AZ

Baydenin son addımı Rusiya-Ukrayna cəbhəsində vəziyyəti olduqca çətinləşdirib- ŞƏRH

“Əlbəttə Rusiya rəhbərliyi və silahlı qüvvələri ABŞ-nin və NATO-ya daxil olan bir sıra ölkələrin Ukraynaya yardımları davam etdirməsi, Kiyevə Rusiyanın dərinliklərinə raket zərbəsi endirməyə icazə verməsi Moskvanı ciddi narahat edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, Rusiyada bu hərəkətlilik fonunda NATO-nun Rusiyaya qarşı total müharibəyə hazırlaşdığı barədə fikir formalaşmaqdadır:

“Bunun Rusiyanın gəldiyi nəticə və ya yeni müharibəyə hazırlaşmaq üçün səbəb olmasını hələ müəyyən etmək mümkün deyil. Sadəcə qeyd etmək lazımdır ki, Baydenin son addımı Rusiya-Ukrayna cəbhəsində vəziyyəti olduqca çətinləşdirib və Trampa olan ümidləri söndürüb. Əgər Rusiyanın ehtimalları özünü doğruldarsa, heç şübhəsiz, o da NATO ölkələrinə cavab zərbəsi endirmək zərurəti ilə üz-üzə qalacaq. Bununla da Üçüncü Dünya Müharibəsi, həm də Nüvə müharibəsinin başlanacağını artıq proqnozlaşdırmaq olar.

Rusiyanın öncə hansı NATO və ya Avropa ölkəsinə cavab zərbəsi endirəcəyinə gəlincə bu onun imkanlarına baxacaq. Əgər Rusiya ABŞ və onun həssas obyektlərini vurmaq imkanına malik olsaydı, əlbəttə ki, bu ölkədən başlayardı. Bu imkan olmadığı təqdirdə isə Rusiyaya qarşı müharibədə daha çox fəallıq göstərən Avropa ölkələri Rusiyanın hədəfində ola bilər. Bu ölkələr də heç şübhəsiz Fransa və Böyük Britaniyanın olması gözləniləndir. Çünki Ukraynaya Rusiyanın dərinliklərinə raket zərbəsi endirmək istiqamətində ABŞ-la eyni addımlayan məhz bu ölkələrdir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr