AZ

Anar Məmmədlinin həbs müddəti 3 ay uzadılıb

Noyabrın 20-də Bakının Xətai Rayon Məhkəməsi istintaqın hüquq müdafiəçisi Anar Məmmədlinin ilkin həbs müddətinin uzadılması haqqında təqdimatını təmin edib, bu barədə onun vəkili Elçin Sadıqov bildirib.

Eyni zamanda, Xətai Rayon Məhkəməsində keçirilən başqa bir iclasda müdafiə tərəfin Məmmədlinin ev dustaqlığına köçürülməsi haqqında vəsatəti təmin olunmayıb.

Vəkil hər iki qərarı "siyasi qərar" adlandırıb.

Müdafiə tərəfi hesab edir ki, Məmmədliyə qarşı iş onun hüquq müdafiə fəaliyyətinə görə qisasdır.

"Anar Məmmədlinin hər hansı cinayət törətməsinin heç bir sübutu yoxdur. Saxta sübutlar düzəltməyə çalışılır. Hər iki məhkəmə qərarından narazıyıq və apellyasiya şikayəti verəcəyik", deyə vəkil bildirib.

O, həmçinin Məmmədlinin səhhətindəki problemlərin şiddətlənməyə doğru getdiyini qeyd edib.

"Anar müayinə və müalicə olunmur. Bizə demişdilər ki, o, müayinələrdən keçirilib, amma bu gün o, bu məlumatları təkzib etdi.

Biz bununla bağlı məhkəməyə müraciət etmişdik, məhkəmə bizim vəsatətimizi təmin etməyib. Bu qərardan da apellyasiya şikayəti veriləcək", deyə Sadıqov qeyd edib.

Norveç hüquq müdafiəçiləri və bir sıra Qərb səfirliklərinin nümayəndələri bugünki proseslərdə iştirak etmək istəyiblər, lakin onlar proseslərə buraxılmayıb.

*  Anar Məmmədli aprelin 29-da saxlanılıb, aprelin 30-da isə CM-in 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Məmmədlini və həbs edilmiş digər şəxsləri dərhal azad etməyə çağırıb.

Anar Məmmədli seçki hüququ sahəsində fəaliyyət göstərən QHT-nin rəhbəri və seçkilər haqqında tənqidi hesabatların müəllifidir.

Seçilən
57
turan.az

1Mənbələr