Noyabrın 18-də Qırğız respublikasında Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib.
AZXEBER.COM xəbər verir ki, konfrans K. Dikambaeva adına Qırğız Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası, Qırğızıstan Xalq Assambleyası, Qırğızıstan Respublikası Azərbaycanlılarının \"Birlik” İctimai Birliyi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
Konfransın əsas məqsədi görkəmli türk mütəfəkkirlərinin xalqlar arasında münasibətləri möhkəmləndirən ictimai-siyasi ideyaların inkişafına verdiyi töhfələri təhlil və müzakirə etmək olub.
Bununla yanaşı, tədbir onların əsərlərinin tarixi və fəlsəfi aspektlərinin araşdırmasına, eləcə də müasir millətlərarası əməkdaşlıq üçün bu ideyaların əhəmiyyətinin qiymətləndirilməsinə həsr olunub.
Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
Konfransın moderatoru \"Birlik” ictimai birliyinin sədri Hansıvar Baxşəliyev olub.
Qeyd edək ki, Tədbir \"Birlik” ictimai birliyinin fəal üzvlərinə Qırğızıstan Xalqları Assambleyası və Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin mükafatlarının təqdim edilməsi ilə başa çatıb.