AZ

Kamran Bayramov: Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır

Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 32 il bundan əvvəl yaradılan Yeni Azərbaycan Partiyası (YAP) şərəfli bir yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası elə bir dövrdə formalaşmışdır ki, müstəqilliyimiz, milli varlığımız real təhlükə qarşısında idi. Bu məqsədlə 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı Ulu Öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir”, - deyə müraciət etdi. Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının müraciətinə oktyabrın 24-də “Yeni müstəqil Azərbaycan uğrunda” çağırışı ilə  cavab verdi. Ulu Öndər Heydər Əliyev “91-lər”in müraciətinə cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğduğunu vurğulayaraq onun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bəyan etdi.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Ancaq, o dövrün mənzərəsinə nəzər salanda Azərbaycanın gələcəyi o qədər də parlaq görünmürdü: separatizm meyilləri güclənir, iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi, siyasi çəkişmələr getdikcə vəziyyəti daha da ağırlaşdırırdı. Bütün bunların fonunda Ermənistan-Azərbaycan münaqişəsi, torpaq və insan itkiləri müstəqilliyin də itirilməsinə gətirib çıxara bilərdi. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, onun gələcək uğurlarına yol açdı.

Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.

Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu. Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz, yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır. 

1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz, Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.

Deputat diqqətə çatdırıb ki, bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası, məhz, Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi.  44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.

Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. 

K.Bayramov ələvə edib ki, ötən illər ərzində partiyanın keçdiyi şərəfli yol, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsi  belə deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev ideyalarından güc alan Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran problemləri həll etməyə, xalqımızı xoşbəxt gələcəyə aparmağa qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir partiyadır.  Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin təbirincə desək: “Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır”.

Seçilən
13
50
ikisahil.az

10Mənbələr