AZ

Türkiyə elektrik mühərrikli qatarlar istehsal etməyə başlayıb

Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu COP29 çərçivəsində media nümayəndələrinə açıqlama verib.

Musavat.com xəbər verir ki, türkiyəli nazir bu qədər böyük tədbirin təşkilini cəsarətli addım kimi dəyərləndirib və yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycana təşəkkür edib.

Əbdülqadir Uraloğlu bildirib ki, iqlim dəyişikliyi həyatın hər bir sahəsinə ciddi təsir göstərir:

"İlk növbədə 0 emissiya hədəfinə nail olmalıyıq. Türkiyənin 2053-cü ilə kimi hədəfləri içərisində bu var. Bunu reallaşdırmaq üçün elektriklə işləyən nəqliyyat vasitələrindən istifadə daxil olmaqla, hər cür planlaşdırma edirik. Velosipeddən istifadəni təşviq etmək üçün də bir çox islahat həyata keçiririk. Hava, dəniz və quru yollarının ticarətdə böyük önəmi var. Türkiyədə 58 hava limanından 50-i karbon sertifikatı alıb. Bu, dünyada ən yüksək göstəricilərdən biridir".

Nazir əlavə edib ki, Orta Dəhlizdə elektrik mühərrikli qatarlardan istifadə imkanları araşdırılır: "Biz də elektrik mühərrikli qatarlar istehsal etməyə başlamışıq. Regiondakı bütün dəhlizlərlə yanaşı, Yüksəliş (Kalkınma) dəhlizi üzərində çalışırıq. İraqın Bəsrə körfəzindən başlayıb, Türkiyəyə 1200 kilometr məsafədə, Avropaya doğru, Orta dəhlizə bağlanmaqla bağlı layihəmiz var. Gələcək nəslə daha gözəl dünya vermək üçün əlimizdən gələni etməliyik",- deyə nazir deyib.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr