AZ

Sinəsi dağlı, sakinlərinin qəbri pərən-pərən düşən Ağdam... » AzadMedia.az


Bu gün Ağdam Günüdür – sinəsi dağlı, xatirələri yaralı, alnına məcburi köçkünlük yazılan sakinlərinin qəbri pərən-pərən düşən, sağ qalan sakinlərinin həsrəti ilə dolu olan o müqəddəs torpağın simvolik xatirə günü...
Haşiyədən kənar: Ağdamlı yaxınımız var. 1-ci Qarabağ Müharibəsi döyüşçüsüdür. Torpaqlar işğaldan azad olandan sonra dəfələrlə Ağdama getsə də, atasının qəbrini tapa bilmirdi. Səfərlərin birində qardaşı tapdı atalarının qəbrini... Anaları isə Bakıda vəfat edib, dəfn edilib. Müharibə təkcə evlərini, gəncliklərini əllərindən almadı, ən qiymətli gənclik dövrünə məcburi köçkün həyatı yaşatmadı, ata-anaların, bacı-qardaşların, ər-arvadların qəbrini ayrı saldı, mənəvi əzab yaşatdı insanlara...
Ağdam illərlə Azərbaycanın qanayan yarası, işğalın və faciənin ən acı nişanələrindən biri olub. 1993-cü ildə erməni işğalı nəticəsində yerlə-yeksan edilən, “Qafqazın Xirosiması” adlandırılan Ağdam, fiziki olaraq viranə qalsa da, xalqın yaddaşında və ruhunda yaşamağa davam etdi.

Ağdam təkcə bir şəhər deyil, Azərbaycanın tarixini, mədəniyyətini və milli ruhunu, dəyərlərini özündə əks etdirən bir ocaqdır. Qarabağ atlarının yurd yeri, Üzeyir Hacıbəylinin musiqi sədaları, "İmarət" stadionunda səslənən alqışlar və mədəniyyət beşiyi olan bu şəhər, həm də müqavimətin, dirənişin və ümidin simvoludur. Onun məscidləri, türbələri, Qarabağ xanlarının izləri Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsidir.

Ağdamdan danışanda Ağdamın şəhidlərindən yazmasaq, olmaz! Ağdam şəhidləri Azərbaycanın qəhrəmanlıq tarixində əbədi yer tutan igidlərimizdir. Ağdam torpaqları 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı ən ağır döyüşlərdən birinin şahidi olmuşdur. Bu müqəddəs torpaqların müdafiəsi uğrunda minlərlə azərbaycanlı oğul və qız öz həyatını qurban vermiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmişdir.

Ağdamın şəhidləri arasında əsgərlər, zabitlər, könüllü döyüşçülər, eləcə də bu torpaqlarda yaşayan sadə insanlar var idi. Onlar düşmənin qarşısını almaq üçün hər cür çətinliyə sinə gərmiş, qəhrəmanlıq göstərərək torpaqlarını müdafiə etmişlər. Xüsusilə, Qarabağ müharibəsində Ağdam rayonu böyük strateji əhəmiyyət daşıdığı üçün düşmən hücumlarının əsas hədəflərindən biri olmuşdu. Bu səbəbdən Ağdamın müdafiəsi həm ağır döyüşlər, həm də çoxsaylı itkilərlə yadda qaldı.

Ağdam şəhidlərinin xatirəsi bu gün hər birimizin qəlbində əbədi yaşayır. Onların fədakarlığı nəticəsində xalqımız müstəqilliyini qoruyub saxladı və düşmənə qarşı mübarizədən geri çəkilmədi. Ağdam azad olunduqdan sonra onların müqəddəs ruhları da rahatlıq tapdı. Şəhidlər xiyabanlarında və məzarlarında bu qəhrəmanların adı, hər bir azərbaycanlının yaddaşında yaşayır.
Bu gün Ağdam şəhidlərinin qanı ilə suvarılmış torpaqlarda yenidən həyat bərpa olunur. Azərbaycan xalqı onların göstərdiyi qəhrəmanlığı unutmur və hər zaman minnətdarlıqla xatırlayır. Onların igidliyi və fədakarlığı Azərbaycanın müstəqilliyi və suverenliyi üçün tarixin ən dəyərli səhifələrində əks olunmuşdur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların ruhları şad, məkanları cənnət olsun!
Şükürlər olsun ki, Ağdamın işğaldan azad edilməsi ilə bu torpağın qəlbində yenidən həyat cücərməyə başladı. Bu, yalnız bir şəhərin deyil, həm də bir millətin dirçəlişi oldu. Ağdamın bərpası prosesi Azərbaycanın dövlətçilik gücünün və xalqının milli iradəsinin göstəricisidir. Bu gün, Ağdamda yeni tikililər, infrastruktur layihələri ilə həyat yenidən canlanır, xalqın qayıdışı üçün şərait yaradılır.

Sinəsi dağlı, sakinlərinin qəbri pərən-pərən düşən Ağdam bir gün tamamilə əvvəlki ehtişamını bərpa edəcək, tarixi və mədəniyyətini gələcək nəsillərə daşıyacaq. Bu gün isə biz yalnız keçmişi xatırlamırıq, həm də gələcəyə böyük ümidlə baxırıq. Ağdamın ruhu, gücü və mənəvi dəyərləri həmişə xalqımızın qəlbində yaşayacaq!
Elnurə Abuşova
Seçilən
37
1
azadmedia.az

2Mənbələr