AZ

Qarakənd faciəsindən qərinə ötür – rəsmi İrəvanın düşünəcəyi daha bir məsələ - ŞƏRH

Bu gün müstəqil Azərbaycanın tarixində faciəvi gün kimi yad edilir.

1991-ci il noyabrın 20-də Xocavənd rayonu Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisindən qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycanın hərbi helikopteri vurulub.

Bu xain hücum nəticəsində dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev, ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İqor Plaviski, operator Fəxrəddin Şahbazov, AzTV-nin əməkdaşı Arif Hüseynzadə, Dövlət katibinin köməkçisi Rafiq Məmmədov, ovaxtkı Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, Fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Meliorasiya və Su Təsərrüfatı nazirinin birinci müavini Qurban Namazəliyev və helikopter heyətinin üç üzvü həlak olublar.

Bu gün ermənilərin terror hücumunun qurbanı olmuş 22 şəxsin yad olunduğu gündür. Faciə sovetlərdən qalma hərbçilərlə ermənilərin birgə törətdikləri cinayətdir. Azərbaycan DTX bunu terror adlandırmışdı.

Hadisədən 33 il ötsə də, “qara qutudan” hələ xəbər yoxdur. Bu isə faciə ilə bağlı müxtəlif fikirlərin, versiya və şayiələrin yayılmasına səbəb olub.

Qarakənd hadisəsi Azərbaycanın müstəqillik yolunda davamlı addımlamasına, ərazi bütövlüyü uğrunda mübarizəsinə maneə sayılır.

1991-ci ildə baş vermiş mühüm hadisələrə nəzərə salaq. Azərbaycanın müstəqilliyi məsələsi milli azadlıq mübarizəsi başlayan zamandan gündəlikdə idi. Bununla belə hakimiyyət bu istiqamətdə əməli addım atmırdı. Baltikyanı respublikalar (Latviya, Litva, Estoniya) 1990-cı ilin martında, Gürcüstan isə həmin ilin mayında birtərəfli qaydada müstəqilliklə bağlı mövqelərini açıq və qəti olaraq bildirmişdilər.

Çox ziddiyyətli dövr idi. 1991-ci il martın 7-də ovaxtkı Ali Sovetin sessiyasında “Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ-nin -red.) saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” məsələ müzakirə edilib.

Onda Ümummilli Lider Heydər Əliyev buna qarşı çıxaraq geniş nitq söyləmişdi. Həmin çıxışda bir hissəni diqqətinizə çatdırırıq: “...İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır... Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”...

Etirazlara baxmayaraq ovaxtkı Azərbaycan rəhbəri Ayaz Mütəllibov hakimiyyəti martın 17-də belə bir referendumun keçirilməsinə şərait yaradıb. Referendumun nəticəsinə əsasən, Azərbaycanın sovetlərin tərkibində qalmasına dair nəticə açıqlanmışdı.

Həmin illərdə Qarabağda qanunsuz erməni silahlılarının tərkisilah edilməsi Azərbaycan ictimaiyyətinin və hökumətinin Moskva qarşısında qoyduğu əsas tələb idi. Xanlar (Göygöl) rayonunun Çaykənd kəndində yerləşdirilən və silahlandırılan ermənilər (“saqqalılar” da deyirdilər) bölgədəki kəndlərə hücumlar edirdilər.

Referendumdan sonra 1991-ci il aprelin 30-dan mayın 15-dək Çaykənd və ya "Halqa” adı altında əməliyyat keçirilib. Rəsmi olaraq "pasport yoxlanılması" adlanan əməliyyatın əsas hədəfi erməni hərbi dəstələrinin silahsızlaşdırmaq idi. Tədbir Sovet Quru Qoşunlarının hərbi nəqliyyat vasitələri, artilleriya, helikopterlərlə müşayiət olunurdu. Çaykənd əməliyyatı strateji məqsəd daşıyırdı. Azərbaycan tərəfdən bu əməliyyatda general Məhəmməd Əsədovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Milis Dəstələrində (XTMD – “OMON”) yalnız azərbaycanlılar xidmət edirdilər.

İsmət Qayıbov və Məhəmməd Əsədov bu məqsədlə Hacıkənddə yaradılan qərargahın üzvləri idi.

Çaykənd erməni saqqallılarından azad edilib. Bölgəyə qanunsuz olaraq yeridilən silahlı ermənilər pasport yoxlaması nəticəsində kənddən uzaqlaşdırılıblar.

Ovaxtkı Moskva bununla həm də günü-gündən zəifləyən Ayaz Mütəllibov hakimiyyətini gücləndirməyə, onu sovetlər birliyində saxlamağa çalışırdı. Ancaq həmin ilin avqustunda Moskvada baş verən “QKÇP” (“Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi”) məzhəkəsi SSRİ-nin çökməsini sürətləndirdi.

1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyası 4 gün müzakirə apararaq, oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.

Qarakənd faciəsi cinayətini törədənlər və təşkilatçılar helikopterdə ölkənin mühüm post tutan dövlət rəsmilərinin olduğunu çox gözəl bilirdilər.

Ölkədə həmin dövrdə vəziyyət sabit deyildi. Bu terror yaranmış vəziyyəti daha mürəkkəbləşdirmək, gərginliyi artırmaq və xaos yaratmağa hesablanmışdı. Ermənilər bu şəraitdən istifadə edərək daha çox əraziləri ələ keçirməyi planlaşdırırdılar.

Həmin il ermənilər Azərbaycan ərazisində silsilə terrorlar törədib: yanvarın 4-də Sarkisyan Qraçik Qriqoryeviçin başçılıq etdiyi terrorçu qrup Əsgəran-Ağdam yolunda körpünü partlatmışdı. Həmin qrup aprelin 18-də Xocavənd rayonunda Amaras kilsəsi yaxınlığında üç azərbaycanlı polis əməkdaşını da qətlə yetirmişdi.

Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan yanvarın 9-da Laçın-Şuşa yolunda "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri Salatın Əsgərova, batalyon komandiri polkovnik-leytenant O.Larionov, Laçın rayonunun hərbi komendaturasının qərargah rəisi mayor İ. İvanov və çavuş İ. Qoyekinin olduğu avtomobilə qarşı terror aktı törədiblər.

Qraçik Sarkisyanın quldur dəstəsi apreldə Xocavənd rayonundakı "Amaras" kilsəsinin yaxınlığında "UAZ" markalı maşında olan XTMD-nin əməkdaşlarına silahlı basqın edib, üç polis əməkdaşını həlak ediblər. Avqustun 23-də erməni terrorçuları Şuşa-Cəmilli yolunda avtobusu gülləyə tutmuş, nəticədə üç mülki şəxs qətlə yetirilmiş, 14 nəfər isə ağır yaralanmışdı.

Yayda Kərkicahan qəsəbəsində Rusiyanın "Mayak" radiostansiyasının jurnalisti Leonid Lazareviç erməni terrorçusu tərəfindən qətlə yetirilmişdi.

Sentyabrın 8-də Ağdam-Qaradağlı marşrutu ilə hərəkət edən avtobusun ermənilər tərəfindən partladılması nəticəsindən altı nəfər qətlə ölüb, 36 nəfər yaralanıb.

Volodi Xaçaturyan, Saro Yeremyan, Saşa Çalyan, Armo Arustamyandan ibarət terror dəstəsi sentyabrın 8-də Ağdam - Xocavənd yolunda avtobusu qumbaraatandan atəşə tutublar. Terror aktı nəticəsində dörd azərbaycanlı ölüb, 20-si yaralanıb.

Nəhayət, noyabrın 20-də daha böyük terror aktı reallaşdırılıb.

Bu hadisələr həm də ermənilərin özbaşınalığının, törətdikləri cinayətlərin cəzasız qalmasının nəticəsi idi. Terror törədənlər hələ də cəzasızdır. Bu gün bəziləri rəsmi Bakıdan Azərbaycanda həbs olunan terrorçuları, dövlətə qarşı qanunsuz silahlı birləşmələr təşkil edənləri “siyasi məhbus” adlandıraraq, onların sərbəst buraxılmasını istəyir. Onlar bununla həm də noyabrın 20-də və başqa tarixlərdə ermənilər tərəfindən törədilən terror aktlarına da haqq qazandırmış olurlar.

Bu hadisələri törədənlərin cəzalanması həm də Azərbaycan və Ermənistan arasında etibarı, etimadı artırar. Odur ki, rəsmi İrəvanın daha bir məsələ barəsində düşünməsi, addım atması faydalı olar...

Seçilən
15
2
report.az

3Mənbələr