AZ

"Məşədi Dadaş"ın imamına hücum edən şəxsin MƏHKƏMƏSİ baş tutub

“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Elşən Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən və şahidlər ifadə verib.

Zərərçəkən Rəsul Həsənli ifadəsində məsciddə könüllü olaraq xidmət apardığını bildirib: “Mən Elşəni əvvəllər də məsciddə görmüşəm. Elşən bir neçə dəfə Hacı ilə görüşmək üçün məscidə gəlib. Hadisə günü məsciddə əyləşmişdim. Qapı döyüldü. Qapını açanda Elşəni gördüm. Elşən mənə Hacı ilə görüşmək istədiyini bildirdi. Mən Hacının yanına qalxdım, özünü 12-ci imam adlandıran şəxsin onunla görüşmək istədiyini dedim. Hacı Əli Şərbətov mənə dedi ki, yanımda adam var. Qonağı yola salandan sonra onunla görüşəcəm. Mən Elşənə bunu dedim. Onun mənə hücum edəcəyini gözləmirdim. Elşən mənə bıçaqla hücum etdi. Bir bıçağı sağ qulağıma, digər bıçağı qarın nahiyəmə vurdu”.

Zərərçəkən bildirib ki, bıçaqlanandan sonra oradan uzaqlaşıb.

“Mən oradan qaçdım. O mənim arxamca gələrkən Əli Şərbətovu, qardaşımı və məni öldürəcəyini bildirdi. Yolda bir nəfər məni bu vəziyyətdə görərək salfet aldı. Hadisədən 10-15 dəqiqə sonra təcili tibbi yardım maşını gəldi. Mən maşında olanda hadisə yerinə polislər də gəldi”.

Təqsirləndirilən Elşən Hüseynov zərərçəkənin yalan ifadə verdiyini bildirib:

“Mən sənlə üzbəüz durmuşdum, bıçaq sağ əlimdə idi. Sənin sağ qulağına necə zərbə endirə bilərdim? Əgər sağ qulağın xəsarət alıbsa, demək başqası vurub. Bu barədə videogörüntü belə var. Mənim bıçağım onun sol qulağına dəyib. Lakin mənim məqsədim zərbəni sənin qulağına deyil, boğazına vurmaq idi. Səni öldürmək istəyirdim”.

Zərərçəkən bildirib ki, Elşən Hüseynovun özünü 12-ci imam kimi təqdim etdiyini özündən eşitməsə də, bu barədə məlumatı olub. Daha sonra şahidlər ifadə verib.

Şahid Elmira Əhmədova məhkəmədəki sərbəst ifadəsində bildirib ki, o, məscidlə üzbəüz olan dini mağazada satıcı işləyir:

“Mən təqsirləndirilən şəxsi tanımıram. Rəsulu isə məsciddə xidmətçi kimi tanıyıram. Rəsul mağazaya qulağı qanlı gəldi. O, məndən tez təcili yardıma və polisə zəng etməyimi istədi. Sonra mağazadan çıxaraq qaçdı. Elşən onun arxasınca qaçırdı. Elşən Rəsulu öldürəcəyini deyərək onu söyürdü”.
Şahid qismində ifadə verən Dəyanət Mehdiyev isə bildirib ki, elə hadisə baş verən saatlarda məscidə gedib:
“Məscidin həyətinə girəndə yerdə qan izləri gördüm. Ətrafa baxanda Elşəni gördüm. Əvvəl elə bildim onu təkləyiblər. Ona yaxınlaşaraq nə baş verdiyini soruşdum. Elşən mənə “get işinlə məşğul ol, yoxsa başın ağıyar. Mən sonuncu peyğəmbərəm” dedi. Mən bu sözdən sonra onun normal təfəkkürə malik olmadığını anlayıb uzaqlaşdım”.

Şahid Ceyhun Həsənovun məhkəməyə verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət yaranıb.

Məhkəmə Ceyhun Həsənovun ibtidai istintaqa verdiyi ifadəni elan edib. Daha sonra aidiyyatı üzrə digər şahidlər ifadə verib.

Proses dekabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.

Seçilən
17
3
bakivaxti.az

4Mənbələr