AZ

Qazaxıstanla Azərbaycanın dağ-xizək turizm kompleksləri arasında alyansın yaradılması təklif edilib

"Qazaxıstanla Azərbaycan arasında turizm də daxil olmaqla, bir çox sahələrdə tarixi əməkdaşlıq ənənələri mövcuddur".

Bunu APA-ya açıqlamasında Qazaxıstanın turizm və idman nazirinin müavini Yerjan Yerkinbayev deyib.

O, hər iki ölkədəki dağ-xizək turizm kompleksləri arasında alyansın yaranmasını təklif edib:

"Hər iki ölkənin malik olduğu geniş landşaft palitrası onlara turizmin daha da yüksək inkişafı üçün hərtərəfli imkanlar qazandırır. Bura həm ekosistem və milli parklar, habelə buzlaqlar, dağlar, çaylar, göllər və digər ərazilər daxildir. Bizim Azərbaycanla birgə həyata keçirilməsini dəstəklədiyimiz təşəbbüslərdən biri də Azərbaycanın "Şahdağ" turizm kompleksi ilə Qazaxıstandakı "Çimbulak" kompleksi arasında Dağ Kurortları Alyansının, eləcə də Avrasiya Dağ-Xizək Kurortları Alyansının yaradılması barədə təşəbbüslərdir. Bu alyanslara artıq bir çox ölkələr də üzv olublar. Onların tərkibində dağ turizm komplekslərinin inkişafı məsələləri geniş müzakirə olunur".

O həmçinin yuxarıda adları çəkilən turizm komplekslərinin daha geniş təbliği üçün birgə işləri vacib sayıb:

"Biz hər iki turizm kompleksinin təbliği məqsədilə Qazaxıstanda "Şahdağ" turizm günü, Azərbaycanda isə "Çimbulak" turizm gününün keçirilməsini təklif edirik. Hesab edirəm ki, bu amil hər iki tərəfə turist axınının çoxalmasına təkan verəcək. Qazaxıstanda turizm qiymətləri yüksəkdir. Bunun da səbəbi magistral yolların sayının azlığı ilə əlaqədardır. Hazırda bu sahədə müvafiq işlərin aparılması nəzərdə tutulur".

Seçilən
37
20
apa.az

10Mənbələr