AZ

BMU və Birləşmiş Ərəb Əmirlikləri Universiteti birgə tədqiqatlar aparacaq

Birləşmiş Ərəb Əmirlikləri Universitetinin (BƏƏU) nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

Bu barədə TƏHSİL.BİZ -ə BMU-dan bildirilib. Qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev Birləşmiş Ərəb Əmirliklərinin tanınmış universiteti ilə qurulmaqda olan münasibətlərdən məmnunluğunu ifadə edib və nümayəndə heyətinə rəhbəri olduğu təhsil ocağının strukturu, müasir laboratoriyaları, elmi-tədqiqat imkanları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Rektor universitetin son illərdə qazandığı uğurlardan danışıb, “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in yeni açıqlanan nəticələrini və BMU-nun bu reytinqdə Azərbaycan üzrə dördüncü yerə sahib olduğunu diqqətə çatdırıb.

Yaqub Piriyev BMU və BƏƏU-nun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 3 istiqaməti -“Təmiz su və sanitariya”, “Sərfəli və təmiz enerji”, “İqlim dəyişikliyinə qarşı mübarizə” üzrə birgə tədqiqatlar aparacağını xüsusilə qeyd edib. Vurğulayıb ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal ekoloji böhranlara qarşı mübarizəyə ən aktiv qoşulan dövlətlərdən biridir. 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub və bu yöndə ölkəmizdə mühüm tədbirlər gerçəkləşdirilir. Hazırda Bakıda COP29-un keçirildiyini önə çəkən rektor BMU-nun BƏƏU ilə aparacağı birgə tədqiqatların iqlim dəyişikliyi ilə mübarizəyə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətə töhfə vermək məqsədi daşıdığını bildirib.

Nümayəndə heyəti adından çıxış edən BƏƏU-nun prorektoru Ahmed Ali Alraeesi BMU-ya səfərlərinin COP29 tədbiri ilə eyni vaxta təsadüf etdiyini və bu mötəbər sessiyanın yüksək səviyyədə təşkil olunduğunu deyib. O, BMU ilə yaranan əməkdaşlığı, bu məqsədlə aparılan müzakirələrin nəticəsi olaraq gerçəkləşdiriləcək layihələri müsbət qiymətləndirib. BƏƏU haqqında məlumat verən prorektor universitetin 1976-cı ildə yaradıldığını, burada 70-dən çox ixtisas üzrə tədris aparıldığını, 160-dan artıq laboratoriyanın, 12 tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini, həmçinin ali məktəbin 80 mindən çox məzununun olduğunu söyləyib. Qeyd edib ki, elmi sahədə də ciddi uğurları olan universitet dünya reytinq sıralamasında 261-ci yerdə qərarlaşır.

Gələcək əməkdaşlıq sahələrinin geniş müzakirəsi ilə davam edən görüşdə iki universitetin Dayanıqlı İnkişaf Məqsədlərinin 3 istiqaməti üzrə 4 mövzuda birgə tədqiqatlar aparılacağı vurğulanıb. Tədqiqatlarda hər iki universitetin 4 müəllim və 8 tələbəsi iştirak edəcək.

Bundan başqa, BMU tələbələrinin BƏƏU-ya səfərinin təşkili, müəllim-tələbə mübadiləsinin gerçəkləşdirilməsi, kimya mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı ilə bağlı əməkdaşlıq da nəzərdən keçirilib.

Görüşdən sonra BƏƏU-nun nümayəndə heyəti BMU-nun dekan və kafedra müdirləri ilə bir araya gələrək başlanılacaq elmi tədqiqatların detalları barədə fikir mübadiləsi aparıblar.

Seçilən
15
tehsil.biz

1Mənbələr