“Qarabağ”ın futbolçusu Marko Yankoviç və “Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuç Monteneqro millisində növbəti oyuna çıxıblar.
Arena.az xəbər verir ki, onların komandası ötən gecə UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində Türkiyə millisini qəbul edib.
Yankoviç kapitan kimi əsas heyətdə yer alıb və sonadək meydanda olub. O, 22-ci dəqiqədə sarı vərəqə alıb. Monteneqronun 3:1 hesablı qələbəsi ilə yekunlaşan görüşdə Yankoviç 2-ci qolun məhsuldar ötürməsini verib.
Edvin Kuça gəlincə, 31 yaşlı futbolçu ehtiyat oyunçular sırasında yer alıb. O, 69-cu dəqiqədə Milan Vukotiçin əvəzinə meydana daxil olub.
Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi Monteneqro millisi üçün bu, qrupda ilk qələbə və ilk xallar olub. Onlar qrupu sonuncu yerdə tamamlamaqla C Liqasına düşüblər. Türkiyə isə yarışı 11 xalla 2-ci yerdə başa vurub. Bu qrupdan A Liqasına 12 xal yığan Uels yığması yüksəlib.
Edvin Kuç “Neftçi”yə bu ilin yayında azad agent kimi keçib. 30 yaşlı mərkəz yarımmüdafiəçisinin paytaxt klubu ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var. O, “ağ-qaralar”ın heyətində 9 oyuna çıxsa da, fərqlənə bilməyib. Kuç 2023-cü ilin oktyabrında debüt etdiyi Monteneqro yığmasında 11 oyun keçirib, 3 qol vurub.
Marko Yankoviç isə 2022-ci ilin iyul ayından “Qarabağ”da çıxış edir. 29 yaşlı yarımmüdafiəçinin Ağdam klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var. O, “Qarabağ”ın heyətində 103 oyuna çıxıb, 7 qol vurub, 13 assist edib. Marko 2016-cı ilin mayında debüt etdiyi Monteneqro yığmasında 52 oyun keçirib, 1 qol vurub, 7 məhsuldar ötürmə verib.