AZ

Soyunub etiraz edən tələbə qız azad edildi – FOTO

İran hakimiyyəti keçən ay Tehranda soyunaraq hökumətə etiraz edən Azad Universitetinin tələbəsini azad edib.

News24.az noyabrın əvvəlində sosial şəbəkələrdə yayılan videoda dostlarının “Ahoo” adlandırdığı Mahla Dəryayinin İran hökumətinə yaxın milislər tərəfindən döyüldüyü iddia edilir. Bu hadisədən sonra Dəryayi paltarını çıxarıb və alt paltarı ilə hökumətə etiraz edib.

İran ədliyyəsinin sözçüsü Əsgər Cahangir bildirib ki, Dəryayi xəstəxanada müalicə olunub və sonra ailəsinə təhvil verilib. 

Saxlanma beynəlxalq etirazlara səbəb olub. “Amnesty İnternational” da daxil olmaqla bir çox təşkilat qadının dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb. 

Hadisənin ilk görüntülərini tələbə hərəkatı yayıb. Hərəkat iddia edib ki, Dəryayi baş örtüyü taxmadığı üçün təhlükəsizlik qüvvələri ilə mübahisə edib və mübahisə zamanı paltarını çıxarıb.

Onun etirazından sonra İran rəsmiləri Dəryayinin "ruhi xəstə" olduğunu və psixiatriya klinikasına aparıldığını bildirib. 2022-ci ildə baş verən Məhsa Əmini etirazlarında İran həbs olunan etirazçılara oxşar iddialar irəli sürüb.

Saxlanıldıqdan sonra sosial şəbəkələrdə iranlı fəallar qadın hüquqları müdafiəçilərinin ruhi xəstəliklə əlaqələndirilməsinin sistematik təzyiq üsulu olduğunu bildiriblər.

BBC-yə danışan 2018-ci ildə Kanadaya qaçan iranlı qadın fəal Əzəm Canqravi deyib ki, ailəsi İran tərəfindən ona ruhi xəstə kimi davranmaq üçün təzyiq edilib.

İki il əvvəl Məhsa Əmini baş örtüyün “düzgün” geyinmədiyi üçün saxlanıldıqdan sonra polis nəzarətində ölüb. Onun ölümündən sonra başlayan və aylarla davam edən ümummilli etirazlarda 500-dən çox insanın öldüyü bildirilirib.

Aynurə

Seçilən
25
news24.az

1Mənbələr