AZ

2050-ci ilə qədər dünya əhalisinin 70%-i şəhərlərdə yaşayacaq - Muxtar Babayev

Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. Bu göstəricinin 2050-ci ilə qədər 70%-ə yüksələcəyi proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə COP29-un prezidenti və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyətinə dair yüksək səviyyəli açılış mərasimi"ndə çıxışı zamanı danışıb.

M.Babayev qeyd edib ki, yaxın 5-7 ildə şəhər əhalisi 500 milyondan çox artacaq. Bu artım şəhər infrastrukturuna, xüsusən də elektrik və su təchizatı, nəqliyyat, kanalizasiya sistemi və yollara ciddi təzyiq göstərəcək.

O, şəhərlərin qlobal CO2 emissiyalarının 70%-dən çoxuna məsul olduğunu vurğulayıb. "Şəhər sakinlərinin əhəmiyyətli bir hissəsi iqlim təsirlərinə həssas olan ərazilərdə yaşayır", - deyə o əlavə edib. Proqnozlara görə, 2050-ci ilə qədər bir milyarddan çox insan dəniz səviyyəsinin qalxması riski ilə üzləşəcək.

COP29-un prezidenti “Dayanıqlı və Sağlam Şəhərlər üçün Yollar” təşəbbüsünün təqdim olunduğunu elan edib. Bu təşəbbüs, şəhərləri davamlılıq və iqlim liderliyi mərkəzlərinə çevirmək məqsədi daşıyır. M.Babayev bildirib ki, təşəbbüs milli hökumətləri özəl və ictimai tərəfdaşlarla əməkdaşlığa çağırır.

"Milli siyasətlər yerli səviyyədə həyata keçirilə bilən strategiyalara çevrilməlidir. Çox səviyyəli əməkdaşlıq bu məsələdə mühüm rol oynayır", - deyə nazir vurğulayıb.

Nazir bildirib ki, şəhər iqliminin maliyyələşdirilməsi prioritet məsələlərdən biridir. Şəhər infrastrukturuna, enerjiyə qənaət edən binalara və dayanıqlı nəqliyyat sistemlərinə investisiya qoyuluşu daha geniş və innovativ maliyyələşdirmə mexanizmləri tələb edir.

O, həmçinin əlavə edib ki, şəhərlər və regionlar iqlim həllərinin həyata keçirilməsi üçün maliyyə vəsaitlərinə, səlahiyyətlərə və spesifik alətlərə ehtiyac duyurlar.

Nazir M.Babayev qeyd edib ki, şəhərlərin dayanıqlığının artırılması üçün hökumətlərin, özəl sektorun və ictimaiyyətin birgə səyləri zəruridir. Davamlı şəhər inkişafı və iqlim tədbirləri bu istiqamətdə əsas hədəflərdən biridir.

Fuad Mədətov
Fins.az

Seçilən
15
fins.az

1Mənbələr