AZ

Casusluq ittihamı: 20 şübhəli hakim qarşısına çıxarılıb - Foto

Casusluq

İstanbulda İsrailin kəşfiyyat xidməti “Mossad”a xidmətdə ittiham olunan 20 müttəhimin məhkəməsi başlayıb. İlk iclasda ifadə verən 2 müttəhim ittihamları rədd edərək, İsrail əməliyyatçılarının Türkiyədə Fələstin mənşəli şəxslər əleyhinə casusluq etmək üçün onlara pul köçürməsindən xəbərsiz olduqlarını iddia ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə “Daily Sabah” yazıb.

Türkiyə nəşrinin təhlilində qeyd olunur:

Şübhəlilərin əksəriyyəti Türkiyədə yaşayan əcnəbilərdir və son illərdə ölkədə, xüsusən də Fələstin-İsrail münaqişəsinin yeni raundundan sonra “Mossad” əməliyyatçılarına qarşı keçirilən çoxsaylı əməliyyatlardan birində yaxalanıblar.

15 təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib, digərləri isə mühakimə olunmadan sərbəst buraxılıblar.

Bir müttəhim Keniyadan hesabına pul köçürməsinin internetdə tanış olduğu qız dostundan edildiyini söyləyib. Adının baş hərfi olaraq A. kimi təqdim edilən müttəhim casusluq etmədiyini, sadəcə, onlayn dostunun ona “maddi yardım etdiyini” deyib.

Məhkəmədə ifadə verən digər təqsirləndirilən şəxs də ittihamları rədd edərək hesabına pul köçürmələrinə görə ittiham olunmasını haqsızlıq sayıb və təqsirsiz olduğunu bildirib.

İttihamnamədə deyilir ki, yanvar ayında tutulan müttəhimlər “Mossad”ın onlayn bölməsində çalışıblar və İsrail əməliyyatçılarının verdiyi “işarələr” əsasında bəzi şəxslər haqqında məlumat toplayıblar.

Prokurorlar bildirirlər ki, əməliyyatçılar müttəhimlərlə onlayn iş elanları vasitəsilə əlaqə saxlayıb və onları Türkiyədəki fələstinlilər, xüsusən də HƏMAS müqavimət hərəkatı ilə əlaqəsi olanlarla bağlı kəşfiyyata cəlb ediblər.

Aşkar edilib ki, müttəhimlərə pul terrorçu qrupların üstünlük verdiyi kriptovalyuta və ya “hawala” sistemi vasitəsilə ödənilib.

Prokurorlar deyirlər ki, müttəhimlərin işi onların hədəflərinin İsrail kəşfiyyatı tərəfindən öldürülməsinə və ya oğurlanmasına imkan verəcək. Hüquq-mühafizə orqanlarının əməkdaşları siyasi və ya hərbi casusluq ittihamı ilə müttəhimlərə 45 ilə qədər həbs cəzası istəyirlər.

Fələstin-İsrail qarşıdurması davam edərkən Türkiyə “Mossad”ın ölkədə idarə etdiyi bir neçə şəbəkəni üzə çıxarıb. Yanvar ayından bəri səlahiyyətlilər “Mossad” təşkilatı ilə əlaqədə olmada şübhəli bilinən onlarla insanı saxlayıb və ya həbs edib, həmçinin onlara qarşı ittiham irəli sürüblər.



Bu ilin mart ayında başqa bir istintaqda 6 nəfərə qarşı ittiham elan edilib. Onlar türk vətəndaşları və ölkədə yaşayan digər millətlərdən olan insanlar, - xüsusilə də HƏMAS müqavimət qruplaşması ilə əlaqəli şəxslərə qarşı - casusluğa cəlb etmədə ittiham olunurlar.

“Mossad”ın Türkiyədəki maliyyə şəbəkəsinin meneceri kimi tanınan Kosova vətəndaşı avqust ayında İstanbul polisi tərəfindən həbs edilib. İsrail kəşfiyyatının Türkiyədə yaşayan əcnəbilərə qarşı keçirdiyi əməliyyat çərçivəsində Fələstin və Suriya vətəndaşları da casusluğa cəlb edilib.

İsrailin fələstinliləri hədəf alan təcavüz aktlarına görə illərdir davam edən gərginlikdən sonra Türkiyə ilə İsrail arasında donmuş münasibətlər ötən il bərpa edilib. Bununla belə, Fələstin-İsrail münaqişəsinin yeni mərhələsinin başlanğıcı olan oktyabrın 7-dən sonra əlaqələr yenidən pisləşib. Ankara İsrailin Qəzzada hərbi əməliyyatlarını ən sərt tənqid edənlərdən biridir.

İsrailin daxili təhlükəsizlik agentliyinin (“Şin Bet”) rəhbəri ötən ilin dekabrında bildirib ki, onun təşkilatı Livan, Türkiyə və Qətər də daxil olmaqla, HƏMAS-ı istənilən yerdə hədəf almağa hazırdır. İsrailin HƏMAS qruplaşmasına qarşı müharibəsi başlayandan bəri Türkiyə və İsrail liderləri bir-birini tikanlı sözlərlə hədələyiblər. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ərazisində HƏMAS rəsmilərinin hədəfə alınacağı təqdirdə İsrailə “ciddi nəticələrlə” xəbərdarlıq edib.

Y. QACAR
Seçilən
45
reyting.az

1Mənbələr