AZ

Bakıda taksi problemi:Avtobus zolağına girişə icazə verilməlidir

Statistikaya görə, taksidən istifadə edənlərin sayı azalır.

Belə ki, metrodan istifadə etmiş sərnişinlərin sayı 6.2 faiz artaraq 188.9 milyon nəfər, avtobusdan istifadə etmiş sərnişinlərin sayı 10.3 faiz artaraq 1.426 milyon nəfər, taksidən istifadə edənlərin sayı isə 5.1 faiz azalaraq 69.6 milyon nəfər olub.

Bəs taksidən istifadə edənlərin sayı niyə azalır? Buna səbəb qiymətlərin artmasıdır, yoxsa ictimai nəqliyyatda problem azalıb? 

Mövzu ilə bağlı açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu il taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlar nəticəsində taksilərin sayı kifayət qədər azalıb. Elməddin Muradlının sözlərinə görə, insanların ictimai nəqliyyata marağı və münasibəti dəyişib:

“Əvvəl hardasa 70 min civarında taksi vardı. Bunların sayı indi 35 min qiymətləndirilir. Bu baxımdan hesab edirəm ki, təbii bir proses var. Vətəndaşlar taksi sifariş verəndə, əvvəlki kimi 3-5 dəqiqəyə gəlmir. Digər tərəfdən, taksilər avtobus zolaqlarına daxil ola bilmədiyinə görə müştəriləri mindirib-düşürməkdə əziyyət çəkirlər. Müştərilər də artıq bunu bir risk kimi qiymətləndirir. Taksi tıxacda qalır. İnsanlar fikirlərşir ki, metro və avtobus onları mənzil başına daha tez və təhlükəsiz çatdırır”. 

Ekpert bildirib ki, əslində aparılan islahatların əsas mahiyyəti də elə bundan ibarət idi:

“Yəni, insanlar daha çox ictimai nəqliyyata üz tutsunlar. Bu da öz təsirini göstərir. Bunu müsbət dəyərləndirmək olar”. 

Ekspert qeyd edib ki, hazırda taksi sürücüləri arasında 2 müxtəlif qrup formalaşıb:

“Amma nəzərə almaq lazımdır ki, taksi sürücüləri də buna iş, dolanışıq yeri kimi baxırlar. Hər halda onların da bu məsələdə mövqeyini nəzərə almaq lazımdır ki, normal şəkildə qazanc əldə etsinlər. İndi taksi sürücüləri məsələyə müxtəlif yanaşırlar. Bir qismi deyir ki, normaldır, əvvəlkindən yaxşıdır, daha rahat qazanırıq, normal qiymətə gediş edə bilirik. Digər hissəsi isə narazıdır ki, şirkətlər uzaq məsafələrə ucuz gediş verir və bu sərf etmir”. 

Elməddin Muradlı vurğulayıb ki, taksi də ictimai nəqliyyatın bir növü hesab olunduğu üçün onların avtobus zolaqlarında hərəkətinə icazə verilməlidir:

“Bu məsələləri bir daha təhlil etmək lazımdır. Taksi sürücüləri üçün nomral şərait yaradılmalıdır. Çünki onların üzərində çox böyük tələblər var. Onlar müxtəlif sənədlər yığır, təlim keçir, imtahan verirlər. Bakıda taksi duracaqlarının sayı azdır. Avtobus zolaqları çəkiləndən sonra onlar müştəriləri mindirib düşürməkdə çox əziyyət çəkirlər.

Bununla da təhlükəli vəziyyət yaranır. Bunun üçün taksi sürücüləri məsuliyyət hiss etməlidirlər. Çünki qanunsuz fəaliyyətlə məşğul olanlar çoxdur. 35 minin cəmi 15 mini bütün sənədləri qaydasında olan sürücülərdir. 2 mini hələ də qanunsuz fəaliyyət göstərir. Onlar da problemlərini həll etsələr, sənədləri qaydasında olsa, o zaman mərkəzi informasiya sisteminə həmin sürücülər barədə məlumat ötürmək olar. Bundan sonra onların avtobus zolaqlarında hərəkətinə icazə verilə bilər”. 

(cebhe.info)

Seçilən
16
15
avtosfer.az

10Mənbələr