhsulların sıradan çıxmasına imkan yaradacaq. Buna görə də birmənalı olaraq bu yanaşmanı, bu qanun layihəsini dəstəkləyirəm".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Seçilən
28
musavat.com

1Mənbələr