Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Azərbaycanda keçirilən tədbirdə Türk dövlətləri də çox fəal şəkildə iştirak etdilər. Demək olar ki, bütün Türk dövlətləri birinci şəxs timsalında tədbirə qatıldılar və tamamilə mühüm təkliflərlə çıxış etdilər. Həmin Türk dövlətlərinin içərisində, Azərbaycanın qardaş ölkələri olan Qazaxıstan və Özbəkistan xüsusi seçilirdi. İstər Kasım-Jomart Tokayev, istərsə də Şavkat Mirziyoyev aktiv şəkildə tədbirdə iştirak etdilər. Onların nümayəndə heyətləri də müxtəlif səviyyəli təkliflər təqdim etdilər. Azərbaycan, Özbəkistan və Qazaxıstan dövlət başçıları arasında imzalanmış saziş, şübhəsiz ki, türkdilli ölkələrin, həmçinin bu üç ölkənin yaşıl enerjiyə keçidinin təməlini qoydu. Yaşıl enerjiyə keçid üçün üç dövlət arasında mühüm işbirliyi imzalanacaq və mərhələli şəkildə bu məsələ digər Türk dövlətlərini də əhatə edəcək. Bu, ölkələrdə qeyri-neft sektorunun inkişafına əsaslı şərait yaradacaq, həmçinin texnoloji üstünlüklərə gətirib çıxaracaq. Məhz bu yolla getməklə gələcəkdə yeni iqlim, ekoloji təhlükəsizliklə bağlı sazişlərin imzalanması Türk dövlətlərində ümumi şəkildə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək amildir ki, məhz üç ölkənin, yəni Azərbaycan, Qazaxıstan və Özbəkistanın imzaladığı saziş də məhz bu prosesin başlanğıcını qoydu".