AZ

ABŞ universitetinin məzunu: “Şagirdlərimi dünya sisteminin tələblərinə cavab verən fərdlər kimi yetişdirməyə çalışıram”

 Pedaqoji fəaliyyətinə kənd məktəbindən başlayan Dürdanə Kərimova ingilis dili dərslərini keçmək üçün effektiv metodlardan istifadə edir

Müasir təhsil sistemi yalnız bilik verməklə kifayətlənmir, həm də şagirdlərin bacarıq və potensialını üzə çıxarmağı hədəfləyir. Mingeçevir şəhəri 16 nömrəli məktəbin ingilis dili müəllimi Dürdanə Kərimova da bu məqsədi həyata keçirmək üçün çalışır. Gənc müəllim şagirdlərini tədris proqramına uyğun hazırlamaqla yanaşı, onları yeni dünya sisteminin tələblərinə cavab verən bacarıqlı fərdlər kimi yetişdirməyə çalışır.

“Peşəmə olan sevgim çətinliklərin öhdəsindən gəlməyimə dəstək olur”

Dürdanə Kərimova pedaqoji fəaliyyətinə Ağdaş rayonunun Şıxlı kənd tam orta məktəbində başlayıb. Müəllimlərin işə qəbul imtahanında yüksək nəticə göstərən bu gənc həm də Gənc Xarici Dil Müəllimlər Birliyinin Mingeçevir şəhəri üzrə koordinatorudur.“Başqa rayonda işləmək, hər gün iki-üç avtobus dəyişməklə 3 saatlıq yol qət etmək asan deyil. Lakin peşəmə olan sevgim çətinliklərin öhdəsindən gəlməyimə dəstək olur” deyən pedaqoqun yüksək motivasiyası və məqsədə bağlılığı onun çətin şəraitdə belə uğur qazanmasına imkan yaradıb. 

D.Kərimova internetə çıxış imkanlarının zəif olduğu kənd məktəbində tədris prosesində effektiv təlim metodlarını tətbiq etmək üçün fərdi resurslardan istifadə edir. Şagirdlərinin dinləmə və danışıq bacarıqlarını inkişaf etdirmək üçün telefonuna yüklədiyi audio və videomateriallardan istifadə şagirdlərinin motivasiyasını artırmaqla yanaşı, onların ingilis dili üzrə kommunikativ bacarıqlarını təkmilləşdirir.

D.Kərimova dərs prosesində motivasiyaedici və dəstəkverici təlim mühiti yaratmaqla şagirdlərdə özünəinam hissini gücləndirir. O, "şagird heç vaxt səhv cavab verməkdən çəkinməməlidir" fikrini pedaqoji fəaliyyətinin təməl prinsipinə çevirib və şagirdlərin sərbəst düşüncəli, özünüifadə bacarıqlarına malik fərdlər kimi yetişməsinə töhfə verir.

Gənc müəllimin pedaqoji yanaşması inklüziv təhsilin əsas prinsiplərinə uyğun olaraq, fərdi təlim metodlarının tətbiqi üzərində qurulur. Onun beynəlxalq təhsil standartlarına əsaslanan inklüzivlik konsepsiyası hər bir şagirdin unikal potensialını inkişaf etdirməyə xidmət edir. “Təhsili hər kəs üçün əlçatan etmək vacibdir” deyən müəllim inklüziv təhsilin reallaşdırılması üçün müasir kurikulumun tələb etdiyi adaptiv tədris metodlarından geniş istifadə edir.

Şagirdlərini özünüifadə bacarığına malik fərdlər kimi yetişdirməyə çalışır

Müasir təhsildə innovativ yanaşmaların tətbiqi, müəllimlərin davamlı inkişafı və peşəkar hazırlıq səviyyəsinin artırılması ilə sıx bağlıdır. Şimali Karolina Dövlət Universitetində ELT proqramında magistr təhsili almaqla yanaşı, beynəlxalq konfranslarda təqdimatları ilə çıxış edən gənc müəllim dünyanın təhsil sahəsindəki bəzi təcrübələri Azərbaycan təhsil mühitinə gətirməyə çalışır.

Dürdanə Kərimova yalnız bilik verən deyil, həm də gələcək nəsillərin tərbiyəsinə, onların fərdi inkişafına dəyərli töhfə verən bir müəllimdir. O, şagirdlərini hərtərəfli hazırlıqlı, özünüifadə bacarığına malik fərdlər kimi yetişdirmək üçün yorulmadan çalışır. Təhsildə müəllimlərin peşəkarlığının artması və yeni tədris metodlarının tətbiqi şagirdlərə olan yanaşmada əsaslı dəyişikliklər yaradır. D.Kərimovanın gördüyü işlər Azərbaycanın təhsil sistemində müasir təhsil yanaşmasının və kurikulumun əsas prinsiplərinin reallaşdırılması istiqamətində əhəmiyyətli addımlardır. 

Seçilən
24
tehsil.biz

1Mənbələr