AZ

32 il - Uğurlarla zəngin dövr

Nəinki Azərbaycanın, Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 ili tamam olur. 32 il partiyanın tarixinə sadalamaqla bitməyən uğurlar, zəfərlər yazıb. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan YAP atdığı hər addımında xalqın partiyası olduğunu, sözlə əməl birliyini təsdiqləyir. Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 illiyi paytaxt və bölgələrdə böyük təntənə ilə qeyd edilir. Son illərin qürurverici hadisələrindən biri bayramlarımızın, əlamətdar günlərin işğaldan azad edilmiş ərazilərimizdə təntənə ilə qeyd edilməsidir. Bu gün bu torpaqlarda geniş miqyas alan bərpa-quruculuq işləri, dalğalanan Azərbaycan Bayrağı hər birimizi qürurlandırır. Bu sevinci bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna hər zaman minnətdarıq.

Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaradıldı və 32 ildə çətin, şərəfli yol keçdi. Keçirilən tədbirlərdə bir daha partiyanın yaranma zərurətindən, keçdiyi inkişaf yolundan bəhs edilir, tarixi Zəfərimizin yaratdığı reallıqların fonunda müəyyənləşdirilən hədəflərə diqqət yönəldilir. Hər zaman bu reallıq qeyd edilir ki, YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazandı. Partiya dövlətə və xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi hər zaman öndə saxlayır. 32 il keçilən yolun hesabatı, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin təqdimatıdır.
YAP 32 ildə qəbul etdiyi Nizamnamənin və Proqramın tələblərinə uyğun addımlar ataraq bütün hədəflərinə yüksək səviyyədə nail oldu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın, həmçinin Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı oldu. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan yenidən quruldu, demokratik inkişafın vacib elementləri ölkəmizdə bərqərar oldu. YAP-ın hazırkı çağırışlarına diqqət yetirdikdə bu fikri də böyük inamla qeyd edə bilərik ki, o zaman ölkəni yaranmış çətin vəziyyətdən xilas etmək üçün yaranan partiya bu gün “Biz birlikdə güclüyük!” deyib işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə töhfə vermək istəyini atdığı addımları ilı təsdiqləyir. Partiyanın keçdiyi inkişaf yolunda bir sıra məqamlara diqqət yetirək. Təbii ki, əsas olan partiyanın yaranması zərurətidir. Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir: “Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.
1992-ci il 21 noyabr tarixində 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu, Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Partiya yaranandan 7 ay sonra iqtidar partiyasına çevrildi. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf, tərəqqi, yaradılan möhkəm təməl Azərbaycanı tarixi Zəfərinə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinə qovuşdurdu. Cənab İlham Əliyev partiyanın 2021-ci ildə tarixi Zəfərimizin çağırışları əsasında keçirilən VII qurultayında bildirmişdi: “Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladış Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın”.
Qeyd etdiyimiz kimi, 32 il zaman baxımından böyük olmasa da, uğurlarla zəngin dövrdür. Bu uğurların əsasında dövlətə, xalqa xidmət dayanır. Azərbaycanın daha da güclənməsinə, qüdrətlənməsinə, xalqımızın rifah içində yaşamasına çalışan və bunu addımları ilə təsdiqləyən Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir. Xalqın partiyaya inamının və etimadının göstəricilərindən biri ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmasıdır. YAP qələbələr partiyası kimi tanınır və nüfuz qazanır. Partiya qarşıdakı dövrdə tarixini daha möhtəşəm uğurlarla zənginləşdirəcək.

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri

Seçilən
19
sesqazeti.az

1Mənbələr