AZ

Tural Abbaslıdan çağırış: Azərbaycanda bu lotoreya LƏĞV EDİLSİN!

Türkiyədə məşhur müğənni Sərdar Ortaç, eləcə də şoumen Mehmet Ali Erbil və Batuhan Karadeniz kimi tanınmış şəxslər qeyri-qanuni mərc oyunlarını təşviq etmək ittihamı ilə saxlanılıb. Azərbaycanda da mərc həvəskarları çoxdur. Bəzən onların həyatı cəhənnəmə dönür, bəzən şirniklənirlər. Bütün hallarda, qumar bəyənilən iş deyil və kimsə ondan sona qədər xeyir görməyib. Bununla belə, Azərbaycanda lotoreya, qumar təşviqi var.

Tribunainfo.az-a danışan AĞ Partiya başqanı Tural Abbaslı bildirib ki, qumar ümumiyyətlə, bəşəri bir bəladır. Partiya lideri xatırladır ki, bütün dinlər qumarı haram buyurub.
Onun sözlərinə görə, təəssüf ki, bir çox ölkələrdə qumarın müxtəlif formaları icazəlidir. “Azərbaycanda qumarın “kazino” forması qadağandır. Ancaq “Misli” lotoreyaları və yaxud da bu tip müxtəlif şans oyunları var ki, bunlar da qumar sayılır” – deyə, partiya lideri əlavə edib.


T. Abbaslının fikrincə, bunun müxtəlif səbəbləri var: “Burada kasıblıq da, çarəsizlik də, insanların bir anda öz həyatlarını dəyişmək istəməsi, arzusu da, xüsusən asan yoldan pul əldə etmək arzusu da var. Ona görə dövlət hər vəchlə bunun qarşısını almalıdır. Fərq etmir yaşlı, uşaq…”
Partiya sədrinə görə, bu oyunların əlçatan olması çətinləşdirilməlidir:
“İnternetin inkişaf etdiyi bu dönəmdə dünyanın müxtəlif nöqtələrində mərc oyunları oynamaq olur. Təəssüf ki, Azərbaycanda da geniş yayılıb. Bir çox hallarda publik şəxslər, cəmiyyət tərəfindən tanınan şəxslər, sosial şəbəkə fenomenləri şüursuz şəkildə bunun reklamı ilə məşğuldur. Eyni zamanda, qeyri-qanuni saxta reklamlar da aparılır. Nəticədə hər zaman qumarı oynadan qazanır. Dövlət olaraq qumarla mübarizədə xüsusi qanunlar qəbul etməliyik. Müasir texnologiyalar nəzərə alınsa, bu metodları da məhdudlaşdıran və buna nəzarət edən mexanizmlər və qanunlar qəbul olunmalıdır. Əks halda, bu yayğınlaşacaq və əlavə bir bəla kimi cəmiyyətin boğazına yapışacaq. Ən ideal addım “Misli”nin lisenziyasını ləğv etməklə dövlət qumardan birdəfəlik imtina etmiş olar. Sonra da təbii ki, digər qanunsuz qumar və mərc oyunları ilə mübarizə metodları aparıla bilər. Bu dünyada böyük bir biznesdir. Azərbaycan istəsə də, dünyadakı qumar biznesinin qarşısını ala bilməz. Amma hər halda öz ölkəmizdəki qumar biznesinin qarşısını ala bilərik”.

 

 

Dəniz Pənahova

Seçilən
23
tribunainfo.az

1Mənbələr