Ermənistanın “Hraparak” qəzeti bu gün bir iddia elə çıxış edib. Müəllif yazır ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Paşinyan Azərbaycan tərəfinə təklif edib ki, ölkələr arasında sülh müqaviləsi imzalansın və bu sənəd Ermənistan konstitusiyasında edilən dəyişiklikdən sonra qüvvəyə minsin. Qəzet yazır ki, rəsmi Bakı isə bundan imtina edib. Qeyd olunub ki, Azərbaycan tərəfinin tələb etdiyi dəyişikliklər olmadığı müddətdə sülh müqaviləsinə imza atılmayacaq.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın ədliyyə naziri Qriqor Minasyan yerli mətbuata açıqlamasında bildirmişdi ki, konstitusiya islahatı ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır.
Sülh müqaviləsinin imzalanması üçün isə Azərbaycan tərəfinin şərtləri bəllidir. Onu da qeyd etmək lazımdır ki, hazırda Azərbaycan tərəfi sülh müqaviləsi ilə bağlı müzakirələri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) ilə dolayı dayandırıb.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirmişdi ki, Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsi mətninin müzakirəsinə qayıdacaqlar. O bildirib ki, noyabrın sonuna qədər Azərbaycanın gündəmindəki əsas mövzu COP29-dur.
“Ola bilsin, dekabr ayından etibarən, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”, – deyə Hacıyev vurğulayıb.
Göründüyü kimi, Ermənistanın əsas məqsədi hər hansısa çərçivə sənədi imzalayaraq sülhdən yayınmaqdır.
Ekspertlər də bunu belə qiymətləndirir:
Beynəlxalq məsələlər üzrə siyasi ekspert Əziz Əlibəyli KONKRET.az-a açıqlamasında qeyd edib ki, beynəlxalq praktikada da “Hraparak”ın iddia etdiyi təcrübə yoxdur:
“Bu, Ermənistanın tələyə salmaq versiyalarından biridir. Beynəlxalq praktikada bu cür halların olması da şübhəlidir. Əslində, erməni tərəfinin təklifinin arxasında sülhdən yayınmaq cəhdləri dayanır. Bu məsələ ilə bağlı ciddi qarantiya tələb etmək lazımdır. Çünki nə vaxtsa Ermənistanda revanşist qüvvələr baş qaldıra bilər. Həmçinin digər məsələ də işğala və digər məsələlərə görə cinayətkarların cəzalandırılmamasıdır”.
Göründüyü kimi, Ermənistan bacardığı qədər sülhdən yayınmağa çalışır. Ancaq Azərbaycanın mövqeyi birmənalıdır! Sülh rəsmi Bakıdan daha çox İravana lazımdır. Odur ki, zaman onların əleyhinə işləyir. Vaxt gedir.
Məlik Məlikov,
KONKRET.az