AZ

Santuş bəhanələrə başladı – milliləşdirmə istəyir

Fernandu Santuş hara gəldiyinin fərqinə varıb. Yığmamızın baş məşqçisi son oyunlardakı uğursuzluqdan sonra fərqli çıxış yoları haqda düşünür.

Oyunçu potensialını qaydaya salmayınca milli komandaya əcnəb məşqçinin gətirilməsinin yersiz olduğunu dəfələrlə vurğulamışıq. Məşqçinin ad-sanı, təcrübəsi möcüzə yaratmağa kifayət etmir, komandanın özü də güclü olmalıdır. Bizdə isə rəqabət azdır, 3-4 futbolçu xaricdə oynayır, yığmaya namizədlər isə faktiki olaraq 25-30 nəfər arasından seçilir.

Portuqaliyalı məşqçi bütün bunları əsas gətirərək AFFA rəhbərliyindən heyətin gücləndirilməsin istəyib. O, bu futbolçularla verdiyi vədə əməl edə bilməyəcəyini söyləyib, ən azı bir neçə oyunçunun milliləşdirilməsi haqda düşünmək lazım olduğunu deyib.

Santuş təyinat alarkən 2028-ci ildə Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanmağa qadir olan komanda yaradacaqlarını bildirmişdi. İndi isə o, bəhanələrin sayını artırmağa başlayıb. Halbuki belə olacağını mətbuat aylardır yazır, yalançı vədlərin yersiz addımları pərdələməyə xidmət etdiyini vurğulayırdı.

AFFA-nın bir müddətdir imtina edilən milliləşdirmə prosesinə qayıdacağı inandırıcı deyil. Azərbaycan pasportu verilən oyunçularla bağlı acı təcrübə öz yerində, hazırda milli komandanı ciddi şəkildə gücləndirəcək hansısa futbolçu da yoxdur. Ona görə də Santuş bəhanələri unudub sabahı düşünsün – ya bu oyunçularla nəticə qazanmalı, ya da hədəfə çatmayacağını indidən etiraf edib istefaya getməlidir.

Seçilən
15
futbolinfo.az

1Mənbələr