AZ

Hər kədər bir kamillik pilləsidir - Heyrət haqqında fəlsəfi esse

Kulis.az Loğmanın "Heyrət" essesini təqdim edir.

Heyrət – damlada dəryanı, adidə qeyri-adini, sadədə alini görməkdir.

Sirrin əslinə varmaqdır.

Sirrə heyranlığın vəcd anıdır.

Özündən keçmək, özünü yenidən kəşf etməkdir.

Özünü tərk etmək, özünə kənardan baxmaqdır.

Özünü özündən çəkib çıxarmaq, özünü öz əlindən almaq, özünü özündən xilas etməkdir.

Özündən qurtulmaqdır.

Azadlıq sığmazlığıdır.

Dünya heyrətə layiqdir.

Yaxşılığı, fədakarlığı həyat tərzinə çevirənlər heyrətə layiqdirlər.

Özünü axtaranlar heyrətə layiqdirlər.

Üzünü ədalət günəşinə, haqq işığına tutanlar heyrətə layiqdirlər.

Sevənlər, sevgini həyatın mənasına çevirənlər heyrətə layiqdirlər.

İnsan heyrətə layiqdir, çünki mahiyyətcə dünya ilə eynidir.

Ona görə hər kəs dünyanı özü kimi görür, özü kimi dərk edir.

Ona görə hər kəsin dünyası özünə bənzəyir.

Heyrət – yaxşımənada uşaqlıqdır.

Hər şeyə uşaq gözü, uşaq saflığı ilə baxmaq, dünyanı uşaqlaşdırmaqdır.

Dünyanın mahiyyətinə uşaq anasına tutunan kimi bağlanmaqdır.

Özünü unutmaqdır, məftunluqdur.

Durulmaq əməlidir.

Heyrət – uşaq dilində müdriklik yaşamaqdır.

Bəlkə də, buna görə insanlar müdrikləşdikcə uşaqlara daha çox bənzəyirlər.

Bəlkə də, uşaqlar yüz il, min il bundan əvvəlki bir mahiyyətin daşıyıcılarıdır.

Ona görə gözəl və sevimlidirlər ki, heyrət içindədirlər, hər şeyə heyrətlənməkdən yorulmurlar.

Uşaqlar heyrətdən boy atır, heyrətdən böyüyürlər.

Böyüklər heyrətləndikcə uşaqlaşırlar.

Görünənlər hələ dünyanın özü deyil, təzahürüdür, dünyaya çatmır.

Qürub çağı, axşamlar, yağışlar, yazın gəlişi göründüyündən çoxdur, böyükdür.

Çünki mahiyyət biçimə, görüntüyə sığmır.

Görüntü, olsa-olsa, mahiyyətin libasıdır, qutusudur, mahiyyətin üzünə çəkilmiş tüldür – özü deyil.

İnsan qiyafəsinə bərabər olsaydı, bahalı libas geyinənlər daha dəyərli sayılardılar.

Görüntü həqiqəti ifadə etmir deyə kamil deyil, qüsurludur.

O, mahiyyəti qabaqlayır, görməyə qoymur.

Ancaq görüntü dəyişkəndir, ötəridir, zamanın funksiyasıdır, nisbidir, əslində, dəyər daşımır.

Nə nisbidirsə ölür, öləcək.

Nə zamandan asılıdırsa ölür, öləcək.

Əslində, çiçəklər, yarpaqlar, sellər-sular baharın mahiyyətindən söz açır.

Quşların nəğməsi sevincin mahiyyətindən xəbər verir.

Fəsillər bir ömür hekayəsidir.

Hər ayrılıqdan yenicə doğulmuş bir körpə ölüm boylanır.

Hər göz yaşına bir umud cücərir.

Hər kədər bir kamillik pilləsidir.

Bunları anlayanda mahiyyətə vuruluruq, həqiqətləşirik.

Mahiyyət isə dəyişməzdir, mütləqdir, deməli, əbədidir.

Mahiyyətə qovuşan, mahiyyətlə bir olan möhtəşəm gözəllik qarşısında heyrətlənməyə bilməz.

Bənzərsiz gözəllik qarşısında özünü itirməyə, əsməyə bilməz.

O ilahi güc qarşısında təslim olmaya bilməz.

Dünya mahiyyət daşıyır deyə sevilməyə layiqdir.

İnsan mahiyyət daşıyır deyə sevilməyə layiqdir.

Bizi çağıran, özünə bağlayan mahiyyətdir.

Heyrət olan yerdə eybəcərlik yoxdur.

Heyrət – mahiyyət səfəridir.

Heyrət – gözəlliyə tapınmaqdır, ibadətdir.

Gözəlliyə əyilən insan gözəlliyə qarışır, gözəlləşir, dəyər qazanır.

Özünü unudan özünü tapır, təsdiq edir.

Dünya fanidir deyəndə dünyanın təzahürü fanidir, ötəridir kimi başa düşülməlidir.

Dünyanın mənası fani ola bilməz.

Çünki dünyanın təzahürü dəyişir, gedir, mahiyyəti isə qalır.

Qalanlar qalır, əbədiləşir.

Heyrət – məna ilə bir olmaq tilsimidir.

Mənanı gözlə görmək mümkün deyil. Yalnız ruhun mənaya çatmaq imkanı var.

Çünki məna görüntünün ruhudur.

Heyrət – görünməzə ruhunla toxunmaqdır.

Möcüzəni gerçəkdən üstün yaşamaqdır.

Sirrə, sehrə köç eləməkdir.

Gözəlliklə görüş himni oxumaqdır.

Ayrılıqdan bahar düzəltməkdir.

Uçmaq səlahiyyətidir.

İnsanı kiçik görmək dünyanın mahiyyətinə inamsızlıqdan doğur.

İnamsızlıq – heyrətsizlikdir.

Heyrətlənən əslinə qovuşan, mahiyyətinə bərabər olandır!

Seçilən
43
kulis.az

1Mənbələr