Hurriyyet.az xəbər verir ki, "Tayms" ("The Times") qəzeti Ukraynanın 50 ədəd ATACMS taktiki ballistik raketinə sahib olduğunu bildirib.
Bəlli olduğu kimi, ABŞ Prezidenti Cozef Bayden Kiyevə həmin silahlarla Rusiyanın daxili ərazilərini vurmaq icazəsi verib.
"Tayms" yazır: "Pentaqon heç bir rəqəm açıqlamasa da, hazırda Kiyev hökumətinin cəmi 50 ədəd raketi var. Ukrayna həmin raketləri atmaq üçün yetərincə HİMARS və MLRS raket qurğularına malikdir".
Vaşinqtonun Müharibənin Tədqiqi İnstitutunun məlumatına görə, ATACMS raketləri 300 km əhatə radiusuna və Rusiyanın təqdibən 245 ədədə yaxın hərbi obyektini təhdid etmək imkanına malikdir.
Bununla yanaşı, Pentaqonun rəsmi təmsilçisi Sabrina Sinqh ABŞ Prezidenti Co Baydenin Ukraynaya ABŞ raketlərindən Rusiyanın daxili ərazilərinə zərbə vurmasına icazə verməsi xəbərini təsdiqləməkdən imtina edib.
Sinqh RF Müdafiə Nazirliyinin ötən gün Braynsk vilayəti üzərində ATACMS raketlərinin vurulması xəbərinə şərh verməkdən də imtina edib.
RF MN noyabrın 19-da Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətinə ABŞ istehsalı olan 6 ədəd ATACMS raketi atdığını, onlardan 5-nin HHM sistemləri ilə vurulduğunu, 1-nin isə zədələndiyini bildirmişdi.
2023-cü ilin payızında Ağ Evin Milli Təhlükəsizlik Şurasının təmsilçisi Edrienn Votson ABŞ-ın Ukraynaya ATACMS raketlərini verdiyini, onların maksimum 305 km mənzilə malik olduğunu bəyan etmişdi.
Ötən bazar günü "Nyu-York Tayms" nəşri mənbələrə istinadla, ABŞ Prezidenti Cozef Baydenin Ukrayna ordusuna Rusiya daxilini ATACMS raketləri ilə vurmaq icazəsi verdiyini xəbər vermişdi.
Hürr Tərcüman