AZ

Paşinyan erməniləri SÜLHƏ HAZIRLAYIR: “Ərazi iddiaları qaldığı halda…”

“Nikol Paşinyan hələ bu istefalar dalğasından öncə də hökumətin iclasındakı çıxışında Ermənistanın Müstəqilliyi haqqında Konstitusiya Bəyannaməsinin real şərtlərə uyğun gəlmədiyinin və onun əsasında dövlət qurmağın faktiki olaraq mümkün olmadığının bəyanatını vermişdi. Həmçinin o, Ermənistanın müstəqil dövlətçilik tarixinin olmadığı və erməni şüurunun ayrı-ayrı dövlətlərin təsiri altında formalaşdığı ilə bağlı çıxış da etmişdi. Nəticədə, bu, müvafiq olaraq, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı konstitusiya aktının ləğvi və dəyişdirilməsi ilə bağlı anonslar kimi qəbul oluna bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Siyasi təhlilçi Ermənistanda davam edən silsilə istefa dalğası fonunda Baş nazir Nikol Paşinyanın ölkəni sülhə hazırlaması ilə bağlı apardığı siyasəti şərh edib.

Qeyd edək ki, erməni nazir özünün “Facebook” hesabındakı örtük şəklində Ermənistanın ən hündür dağı sayılan Alagöz dağının şəklini paylaşaraq, vətənin, torpağın və dövlətin Ermənistan əraziləri daxilində olduğunu qeyd edib.

İrəvanda isə hesab edirlər ki, Baş nazir bu paylaşımı ilə ermənilərin uzun illərdir Ararat adlandırdığı Ağrı dağına olan münasibəti dəyişmək və mövcud reallıqları qəbul etdirmək istəyir.

Ermənistanın Baş nazirinin sözügedən mövqedən çıxış etməsi ilə bağlı fikirlərini bölüşən R. Bayramov isə əlavə edib ki, N. Paşinyan hakimiyyəti kifayət qədər yaxşı dərk edir ki, ölkəsinin digər ölkələrin ərazilərinə iddiaları qaldığı halda, həmin ölkə ilə real sülh müqaviləsinin imzalanması faktiki olaraq mümkün deyil:

“Azərbaycan tərəfi də dəfələrlə bu istiqamətdə öz qəti mövqeyini ortaya qoyub. Ayrı-ayrı Qərb dövlətlərinin, ABŞ-nin və Avropa İttifaqının bütün təzyiqlərinə baxmayaraq, ərazi iddialarının qalacağı halda, sülh müqaviləsinin bağlanmayacağı ilə bağlı Azərbaycanın mövqeyi mövcuddur. Ona görə də indi öz dövlət maraqlarını təmin etmək istəyən Paşinyan hakimiyyəti bu istiqamətdə real addımlar atmaq məcburiyyətindədir.

Biz Ermənistan daxilində davamlı olaraq keçirilən sorğuların nəticəsini əsas götürürük. Bilirik ki, bu sorğularda Ermənistan konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı məsələ daim azlıq tərəfindən ancaq dəstəklənir. Son olaraq isə iyun ayında belə bir sorğu keçirilib və nəticədə ölkə əhalisinin 86%-i konstitusiya dəyişikliklərin əleyhinə mövqe bildirib. Ona görə də Paşinyan zaman-zaman ictimai şüura təsir məqsədilə bu dəyişiklik baş verməyəcəyi halda sülhün əldə olunmayacağı, habelə Ermənistanın müstəqil iqtisadiyyata malik ölkə olaraq inkişaf etməsinin mümkün olmayacağı ilə bağlı mesajlar verir. Biz baxsaq, görərik ki, hər 2-3 aydan bir Paşinyan oxşar bəyanatlarla çıxış edir və bu da ictimai rəyi hazırlamaq məqsədi daşıyır”.

Analitik əlavə edib ki, bu istiqamətdə addımların atılması şərtdir:

“Bunu Paşinyan da başa düşür, Rusiyadan asılılıqdan qurtarmağın yeganə yolunun Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçdiyini də kifayət qədər dərk edir eləcə də Qərbin təzyiqləri fonunda Rusiyadan uzaqlaşmaq üçün sülh sazişinin bağlanmasının vacibliyini də anlayır. Ona görə də bu istiqamətdə ictimai rəyi hazırlamaq üçün hansısa mövqe ortaya qoyur. Amma buna nə qədər nail olacaq, təbii ki, bunu zaman göstərəcək. Çünki ayrı-ayrı ölkələrin də ictimai rəyə təsir imkanları qalmaqdadır. Hətta bir qisim Qərb ölkələri Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı deyillər və gərginliyin davam etməsini özlərinin Cənubi Qafqaz maraqlarını təmin etmək üçün bir fürsət kimi görürlər”.

Siyasi ekspertin fikrincə, Paşinyanın bu proseslərdə nə qədər müstəqil ola və ictimai rəyi nə qədər hazırlaya biləcəyi, təbii ki, zamandan asılıdır:

“Bir çox hallarda, daxildə baş verən istefalar və dəyişikliklər də, əslində, ancaq o sahələri əhatə edir ki, burada daxili faktorlar əsas götürülür. Əgər söhbət vergilərdən, gömrük, Daxili İşlər Nazirliyi orqanlarından, İstintaq Komissiyasından, Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən və səhiyyə sistemindən gedirsə, deməli, bu istefalar birbaşa daxili auditoriyanın narazı olduğu sahələri əhatə edir. Yəni Paşinyan maksimum çalışacaq ki, ictimai rəydə mövcud hakimiyyətin mövqelərini möhkəmləndirmək hesabına nəticədə xalqı referendum keçirmək və konstitusiya dəyişikliyinə getməyə razı sala bilsin. Çünki, əks halda, Ermənistanın nə Qərbdən gələn sifarişləri icra edərək Rusiyanın asılılığından qurtarmaq, nə də regionda dalan dövlətdən çıxmaq üçün real addımlar atmaq imkanı var”.

Rafi Müslümov

Seçilən
80
50
yenicag.az

10Mənbələr