AZ

CAR-dan olan nazir: "Bakıdakı COP29 uzun müddət yadda qalacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) təşkili yüksək səviyyədədir, keçirildiyi məkan rahat və genişdir".
Bu barədə Cənubi Afrika Respublikasının meşə təsərrüfatı, balıqçılıq və ətraf mühitin mühafizəsi naziri Dion Corc konfransı ilə bağlı təəssüratlarını Oxu.Az-la bölüşərkən bildirib.
Bununla belə nazir qeyd edib ki, danışıqlar asan getmir, sazişin hər bir bəndi mübahisələrə səbəb olur.
"Aydındır ki, inkişaf etməkdə olan ölkələr daha çox pula ehtiyac duyur. İnkişaf etmiş ölkələr isə lazımi vəsaitin verilməsi üçün çox şərtlər irəli sürür", - deyə Corc vurğulayıb.
O, həmçinin iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşmağa böyük ehtiyacın olduğunu, İtkilər və Zərərlər Fondunun yaradılmasında isə kifayət qədər irəliləyişin olmadığını qeyd edib.
CAR-dakı vəziyyətdən danışan nazir bildirib ki, ölkə artıq iqlim dəyişikliyinin ciddi təsirini hiss edir.
O əlavə edib ki, əvvəldən quraq olan Cənubi Afrika daha da quruyur, sahillərdəki fırtınalar daha da güclənir ki, bu da infrastrukturun dağılmasına səbəb olur.
"Məhz buna görə adaptasiya, həmçinin İtkilər və Zərərlər Fondunun yaradılması çox vacibdir", - deyə Corc bəyan edib.
O bildirib ki, fiskal məhdudiyyətlərə və iqtisadi artımın aşağı tempinə baxmayaraq, CAR aşağı karbonlu iqtisadiyyata keçid üçün tədbirlər görür.
"Biz müxtəlif sektorlar üçün emissiyaların azaldılması üzrə hədəf göstəricilərinin müəyyən edilməsini tələb edən iqlim dəyişikliyi haqqında qanun qəbul etmişik. Heç kimi geridə qoymaq istəmədiyimiz üçün ədalətli enerji keçidi üzərində işləyirik", - deyə nazir vurğulayıb.
Sonda Dion Corc COP29-un nəticələri ilə bağlı nikbinliyini ifadə edib.
"Bakı konfransının nəticəsi yadda qalan olacaq, biz onu həmişə xatırlayacağıq. İnanıram ki, biz yaxşı bir şey edəcəyik", - deyə o bildirib.
Rufina Abdullayeva
Seçilən
20
50
oxu.az

10Mənbələr