Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna noyabrın 19-u gecəsi Amerika istehsalı olan uzaqmənzilli taktiki ATACMS raketləri ilə Rusiya ərazisi Braynsk vilayətinə hücum edib.
Nazirlikdən verilən açıqlamada Ukrayna ordusunun Bryansk bölgəsindəki bir obyektə 6 ballistik raket atdığı bildirilib.
Açıqlamada raketlərin S-400 və “Pantsir” hava hücumundan müdafiə raket sistemləri ilə vurulduğu qeyd edilərək deyilib ki, təsdiq olunmuş məlumata görə, hücumda Amerika istehsalı olan ATACMS operativ-taktiki raketlərindən istifadə edilib. Onlardan 5-i vurulub, 1-i zədələnib. Raketlərin hissələri Bryansk vilayətində hərbi obyektin texniki zonasına düşüb və yanğın başlayıb.
Amerikanın “Washington Post” (WP) qəzetinin iki ABŞ rəsmisinə əsaslandırdığı xəbərində ABŞ rəhbərliyinin Ukraynaya tədarük etdiyi uzun mənzilli taktiki raket sistemlərinin (ATACMS) Rusiya ərazisində məhdud sayda istifadəsinə icazə verdiyi bildirilib.
Kreml sözçüsü Dmitri Peskov iddialarla bağlı dünən verdiyi açıqlamada "Bu, onların (amerikalıların) Ukraynadakı münaqişələrə qarışma tərzini kökündən dəyişir" deyib.
Dünən Rusiya prezidenti Vladimir Putin ölkəsinə ballistik raketlərlə hücum edildiyi təqdirdə nüvə silahı ilə cavab verməyə imkan verən doktrinanı təsdiqləyib.