AZ

BMT Baş katibinin müşaviri: İqlim böhranına qarşı təcili tədbirlər qaçılmazdır

Dünya günəş enerjisi potensialının 60 faizinə sahib olan Afrika qlobal təmiz enerji sərmayələrinin yalnız 2 faizini cəlb edir. Bu bərabərsizliyi aradan qaldırmalıyıq.

AZƏRTAC xəbər verir ki, bunu BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart COP29 çərçivəsində şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşündə çıxışı zamanı deyib. O, iqlim böhranının artan təsirlərinə dair mühüm mesaj verərək hazırda dünya üzrə fəaliyyətsizlik nəticəsində meşə yanğınları, quraqlıqlar, fırtınalar, daşqınlar və dəniz səviyyəsinin sürətli artımı kimi fəlakətlərin baş verdiyini deyib. “Heç bir qitə, region və ya ölkə bu təsirlərdən sığortalanmayıb. İqlim böhranına ən az töhfə verənlər isə ən yüksək qiyməti ödəyir”, - deyə o əlavə edib.

Vurğulayıb ki, sahilkənarı ərazilərdə yaşayan 500 milyondan çox insan dəniz səviyyəsinin artması və şiddətli fırtınalarla üz-üzədir. 2050-ci ilə qədər isə dünya əhalisinin yarısı ekstremal istilərdən təsirlənə bilər.

Ümidlərin tükənmədiyini qeyd edən Selvin Hart bildirib ki, iqlim fəlakətinin qarşısını almaq üçün lazımi texnologiyalar, həllər və vasitələr mövcuddur. O, bərpaolunan enerji sahəsindəki inqilabın artıq başladığını və bu keçidin qaçılmaz olduğunu, lakin sürətləndirilməsinin vacibliyini, eyni zamanda ədalətli keçidin zəruriliyini diqqətə çatdırıb: “Hazırkı maliyyə axınları arasında inkişaf etməkdə olan ölkələr enerji keçidinə yetərincə sərmayə cəlb edə bilmir”.

Seçilən
15
1
xalqqazeti.az

2Mənbələr