AZ

Nə məsələdir - bu banklar niyə mənfəət vergisi vermir?- "AFB Bank"...

Image

Əkrəm Həsənov: “Mənfəətin olmaması bank üçün pis göstəricidir”

Bu ilin 9 ayında Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar mənfəət vergisi ödəyib, bir sıra banklar isə ödəməyib. Mənfəət vergisi ödəməyən banklar sırasına “AFB Bank”, “Avrasiya Bank”, “BTB Bank”, “Bank VTB Bank Azərbaycan”, “Bank Melli İran Baku”, “Premium Bank”, “Yelo Bank” daxildir.

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinə əsasən, vergiödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir.

Qeyd etdiyimiz kimi, yuxarıda adları çəkilən banklar cari il ərzində mənfəət vergisi ödəməyib. Maraqlıdır, həmin banklar niyə mənfəət vergisi ödəməyib? 

“Bankın verdiyi kreditlər geri qayıtmır və nəticədə bankın gəliri azalır”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, banklar o halda mənfəət vergisi ödəmir ki, onların mənfəəti yoxdur: “Mənfəət şirkətin gəliri ilə xərci arasındakı fərqdir. Məsələn, bankın bir il ərzində 10 milyon gəliri olub, ancaq xərci 9 milyondur. Bura əmək haqqı, bina üçün icarə və s xidmətlər daxildir. Son nəticədə 1 milyon həmin bankın mənfəəti qalıb. Mənfəət vergisi isə 20 faiz hesablanır. 1 milyonun 20 faizi 200 min manatdır. Bu məsələyə tərs tərəfdən də yanaşsaq görərik ki, bankın mənfəəti olmayıb. Yəni bankın illik gəliri 9 milyon, ancaq xərci 10 milyondur. Bu o deməkdir ki, bank həmin ili mənfəətlə yox ziyanla başa vurub. Mənfəətin olmaması bank üçün pis göstəricidir. Bankın verdiyi kreditlər geri qayıtmır və nəticədə bankın gəliri azalır. Banklar əsasən problemli kreditlərin çox olduğu zamanlarda zərərlə işləyirlər. Yəni verdikləri kreditlərdən qazanacağı faizləri vaxtında toplaya bilməyib. Ona görə də həmin banklar müvafiq dövrü ziyanla başa vurub”.

Günel CƏLİLOVA





Seçilən
17
baki-xeber.com

1Mənbələr