Seçki marafonu zamanı Tramp dəfələrlə bildirmişdi, seçilərsə, inaqurasiyadan əvvəl Ukrayna münaqişəsini 24 saata həll edəcək...
Politoloq: “ABŞ-ın prezidentliyə namizədi Donald Tramp müharibəni cəmi bir gündə dayandıracağını söz vermişdi. Aydındır ki, bu populist bir çıxış idi. Həqiqətdən uzaq və seçkilərə qazanmağa yönəlmiş, elektratatın diqqətini cəlb etmək üçün söylənilən fikirlər idi”.
“Trampın tutduğu siyasi xətt üzrə bütün proseslərin inkişafını görə bilərik. Trampın müharibəni bitirmək üçün planı aydın və bəsitdir. Ukrayna ərazilərinin itirilməsi ilə barışdırılacaq, Ukraynaya silah yardımı verilməyəcək və bununla münaqişə dondurulacaq”.
Bu sözləri politoloq İlyas Hüseynov Trampın Ukrayna müharibəsini dayandırması ilə bağlı verdiyi vədi Poliqon-a şərh edərkən qeyd edib.
Xəbər verdiyimiz kimi, seçki marafonu zamanı Tramp dəfələrlə bildirmişdi, seçilərsə, inaqurasiyadan əvvəl Ukrayna münaqişəsini 24 saata həll edəcək. O zaman bəlli idi ki, bu mümkün deyil. Digər tərəfdən Trampın davranışlarından belə çıxır ki, o, münaqişəni diplomatik yoldan daha çox hakim sifəti ilə həll etməyi düşünür və ortada isə hər iki tərəfi razı salacaq heç bir həll planı belə yoxdur. Baydenin uzaqmənzilli silahlarla Rusiya dərinliyinə zərbə endirmək barədə qərarından sonra isə vəziyyət tamamilə dəyişir və təbii ki, bu qərar Rusiyanı daha da aqressivləşdirəcək.
Bu fonda Tramp gələn il Ukrayna müharibəsini bitirə biləcək, yoxsa əksinə, müharibə daha da qızışacaq?
Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.
İlyas Hüseynov: “Trampın seçki kampaniyasında nə deməsindən asılı olmayaraq ABŞ-də müharibənin uzanması ssenarisinə üstünlük veriləcək”.
Bayden administrasiyasının Ukraynaya verdiyi raketlər ilə Rusiyanın dərinliklərinə zərbə endirilməsi qərarının vəziyyəti tamamilə dəyişdiyini qeyd edən politoloq Poliqon-a bildirib ki, hazırda diplomatik əlaqələrin formalaşması və müharibənin dayandırması üçün heç bir əsaslar formalaşdırmır. Əksinə gərginlik yeni mərhələyə daşınır:
“Ukrayna müharibəsi bütün dünyanın diqqət mərkəzindədir, çünki bu müharibə həm də qlobal iqtisadi təlatümlərə, resesiyaya və çətinliklərə yol açır. Müharibəni dayandırmaq haqqında müxtəlif təşəbbüslər irəli sürülsə də, bunun bir nəticəsi yoxdur. ABŞ-ın prezidentliyə namizədi Donald Tramp müharibəni cəmi bir gündə dayandıracağını söz vermişdi. Aydındır ki, bu populist bir çıxış idi. Həqiqətdən uzaq və seçkilərə qazanmağa yönəlmiş, elektratatın diqqətini cəlb etmək üçün söylənilən fikirlər idi.
Bildiyimiz kimi, gələn ilin əvvəlindən Tramp and içərək prezident səlahiyyətlərinin icrasına başlayacaq. Aydındır ki, Trampın tutduğu siyasi xətt üzrə bütün proseslərin inkişafını görə bilərik. Trampın müharibəni bitirmək üçün planı aydın və bəsitdir. Ukrayna ərazilərinin itirilməsi ilə barışdırılacaq, Ukraynaya silah yardımı verilməyəcək və bununla münaqişə dondurulacaq. Ukraynanın Kursk ərazisində çıxarılması müqabilində hər hansısa imtiyazlar, ərazi üstünlükləri əldə oluna bilər. Bu da danışıqların predmeti kimi diqqət çəkir.
Məsələ ondadır ki, hətta Ukrayna öz ərazilərinin itirilməsi ilə barışsa belə, problem ABŞ-nin maraqları baxımından öz həllini tapmır. Çünki Trampın bu bəsit planı ABŞ-nin Avropadakı və bütün dünyadakı fövqəlgüc imici yerlə bir olacaq. Yəni Amerika faktiki olaraq geosiyasi savaşı uduzacaq.
İlyas Hüseynov: “Amerikanın geosiyasi məğlubiyyəti Rusiya və Çini çox gücləndirəcək və mərkəzdənqaçma o qədər sürətlənəcək ki, ABŞ doğrudan Trampın dediyi gülünc ölkəyə çevriləcək”.
Trampın planlnın mahiyyəti budur və mən inanmıram ki, Amerika “şahinləri” belə bir planln reallaşmasına imkan versinlər. Çünki Amerikanın geosiyasi məğlubiyyəti Rusiya və Çini çox gücləndirəcək və mərkəzdənqaçma o qədər sürətlənəcək ki, ABŞ doğrudan Trampın dediyi gülünc ölkəyə çevriləcək.
Digər bir ssenari bundan ibarətdir ki, Demokratların dövründən daha çox, daha kəskin yardımlarla Ukraynanın ərazi bütövlüyünü naminə hərbi əməliyyatlar davam edə bilər. Bu ssenaridə isə hesab edirəm ki, müharibə bir neçə il daha uzanacaq.
Amma bu və ya digər formada biz bunu qarşıdakı dövrdə görə bilərik.
Hazırkı hakimiyyətin, yəni gethagetdə olan Bayden administrasiyasının Ukraynaya verdiyi raketlər ilə Rusiyanın dərinliklərinə zərbə endirilməsi qərarı vəziyyəti tamamilə dəyişir. Hazırda diplomatik əlaqələrin formalaşması və müharibənin dayandırılması üçün heç bir əsaslar formalaşdırılmır. Əksinə gərginlik yeni mərhələyə daşınır. Demək ki, Trampın seçki kampaniyasında nə deməsindən asılı olmayaraq ABŞ-də müharibənin uzanması ssenarisinə üstünlük veriləcək.
Hesab edirəm ki, bu cür yanaşma bir sıra qlobal və regional çətinlikləri də özü ilə birlikdə gətirəcək və resursları daha çox olan tərəf bu geosiyasi savaşın qalibi olacaq”.
Nərminə UMUDLU
Poliqon.info