AZ

Viktor Dyökereş həm İsveçin, həm də millimizin tarixinə düşdü

UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan millisi ilə oyun (6:0) İsveç yığmasının futbolçusu Viktor Dyökereş üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, ötən gecə baş tutmuş bu oyunda Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb.

26 yaşlı hücumçu buna sözügedən oyunda poker etməklə nail olub. Hazırda Portuqaliyanın “Sportinq” klubunda çıxış edən forvard 12 ildən sonra İsveç yığmasında bir görüşdə 4 qol vuran ilk oyunçu olub.

Xatırladaq ki, Zlatan İbrahimoviç 2012-ci ildə İngiltərə ilə yoxlama matçında 4 dəfə fərqlənib. O, 2004-cü ildə də DÇ-2006-nın seçmə mərhələsində Malta ilə matçda eyni uğura imza atıb.

Beləliklə, Dyökereş İsveç millisinin tarixinə son 20 ildə rəsmi matçda poker edən ilk futbolçu kimi düşüb.

Dyökereş Azərbaycan millisinin də tarixinə düşüb. Belə ki, isveçli hücumçu yığmamıza ən çox qol vuran futbolçu adına sahib çıxıb. O, millimizin qapısından indiyə qədər ümumilikdə 6 top keçirib. Hücumçu buna 4 oyunda nail olub.

Viktor Dyökereş Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeyə məxsus rekordu yeniləyib. Hazırda “Nürnberq”də Mahir Emrelinin baş məşqçisi olan almaniyalı veteran futbolçu vaxtilə yığmamızın qapısına 5 qol vurub.

Xatırladaq ki, Viktor UEFA Millətlər Liqasının ilk dövrəsinin Bakıdakı matçında komandasının 3:1 hesablı qələbəsinə bir qolla töhfə vermişdi. Onun yığmamıza vurduğu digər top isə 2023-cü ilin martında AÇ-2024-ün İsveçdəki matçına (5:0) təsadüf edib.

Dyökereş pokerə imza atdığı sonuncu matçla bağlı fikirlərini də bölüşüb. O, matçdan sonra bunları söyləyib: “Oyunumuz çox yaxşı alındı. Möhtəşəm gün oldu. Bol qollu qələbə qazanmaq istəyirdik, əsas hədəfimiz bu idi. Verilən tapşırığın öhdəsindən layiqincə gəldik. Bu matçda 4 qol vurdum. Təbii ki, bu mənim üçün olduqca xoşdur. Millidə bundan sonra daha neçə qol vuracağımı zaman göstərəcək”.

Aleksandr İsak vurduğu qolun sayılmamasına etiraz etdi

İsveç yığmasının digər futbolçusu Aleksandr İsak da millimiz üzərindəki darmadağından danışıb. O, 45+2-ci dəqiqədə vurduğu qolun ofsayd səbəbindən sayılmamasını düzgün saymır: “Yalan deməyəcəyəm. Demək olar ki, yanıram. Necə mümkündür? Bu, demək olar ki, indiyədək gördüyüm ən pis şeydir. Ağrılı idi. VAR varsa, təkrarı 10 dəfə izləyə bilirsənsə, belə bir şey olmamalıdır. Məncə, həmin epizodda ofsayd yox idi, xətt düzgün çəkilməmişdi”.

“Nyukasl”ın forvardı böyükhesablı qələbələrinə baxmayaraq, özü fərqlənmədiyi üçün məyus olduğunu deyib: “Bu səviyyədə olan matçlarda belə bir şeyi heç vaxt yaşamamışdım. Xeyli qaçırılmış vəziyyətlər görmüşük, amma bu, tamam fərqli idi. Hətta penaltidən qol vurmaq şansım var idi. Amma bu şansımı da əldən verdim. Bu, əlbəttə ki, kədərlidir”.

Seçilən
15
arena.az

1Mənbələr