AZ

Xocalıya və Ağdərəyə köç hazırlığı

Bakı, Sumqayıt və Gəncə şəhərlərində məskunlaşanların rahat köçürülməsi üçün tender elan olunub

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanat nəticəsində ölkəmiz daha bir tarixi zəfərə imza ataraq, Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı.

2020-ci ildəki Vətən müharibəmizdəki parlaq qələbəmizdən sonra işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Ağdamda da bərpa-quruculuq işləri, eləcə də bu ərazinin də minalardan təmizlənmə prosesi çox sürətlə aparılır. Ağdamla bağlı plana əsasən 2026-cı ilə qədər bu şəhərə 10 minə qədər əhali köçəcək. Sonrakı illərdə şəhərin əhalisi 100 minə çatdırılacaq.

Vüqar

Vüqar İskəndərov

Deputat Vüqar İskəndərov bildirib ki, Ağdamın işğaldan azad olunması Prezident İlham Əliyevin hərbi və siyasi dühasının nəticəsidir: “Artıq 4 ili geridə qoymuşuq və Ağdam günü-gündən dirçəlir. Soydaşlarımız öz yurd-yuvalarına qayıdırlar. Bütün dünya gördü ki, mənfur düşmən Ağdamı hansı vəziyyətə salıb. Əbəs yerə onu "Qafqazın Xirosiması" adlandırmırıq. İşğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymaqla, təhqir və qarət etmişdi. Bunu isə bütün dünya görməlidir. Biz isə dədə-baba torpaqlarımızı bərpa edirik. Möhtəşəmliyi geri qaytarırıq. Tez bir zamanda Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq. 2021-ci ilin 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam yenidən qurulur. Plana əsasən şəhərin özündə 5 məhəllə nəzərdə tutulub. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Cənab Prezident İlham Əliyevin tez-tez bu ərazilərə səfəri də onu deməyə əsas verir ki, sürətlə gedən quruculuq işləri nəticəsində həmvətənlərimiz tezliklə Ağdamda öz ata yurdlarında rahat şəkildə yaşayacaqlar".

teymurlu.jpg

Araz Teymurlu 

Əslən Ağdamdan olan AĞ Partiyanın Protokol şöbəsinin rəhbəri Araz Teymurlu Ağdama geridönüşü səbirsizliklə gözlədiklərini qeyd etdi: “Ağdam bir zamanlar Azərbaycanın mədəniyyət və iqtisadi mərkəzlərindən biri idi. İşğal dövründə isə yerlə yeksan edilərək "Qafqazın Xirosiması" adını aldı. Lakin 2020-ci il Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Ağdam yenidən ümid və dirçəlişin rəmzinə çevrildi. Mən özüm əslən Ağdamın Papravənd kəndindənəm. Babamın doğulduğu bu kənd mənfur düşmən tərəfindən yerlə yeksan edilib. Amma bu gün artıq Ağdamın və onun kəndlərinin bərpası həyata keçirilir. Şəhər “Ağıllı şəhər” konsepsiyası əsasında müasir infrastrukturla yenidən qurulur. Yollar, elektrik və su təchizatı, kommunikasiya xətləri bərpa edilir. Tarixi abidələr, məktəblər və xəstəxanalar yenidən tikilir. Ağdamda yenidənqurma işləri sürətlə davam edir. Ağdamlılar geridönüşü səbirsizliklə gözləyirlər. Azərbaycanın əldə etdiyi bu tarixi qələbə, illərlə erməni lobbisinin ABŞ və Avropadakı məkrli planlarına, beynəlxalq aləmdəki ikili standartlara və təzyiqlərə baxmayaraq, dövlətimizin gücünü və xalqımızın iradəsini ortaya qoydu. Qəhrəman şəhidlərimizin və igid qazilərimizin sayəsində qazanılan bu zəfər təkcə torpaqlarımızın azad olunmasını deyil, həm də Azərbaycan xalqının ədalət uğrundakı mübarizəsinin haqq iş olduğunu sübut etdi. Ağdama qayıdış təkcə məcburi köçkünlərin öz torpaqlarına dönüşü deyil, həm də Azərbaycanın gələcək inkişafının təməlidir. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Bu müqəddəs torpaqlar, itkilərimiz və qəhrəmanlarımız sayəsində yenidən dirçəlir və xalqımızın qürur simvoluna çevrilir".

Qeyd edək ki, Xocalı rayonunun Ballıca və Ağdərə rayonunun Həsənriz kəndlərinə də köç planlaşdırılır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat verib.

Dövlət Komitəsi qeyd olunan ərazilərə köçlə əlaqədar insanların yüklərinin daşınmasının həyata keçirilməsi ilə bağlı tender elan edib.

Daşıma işləri həmin ərazilərə köçürüləcək şəxslərin yaşadığı Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron, Bərdə, Goranboy, İsmayıllı, Şəki, Göygöl, Mingəçevir, Tərtər, Yevlax və Xaçmaz rayonlarından həyata keçiriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı intensiv qaydada icra edilir. İndiyədək Xocalı şəhərinə 46 ailə, yəni 179 nəfər doğma yurda köçürülüb.

Yazını hazırladı:  Cavanşir ABBASLI

Seçilən
15
musavat.com

1Mənbələr