Səttar Möhbalıyev: “YAP ölkəmizi inkişafın, tərəqqinin ən yüksək nöqtələrinə çatdıracaq.”
“1992-ci il noyabr ayının 21-də Naxçıvanda böyük tarixi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Konfransda partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, Yeni Azərbaycan Partiyası yarandı.
Ulu Öndər Azərbaycanın dövlət maraqlarını, dövlətçilik təsisatlarını bu partiyanın ideoloji strukturları əsasında möhkəmləndirməyi tövsiyə edirdi. Çünki Yeni Azərbaycan Partiyasının məramı azərbaycançılıq ideologiyasından yaranmışdı. Bu partiya Azərbaycanın dövlət maraqlarının siyasi, siyasi-ideoloji mahiyyətini ifadə edirdi.
Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı ideoloji qüvvəsinə - iqtidar partiyasına çevrilməsi tarixi zərurət idi.
1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyev Azərbaycanı parçalanmadan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi.
Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.”
Bu sözləri aia.az-a müsahibəsində Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləmişdir.
Müsahibimiz bildirib ki, “Müstəqilliyimizin ilk illərində yaşanan böhran Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasəti nəticəsində aradan qaldırıldı. Xaos, anarxiya, özbaşınalığın sabitlik ilə əvəzlənməsi Azərbaycanın iqtisadi baxımdan qüdrətlənməsinə, siyasi mövqeyinin möhkəmlənməsinə səbəb oldu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ümummilli lider Heydər Əliyev uğurlu iqtisadi islahatları ile ölkəmizi tənəzzüldən tərəqqi yoluna çıxardı. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının təməli qoyuldu. Bu ilk öncə ölkəmizə olan inamın göstəricisi idi. Azərbaycan çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Təbii ki, iqtisadiyyatın inkişafı əhalinin sosial rifah halının yaxşılaşmasına da öz müsbət təsirini göstərdi. Xalqın gələcəyə inamı gündən-günə artdı.
YAP xalqın partiyası kimi yarandı, onun çətinliklərini dəf etmək üçün fəaliyyətə başladı. İnsanlar YAP-ın simasında sivil mübarizənin yollarını müəyyən etdilər. Demokratik prinsiplərə və qaydalara alışdılar. YAP-ın siyasi səhnəyə gəlişi ilə cəmiyyətdə dövlətçilik, müstəqillik ideyaları, vətənpərvərlik duyğuları, sanki, yenidən daha mütəşəkkil şəkildə formalaşmağa və yaşamağa başladı.”
Səttar Möhbalıyev qeyd edib ki, “Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçildi. Cənab İlham Əliyevin partiyaya sədrlik etdiyi 19 ildə YAP ölkə daxilində çoxşaxəli fəaliyyətlə yanaşı, bu gün respublikamızın hüdudlarından kənarda səmərəli əlaqələr formalaşdırmaqla beynəlxalq miqyasda ən güclü siyasi təşkilatlardan biri kimi tanınır və qəbul edilir ki, bu da, şübhəsiz, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlişinə vacib töhfədir. O, indi ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək təkcə Azərbaycanın ümumxalq partiyasına deyil, Cənubi Qafqaz bölgəsinin ən nüfuzlu və ən böyük partiyasına çevrilmişdir.
Bu gün Azərbaycan həm beynəlxalq münasibətlər sistemində, həm də beynəlxalq əməkdaşlıq sistemində olduqca ciddi mövqelərə və təsirə malikdir. Ərazi bütövlüyünü təmin etdi, tarixi qələbələrə imza atdı. Dövlətimiz və qüdrətli ordumuz Prezident, Müzəffər Ali Baş Komandan, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsindən tariximizin qızıl səhifəsini yaratmağı bacardı. 2023-cü ilin sentyabr ayında isə bütün ərazilərimiz boyunca suverenliyimizi etibarlı və dönməz şəkildə təmin etdik. Bu baxımdan, Yeni Azərbaycan Partiyası vaxtı ilə Azərbaycanı xilas etdiyi kimi, bundan sonrakı dövrlərdə də ölkəmizi inkişafın, tərəqqinin ən yüksək nöqtələrinə çatdıracaq.”