AZ

9 ayın SOS yekunu: evlənənlər azalır, boşananlar çoxalır

Ekspert: “Şou-biznes və digər məşhurlar boşanmanı təbliğ edirlər”

2024-cü ilin yanvar-sentyabr ayları ərzində qeydə alınan nikah və boşanmaların sayı məlum olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36 min 651 nikah və 15 min 964 boşanma halı qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Televiziyalarda

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sosioloq Üzeyir Şəfiyev deyir ki, nikahların azalması ilə ölkədə gənclərin saldosunun aşağı düşməsi arasında əlaqə var. Onun sözlərinə görə, 10 il əvvəllə müqayisədə gənclərin saldosu çox aşağı düşüb:  “10 il əvvəl Azərbaycanda gənclər ölkə əhalisinin 29-30 faizini təşkil edirdisə, bu gün bu rəqəm 21 faizə düşüb. Deməli, gənclərin sayının azalması birbaşa nikahlara da təsir edir. Həmçinin təhsil almaq, həm də karyera qurmaq üçün xaricə gedən gənclərin sayında artım müşahidə olunur. Bunun da nikahların sayının azalmasında öz payı var. Eyni zamanda həm də ölkə daxilində, həm də qlobal miqyasda gənclərin eqoist həyat tərzinə meyillənməsini müşahidə edirik. Onlar ailə qayğısını çəkmək istəmirlər. Bənzər tendensiyalar Asiya ölkələrində də yaşanır. Məsələn, Yaponiyada, Çində gənclər daha çox virtual həyata bağlıdırlar, onlar real həyata o qədər də maraqlı deyillər. Hətta həmin ölkələrdə subaylıq sindromu yayılıb. Bu, Azərbaycanda da yaşana bilər. Çünki biz qlobal dünyanın bir parçasıyıq. Statistika göstərir ki, ölkədə işsizlərin sayı 5,6 faizdir. Lakin onların içərisində gənclərin saldosu 11 faizdən çoxdur. Deməli, gənclər arasında işsizlik, məşğulluq məsələləri də nikahların azalmasına təsirini göstərir. Buraya mənzil-məişət şəraitini də əlavə etməliyik. Məsələn, Türkiyədə dövlət başçısı demoqrafik artımı təşviq etmək üçün gənclər fondu yaratdı. Həmin fond gənc ailələrə faizsiz kreditlər verir və 4 ildən sonra onlar krediti güzəştli şərtlərlə hissə-hissə ödəməyə başlayırlar. Yaxşı olardı ki, analoji layihə Azərbaycanda da tətbiq olunsun. Bu, nikah müqavilələrinə marağı artıra bilər”. 

Ekspert deyir ki, şou-biznes və digər məşhurlar boşanmanı təbliğ edirlər: “Azərbaycanda bilirsinizmi ki, boşanan insanların partiləri təşkil olunur və oraya dəvətnamələr göndərirlər. Orada müğənnilər də təmsil olunur. Bunun təcili qarşısı alınmalıdır”.

Üzeyir Şəfiyevə görə, əvvəlki illərdən fərqli olaraq gənclər 30 yaşdan sonra evlənməyə üstünlük verirlər. Onlar bu müddət ərzində təhsil almaq, karyera qurmaq və sosial şərait qurmağa çalışırlar: “İndi qızlar arasında nikah qurma yaşı 24-25-ə, oğlanlar arasında isə 30-35-ə qalxıb. Bu isə nikahların enmə dinamikasına təsir göstərir. Boşanmaların çoxluğu da gəncləri qorxudur və bu psixoloji baryerdən keçməkdə çətinlik çəkirlər. Burada qlobal dünyanın da öz təsiri var. Xarici ölkələrdə ailə qurmaq elə də çox sosial sifariş deyil. Azərbaycan gəncinə onların həyatı daha inkişaf etmiş kimi görünür. Halbuki Azərbaycanda ənənəvi cəmiyyət rejimi hökm edirdi. Bu cəmiyyətdə gənclər sosial-ictimai qınaqla ailə qurmağa məcbur edilirdi. İndi isə gənclər o stereotipləri əridiblər və həyatları ilə bağlı müstəqil qərar verirlər. Valideyn əvvəlki kimi övladına basqı göstərə bilmir. Belə məqamda dövlət işə qarışmalı, gənclərin ailə qurmasında maraqlı olmalıdır. Bunun üçün gəlir dayanıqlılığı yaratmalıdır. Sosial dəstək gücləndirilməlidir. Çünki fərdi artım Azərbaycanda ləngiyir.  2023-cü ilin statistikasına görə, 2022-ci ilə nisbətən təbii artım aşağı düşüb. Bu o deməkdir ki, yaxın gələcəkdə əmək bazarında işçi qüvvəsi çatışmayacaq. Təbii artımı mexaniki artım əvəz edəcək. Ölkəmizə miqrantların axını güclənəcək. Eyni zamanda hərbi səfərlikdə orta perspektivdə problemlər yaşaya bilərik. Bütün bunlar yaşanmasın deyə, Azərbaycanda uşaq pulu bərpa olunmalıdır. Ünvanlı sosial yardım bunu əvəz edə bilməz.  Azərbaycanda təxminən 2 milyon 600 minə yaxın uşaq var. Bu uşaqların 160 mini ünvanlı sosial yardımdan yararlana bilir”.

Elə

Sahib Məmmədov

Hüquq müdafiəçisi Sahib Məmmədov bildirir ki, Azərbaycanda ən böyük təhlükə selektiv abortlarla bağlıdır. Onun sözlərinə görə,  doğuşun azalması əhalinin yaş və cins tərkibinin dəyişməsinə ciddi təsir göstərir: “Azərbaycanda hazırda oğlanların bioloji doğuşu qızlardan yüksəkdir. Nikahların pozulması da doğumların azalmasına birbaşa təsir göstərir. 2040-a qədər Azərbaycanda demoqrafik böhran gözlənilmir. Ondan sonra Azərbaycanda əhalinin yaş-cins tərkibinin dəyişməsi baş verə bilər. Bu da uzunmüddətli plan üçün təhlükədir”.

S.Məmmədov deyir ki, Azərbaycanda süni boşanmalar da geniş yayılıb: "Bəzi ailələr ünvanlı sosial yardım almaq üçün rəsmi qaydada boşanıb, amma bir yerdə yaşayırlar. Hətta sayğac limitinə görə də süni şəkildə boşanırlar. Ər və arvad ailə təsərrüfatını ayırır ki, 1200 kub limitini keçməsinlər. Bu da statistikanın artmasına səbəb olur". 

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Seçilən
27
musavat.com

1Mənbələr