AZ

Üç qardaş ölkənin əməkdaşlığında tarıxı hadisə

Prezident İlham Əliyev: "Biz ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndiririk və yaşıl enerji sahəsində fəal əməkdaşlıq edəcəyik"

Türk birliyinin qlobal gücə çevrilməsi artıq reallıqdır. Bu, qloballaşan dünyada türk amili ilə hesablaşmağı zərurətə çevirir. Son illər ərzində türk dövlətləri arasında əməkdaşlıq öz səmərəliliyini sübut etmiş və yeni geosiyasi reallıq kimi vahid Türk dünyasının yaranmasına səbəb olmuşdur. Tarixi qardaşlıq əlaqələri, ortaq dil, mədəniyyət və adət-ənənələrdən ilhamlanan bu fenomen nəhəng Avrasiya materikində mühüm siyasi və iqtisadi nəticələr əldə etməyə imkan verib. Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridə Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsidir. "Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir", - deyə Azərbaycan Prezidenti çıxışlarının birində bildirmişdir. Xatırladaq ki, Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. Saziş Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanıbdır. Ötən müddət ərizində bu əlaqələr genişlənib. Naxçıvan sazişinin imzalanmasından keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünü xüsusilə qeyd etməliyik. Qəbul olunan tarixi qərarlarla yadda qaldı. Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar və s tarixi hadisə olaraq əhəmiyyət daşıyır.

MƏRKƏZİ ASİYA VƏ QAFQAZ REGİONLARININ ƏMƏKDAŞLIĞINDA YENİ İMKANLAR

Bu gün türk dövlətləri özünəməxsus şəkildə inkişaf edən, əhatə dairəsi və miqyası getdikcə genişlənən əməkdaşlığı dəstəkləmək üçün böyük nailiyyətlərə imza atırlar. Bu günlərdə, noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü əlaqələrin daha da dərinləşməsinə əsaslanır. Sonra Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"i imzalayıblar. "Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistan münasibətlərinin tarixində əlamətdar hadisədir", - deyə çıxışında bildirən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, üç qardaş ölkə bu gün öz əməkdaşlığını yeni səviyyəyə qaldırır: "Sazişin imzalanması, deyərdim ki, tarixi hadisədir. Biz ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndiririk və yaşıl enerji sahəsində fəal əməkdaşlıq edəcəyik. Həmçinin deyərdim ki, imzaladığımız bugünkü Saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır. Mahiyyət etibarilə, Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələlərdə, o cümlədən yaşıl enerjinin inkişafı sahəsində sinxron fəaliyyət göstərir".

Son illərdə türk dövlətləri arasında əməkdaşlıqla bağlı xeyli irəliləyiş və kifayət qədər güclü nailiyyətlər əldə olunub. TDT ölkələri arasında tarixi əlaqələr planlı və davamlı əməkdaşlığa çevrilib. Bir sıra nazirlərin görüşlərinin keçirilməsi ilə müvafiq sahələrlə bağlı əməkdaşlıq gücləndirilib. TDT müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səmərəli mexanizmə malik tamhüquqlu beynəlxalq təşkilat kimi özünü təsdiqləyib.

"TÜRK DÜNYASINA BAXIŞ 2040"

"Türk dünyasına baxış 2040" proqramının qəbulu ölkələrin öz aralarında daha açıq, daha sistemli və daha məqsədyönlü əlaqələr vasitəsilə birlikdə daha yaxşı gələcək qurmağa qərar verdikləri tarixi məqamlardan biridir. Bu proqram 2040-cı ilə qədər olan dövr üçün türk dövlətləri arasında əməkdaşlığın strateji istiqamətini formalaşdıracaq aydın hədəflər təqdim edir. Türk dövlətlərindən məhsulların, xidmətlərin, kapitalın və yüksəkixtisaslı işçi qüvvəsinin maneəsiz axınına şərait yaratmaqla və qarşılıqlı asılılığın qaçılmaz olduğu nəqliyyat və enerji kimi həyati əhəmiyyətli sektorlarda əməkdaşlığı intensivləşdirməklə öz iqtisadi zonasını qurması əməkdaşlığı daha da genişləndirir.

"Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" hər zaman bir-birinə yaxın olan üç qardaş ölkə arasında imzalanıb. "Özbəkistanla münasibətlərimiz bu il müttəfiqlik münasibətləri səviyyəsinə çatıb, müvafiq saziş imzalanıb. Qazaxıstanla artıq uzun müddətdir ki, strateji tərəfdaş kimi əməkdaşlıq edirik". – deyə Prezident bildirib.

Bu, davamlı inkişaf üçün dövlətlərarası münasibətlərdə yeni səhifədir. Strateji tərəfdaşlıq Sazişinin imzalanması Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının inkişafı üzrə üçtərəfli əməkdaşlıqda mühüm mərhələdir. Sənəd dövlətlərin enerji sistemlərinin inteqrasiyası, habelə ekoloji cəhətdən təmiz enerjinin Avropaya və digər bazarlara çatdırılması üzrə etibarlı dəhlizlərin yaradılmasında yeni imkanlar açır. Bu Saziş Orta Dəhlizin iqtisadiyyatları birləşdirən yaşıl körpü qismində inkişafına töhfə verəcək. Sözü gedən Sazişin ortaq məsuliyyət, qarşılıqlı etimad və strateji tərəfdaşlığın dərk edilməsinin dünyanı yaxşılığa doğru necə dəyişdirdiyinin parlaq nümunəsi olacağı kimi xarakterizə olunub.

"BİZ GƏLƏCƏKDƏ DƏ HƏMİŞƏ BİR YERDƏ OLACAĞIQ VƏ BİR-BİRİMİZİ DƏSTƏKLƏYƏCƏYİK"

Bildiyimiz kimi, üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb.Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Zəngilanda birinci mərhələsi açılan "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksi və s. qeyd etmək olar. Həyata keçirilən layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Azərbaycan Prezidenti çıxışında "Xüsusilə sevindirici haldır ki, Qarabağın bərpasında bizə ilk yardım edən ölkələr Özbəkistan və Qazaxıstandır. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına yaradıcılıq mərkəzi bu gün qardaşlığımızın bariz sübutudur. Əminəm ki, biz gələcəkdə də həmişə bir yerdə olacağıq və bir-birimizi dəstəkləyəcəyik. Əziz dostlarım, qardaşlarım Şavkat Miromonoviçə, Kasım-Jomart Kemeleviçə COP29-da iştirak etdiklərinə və öz iştirakları və dəyərli fikirləri, mesajları ilə tədbirimizi zənginləşdirdiklərinə görə minnətdaram", - deyə bildirib.

Türk dövlətlərinin regionda sabitliyin və sülhün qorunub saxlanılmasında rolu getdikcə artır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur".

Zümrüd BAYRAMOVA

Seçilən
34
sesqazeti.az

1Mənbələr