AZ

COP31 harada keçiriləcək? - İki ölkə arasında rəqabət güclənir

COP29 tədbirindən sonra BMT-nin İqlim Sammitinə ev sahibliyi edəcək ölkənin adı bəlli olsa da, 2026-cı ildə keçiriləcək COP31 tədbirinin ev sahibinin hansı ölkə olacağı hələ dəqiqləşməyib.

 

Sfera.az xəbər verir ki, gələn il COP30 tədbiri Braziliyanın Belen şəhərində keçiriləcək. COP31 üçün isə Türkiyə Avstraliya mübarizə aparır.

 

Bu sammitə ev sahibliyi edən ölkə böyük beynəlxalq nüfuz qazanmış olur. Hər iki ölkə 2026-cı ildə keçiriləcək İqlim Sammitinə ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürüb. Həm Türkiyə, həm də Avstraliya geri çəkilməkdən imtina edir.

 

COP29 sammitinin Bakıda keçirilməsi iki ölkə arasında müzakirələri bir qədər də qızışdırıb. Avstraliyanın İqlim naziri Kris Bouen Türkiyə ilə razılığa gəlmək üçün ötən həftənin cümə günü Türkiyəyə səfər edib. Lakin Türkiyə Avstraliyaya güzəştə getmək fikrindən uzaq olduğunu bildirib. Türkiyənin ətraf mühit nazirinin müavini Fatma Varank ölkəsinin namizəd olmağa qərarlı olduğunu vurğulayıb.

 

Varank onu da bildirib ki, Türkiyə 2021-ci ildə COP26-ya namizədliyini geri götürüb və ölkəsi bir daha geri addım atmayacaq.

 

200 ölkənin liderlərinin qatıldığı sammitə ev sahibliyi etməklə ölkə həm diplomatik nüfuz qazanır, həm də ekoloji cəhətdən təmiz siyasətini qlobal platformada nümayiş etdirmək imkanı əldə edir. Qərb ölkələri COP31 üçün Avstraliyanın namizədliyini dəstəkləyir. Almaniya, Kanada və İngiltərə kimi ölkələr artıq bununla bağlı mövqelərini ifadə ediblər. Sakit okean regionuna üstünlük verilməsi şərti ilə Sakit okean liderləri də Avstraliyanın namizədliyini dəstəkləyir.

 

Qaydalara əsasən, COP tədbirinə ev sahibliyi edə bilmək üçün hamının dəstəyi lazımdır. Yekun qərarın nə vaxt veriləcəyi isə hələlik məlum deyil.

 

Vasif

Sfera.az

 

Seçilən
10
1
sfera.az

2Mənbələr