AZ

Axtarışda olan eks-mühasib Rusiyada tutuldu, məhkəmə əvvəl bəraət verdi, sonra yenidən həbs edildi - QƏRAR

Ali Məhkəmədə dələduzluqda, vergi ödəməkdən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Ramin İbrahimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

 

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, zərərçəkmiş hüquqi şəxs - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib. Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı hökm kassasiya şikayətinə münasibətdə ləğv olunub və cinayət işi yeni apellyasiya baxışına təyin edilib.

 

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilib. Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxslər - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Quliyev Fərmayıl Aslan oğlu, Pənahov Asəf Abbas oğlu, Məmmədov Səttar Heydər oğlu və Əskərov Beytulla Cahangir oğlu apellyasiya şikayətləri veriblar. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, Ramin İbrahimov 5 il 3 ay 28 gün müddətinə azadlıqdan məhrumcedilib.

 

Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən mülki iddia təmin edilib. Belə ki, mülki cavabdeh məhkumdan maddi zərərə görə 33 839,10 manat tutularaq zərərçəkmiş şəxs hüquqi şəxs - Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi hökm müəyyən edilib. 

 

Qeyd: Rəsmi məlumata əsasən, “Fuad LTD” MMC-nin direktoru olmuş Qasım Məmmədovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi araşdırılıb. 

 

Aparılan istintaq zamanı Qasım Məmmədovun 2005-2009-ci illərdə “Fuad LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən həmin cəmiyyətin mühasibi Ramin İbrahimov ilə qabaqcadan əlbir olub rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Xırdalan şəhərində inşa edilən çoxmərtəbəli yaşayış binasından mənzil alınması məqsədi ilə 186 şəxs tərəfindən ödənilmiş vəsaitin 1 milyon 845 min 802 manat məbləğində pulu ələ keçirməsində, həmçinin 2005-ci ildən Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olduğu dövrdə həmin yaşayış binasından yaşayış və qeyri-yaşayış sahələri sataraq əldə etdiyi gəlirlər barədə vergi orqanlarına təqdim etdiyi bəyannamələrin məzmununa bilə-bilə təhrif olunmuş məlumatları daxil edərək gəlirləri barədə heç bir bəyannamə təqdim etmədən, həmçinin digər icbari ödənişlər üzrə ümumilikdə 1 milyon 74 min 841 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

 

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ramin İbrahimov isə barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində davam etdirilib. 

 

Belə ki, onun məhkəmə iclasına təqsirləndirilən şəxsin barəsində axtarış elan edildiyi, daha sonra Rusiyada saxlanıldığı qeyd edilib.

 

Xatırlatma: Qasım Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Sonra o, dünyasını dəyişib. 

 

Kamal Məmmədov

 

 

 

Tarix: 20 Noyabr 2024, 08:54   
Seçilən
30
pravda.az

1Mənbələr