AZ

Avtobuslarda güzəştlər və aylıq ödənişlər ola bilər, metroda isə... - RƏSMİ

İctimai nəqliyyatın qiymətləri gəliri az olan əhali qrupu üçün kifayət qədər yüksəkdir.

Bu sıraya tələbələr, təqaüdçülərlə yanaşı, aylıq gəliri 500-600 manat olan insanları da aid etmək olar. Bu maaşla ictimai nəqliyyatdan istifadə etməklə işə gedən insan aldığı məvacibin ən azı 100-150 manatını yola xərcləməli olur. Nəticədə bu cür insanlar yaşadığı yerdən uzaq məsafədə yerləşən iş yerlərindən imtina edirlər. Yaxud da hər gün ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində olan tələbələr var ki, bu xərclər onların işini çətinləşdirir.

Bu amillər nəzərə alındıqda, əhalinin bu qrupları üçün ictimai nəqliyyatdan istifadə zamanı güzəştlərin tətbiqi vacib hesab olunur.

Ölkəmizdə hələ ki, bu istiqamətdə hər hansı güzəştlər yoxdur.

Bəs, nəqliyyatdan istifadə zamanı güzəştlərin tətbiqi, imtiyazlı kartlardan istifadə mümkündürmü? Hansı amillər imtiyazlı gediş haqlarının tətbiqinə mane olur?

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, müxtəlif əhali qrupları – tələbələr, təqaüdçülər və digər sosial qruplardan olan şəxslərə ictimai nəqliyyatda güzəştli gediş haqlarının, həmçinin illik və aylıq ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir: “Nağdsız ödənişlərə keçid təmin olunduqdan sonra sözügedən güzəştlər və aylıq, illik ödənişlərin tətbiqi mümkün ola bilər”.

Açıqlamada qeyd olunub ki, hazırda qurum tərəfindən  sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.

“Bakı Metropoliteni” QSC-dən isə saytımıza bildirilib ki, hazırda metrodan istifadə zamanı hər hansı güzəştli gediş haqqının tətbiqi ilə bağlı məsələ gündəmdə yoxdur.

(tns)

Seçilən
14
avtosfer.az

1Mənbələr