AZ

2025-ci ilin sosial müjdəsi

Minimum əməkhaqqı 400 manat, ünvanlı sosial yardım isə 500 manatdan çox nəzərdə tutulur

Məlum olduğu kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2025-ci ilin dövlət büdcəsi layihəsi” haqqında qanunun müzakirəsinə başlanılıb. Müzakirələrdə əsas məsələlərdən biri də gələn il pensiya və müavinətlərin, minimum əməkhaqqının, digər sosial ünvanlı təqaüdlərin artırılması ilə bağlıdır. Cəmiyyətin xüsusi diqqət mərkəzində olan mövzu minimum əməkhaqqının nə qədər artırılacağıdır. Artıq Hesablama Palatasının büdcə layihəsinə dair rəyi açıqlanıb və sənəddə minimum əməkhaqqı məbləğinin 400 manat olacağı öz əksini tapıb.

Minimum əməkhaqqı artımı 800 min vətəndaşın maaşına təsir göstərəcək

Qeyd edək ki, sosial təyinatlı artımlar “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına” istinadən Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında hazırlanmış layihə üzrə müəyyənləşib. Dövlət başçısı bir neçə ay əvvəl minimum əməkhaqqı və minimum pensiyanın artırılması barədə göstəriş verib və aidiyyatı nazirliklər tərəfindən də bu istiqamətlərdə yekun təklif və layihə hazırlanıb. Beləliklə, 2025-ci il yanvarın 1-dən 400 manata çatdırılacaq minimum əmək haqqı sayəsində ölkə üzrə 700-800 min vətəndaşın əmək haqqının artımı da təmin olunacaq. Belə ki, dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli (VTC) əsasında aparılır. Bu sistemə görə, müxtəlif dərəcələrə sahib işçilərin əmək haqları minimum əmək haqlarının misliləri hesabına formalaşır. Bu baxımdan, minimum əməkhaqqının artırılması həmin işçilərin maaşlarına təsir edəcək. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri VTC-dən irəli gələn tələblərə uyğunlaşdırılır. Bu o deməkdir ki, 2025-ci ildə minimium əməkhaqqının artmasından sonra ölkəmizdə 400 min dövlət, 400 min isə qeyri-dövlət sektorunda çalışan insanın da əməkhaqqı artmış olacaq.

Minimum əməkhaqqının artımı əhalinin gəlirlərinə müsbət təsir etməklə, həm də əmək bazarına mühüm fayda verir, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, məhsuldarlığının, əməyin leqallaşdırılmasını təmin edir. Minimum əməkhaqqının növbəti artımından sonra bu rəqəm yaşayış minimumunu təxminən 30-40 faiz üstələmiş olacaq. Digər tərəfdən minimum əməkhaqqı artımı,  ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də yüksəlməsinə imkan verəcəkdir. Qeyd edək ki, həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildəki 33,3 faizə, 2020-ci ildəki 38 faizə yüksəlib. 2022-ci ildə isə 40 faiz səviyyəsinə yüksəlib. Bununla da bu nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyiş olacaq.

Minimum əməkhaqqı və əmək pensiyaları da artacaq

Ümumiyyətlə, minimum əməkhaqqı son 5 ildə 4 dəfə artırılaraq 130 manatdan 345 manata qaldırılıb. Bu artımlar yüz minlərlə insanın maaşlarının artımına səbəb olub. Eləcə də bu siyasət tədbirləri çərçivəsində yaşayış minimumu və ehtiyac meyarının həddi də artırılıb.

Minimum pensiyanın artmasına gəlincə, bu pensiyanın məbləği dövlət başçısının imzaladığı fərmana əsasən artırılır. Yaxın vaxtlarda bununla bağlı qərar verildikdən sonra həmin məbləğin göstəricisi də məlum olacaq. Əmək pensiyalarının məbləği isə orta aylıq əməkhaqqının artımına əsasən müəyyənləşəcək. Bu göstərici 2024-cü ilin yekununda ölkə üzrə orta aylıq əməkhaqqının faizinə əsasən müəyyənləşəcək.

2025-ci ildə ölkəmizdə sosial təminat xərclərinin artacağı proqnozlaşdırılır. Belə ki, növbəti ilin büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi isə 7 milyard manatdan çox olacaq ki, iki mənbə əsasında cəmi sosial təminat xərclərinin məbləği 12 milyard manatdan çox olacaq. Bu isə o deməkdir ki, sosial sahələrdə artım xərclərini maliyyələşdirmək üçün əsaslı mənbə formalaşacaq.

2025-ci ildə digər sosial göstərici olan ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq ki, bu sosial yardımların artmasına səbəb olacaq. Belə ki, ehtiyac meyarının artması faktiki olaraq ünvanlı sosial yardımın aylıq məbləğinin də yüksəlməsi və əhatəsinin genişlənməsi üçün hüquqi əsaslar yaradır. Bu baxımdan ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Hazırda bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta məbləği təxminən 480 manat təşkil edir. Bu o deməkdir ki, gələn bu yardımın məbləği 7-8 faiz artmaqla 500 manatı keçəcək.

Büdcə sosial qayğını təmin edəcək

Ümumilikdə, ölkəmizin maliyyə imkanları yaxşılaşdıqca, gəlir resursları ilk növbədə, aztəminatlı ailələrin və sosial baxımdan daha çox ehtiyacı olanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atılır. Hər il büdcədə cari xərclərin əsas hissəsi də məhz sosial təyinatlı bölmələr üçün nəzərdə tutulur. Azərbaycan dövlət büdcəsi sosialyönümlü büdcədir və hər il xərclərin tərkibində sosial sahəyə ayrılan vəsaitlər prioritetlilik təşkil edir.

Maliyyə naziri Samir Şərifov 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirələri zamanı dövlət başçısı tərəfindən maaşların və sosial müavinətlərin artırılmasının tapşırıldığını qeyd edərək bu istiqamə?də zəruri işlər görüldüyünü xatırladıb. Bu sosial siyasətə əsasən, növbəti ildə də təqaüdlərin, ünvanlı sosial yardımların və sosial təyinatlı artımlar nəzərdə tutulur.

E.CƏFƏRLİ

Seçilən
16
yeniazerbaycan.com

1Mənbələr