AZ

Dekotininin növbəti sayıqlaması

Heçdən var olan söz hansısa bir çəkiyə və məna yükünə malik olmadıqda, elə söz kimi qalır. Necə ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini növbəti dəfə havaya boş sözlərin “qatarını” üfürüb.

“2023-cü il noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi Dağlır Qarabağı tərk etməyə məcbur olmuş ermənilərin öz evlərinə qayıtmaq hüququnu tanıyıb. Üstündən bir il keçsə də məhkəmənin bu qərarını Azərbaycan yerinə yetirməyib”.

Bu, Dekotininin aşıqlamasının birinci hissəsidir və ona şərh vermək nə qədər absurd sayılsa da, hər halda fransızın diqqətinə “unutduğu” bəzi məqamları çatdırmağı lazım bilirik. Bəli, BƏM-in bir il əvvəlki qərarı icra olunmayıb və heç vaxt da olunmayacaq. Ermənilərin hansı hüququndan danışdığını heç səfirin özü də anlamır. Onlar tamamilə könüllü şəkildə, öz xoşları ilə Qarabağdan çıxıb gediblər və indi Azərbaycanda onlardan ötrü darıxan yoxdur.

Daha sonra Fransa səfiri özünün məlum tarixi-fəlsəfi fikirlərini təkrar dövriyyəyə buraxır: “Fransa heç nəyi unutmur və heç bir məsələdə güzəştə getməyəcək. Nə ermənilərin geri dönməsində, nə də onların Qarabağdakı mədəni və dini irsinin müdafiəsində”.

Anti-Azərbaycan çıxış və bəyanatlarının tonunda erməni konyakının təsiri daha kəskin hiss olunmağa başlayan Dekotininin burada “əyləci basması” gərəkir. Onun Fransası hansı məsələlərdə kimə və necə güzəştə gedəcəyini özü bilər, amma Qarabağa “əlvida” demiş ermənilərin geri qayıdışı məsələsində Bakının Parisdən hansısa güzəşti gözləmək planı yoxdur. Mədəni irsin qorunmasına gəldikdə isə səfirə separatçıların Xankəndidəki “parlament binası”nı, “qəhrəmanlar muzeyi”ni xatırlatmağımız yerinə düşər. Heç kimin, hətta, İrəvanın tanımadığı separatçı “dqr” rejimi Azərbaycan torpağından necə silindisə, o xuntanın nişanələri sayılan həmin binaların da izi-tozu qalmamalıdır. Çünki, sadə bir məntiqə görə, həmin binalar nəinki suveren Azərbaycanın dövlətçilik prinsipləri ilə, eyni zamanda, Qarabağın landşaftı ilə bir araya sığmırdı. Məhz bu məsələlərdə Fransa bizə “ağıl dərsi” keçə bilməz. Öz torpağımızda qaydaları özümüz müəyyənləşdiririk. Bu qaydalara görə isə torpağımızda işğalçıların hansısa abidəsi üçün yer nəzərdə tutulmayıb. Rəsmi Paris bunu gələcək üçün qulağında sırğa eləsin.

Ümumiyyətlə, sovet dönəmində keçmiş DQMV-də inşa edilmiş binaların hamısına Azərbaycanın dövlət büdcəsindən vəsait ayrılıb. İndi onların hansı funksiyada istismara yararlı olduqları, yaxud istismar müddətini başa vurmuş hesab ediləcəkləri öz işimizdir.

Peşəkar diplomat həm də yaxşı yaddaşa malik olmalıdır. Bu məqamda Parisdə Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı hörmətsizliyi və onun demontajını Olivye Dekotininin yadına salmağımıza ehtiyac var. Aydın məsələdir ki, səfirin sözləri daha çox ermənilərə ünvanlanıb. Onun, misal üçün, “biz fransızlar həmişə sizin yanınızdayıq. Lazım gələrsə, sümüklərimizlə sizi müdafiə etməyə hazırıq” sözlərini “böyük bacının kiçik bacıya sonsuz məhəbbəti” kimi təsnifatlandırmaq da olar. Dekotininin bu cür ifrat “sədaqət nümunəsi”nin mediaya sızması, yəqin, Qarabağ ermənilərinin gözündə özünü reabilitasiya məqsədi güdür.

Qayıdaq Azərbaycan ərazisində ermənilərin “mədəni irs nümunələri” məsələsinə. Burada qanunsuz inşa edilmiş tikilələrin aqibəti, istisnasız olaraq, Azərbaycanın kompetensiyasına daxildir. Ona görə səfirə bir daha xatırladırıq ki, sözü ağızdan çıxaranda düşünmək lazımdır. Çünki, o, əks halda, ünvansız mesaj kimi buxarlanacaq. Hər dəfə “xoruz buraxandan” sonra səfir Dekotininin diplomat kimi etimad əmsalının aşağı yuvarlanacağı şübhəsizdir. Artıq rəsmi Parisin İrəvandakı elçisinin sözlərinə nəinki Ermənistan ictimaiyyəti, heç Marsel erməniləri də inanmırlar.

Nəhayət, səfir Olivye Dekotiniyə sonuncu xatırlatma. Biz Qarabağ ermənilərinin geri qayıtmalarına yalnız bir halda, o da istisna kimi, azərbaycanlıların Ermənistandakı ata-baba yurdlarına dönüşü təmin edildikdən sonra razılıq verə bilərik. Amma bu variantın reallaşması ilə bağlı qərarı Bakı tələsmədən, hərtərəfli götür-qoy etdikdən sonra verəcək. Bu zaman seçim əli soydaşlarımızın qanına bulaşmamış və Azərbaycan vətəndaşlığı ilə yanaşı, bizim qanunlarla yaşamağı qəbul edənlər üzərində olacaq. Elə Qarabağ erməniləri də Azərbaycana qayıtmaq səbəblərini bizə uzun müddət izah etməli olacaqlar. Ən azı, onlar bizə hansı faydanı verəcəklər sualına aydınlıq gətirməlidirlər. İndi iki qonşu dövlət arasında ehtimal etdiyimiz bu perspektivin Fransaya qətiyyən dəxli yoxdur. Bu dövlət azərbaycanlıların gözündə nüfuzunu və etimadını çoxdan itirib.

İ.HƏSƏNQALA
XQ

Seçilən
7
xalqqazeti.az

1Mənbələr