AZ

“Turizm sektorunda iqlim ambisiyalarının artırılması – öhdəliklərdən icraya qədər”

COP29 çərçivəsində Yaşıl Zonada Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və BMT-nin Turizm Təşkilatı tərəfindən “Turizm sektorunda iqlim ambisiyalarının artırılması – öhdəliklərdən icraya qədər (bərpa/adaptasiya və maliyyə)” mövzusunda panel müzakirə keçirilib.

Panel müzakirələrdə turizm sahəsində İqlim Fəaliyyəti üzrə Qlazqo Bəyannaməsi tərəfindən təklif olunan regenerasiya və maliyyə yollarına uyğun olaraq, regenerasiya/adaptasiya səyləri və innovativ maliyyələşdirmə modellərinin kəsişməsinə diqqət yetirilib.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov çıxışında bildirib ki, COP29 konfransı təbiət məsələlərinə yönəlmiş iddialı bir gündəmi irəlilətmək üçün nadir fürsət təqdim edir: “Bu tədbir davamlı qida sistemlərinə sərmayə qoyulması, müxtəlifliyin qorunması və icmalar üçün faydalı tədbirlərin görülməsi kimi məsələləri əhatə edir. Bugünkü tədbir uğurlu müdaxilələrin müzakirəsi və uyğunlaşan təbiət mərkəzləri üçün təməl hazırlamaq məqsədi daşıyır. Bu model yerli mühitləri qoruyub saxlamağa kömək edir və iqlim tədbirlərinin miqyasını artırmaq üçün maliyyələşdirmə mexanizmləri ilə birləşdirilə bilər. Bu dəyişikliklərə nail olmaq üçün ənənəvi maliyyələşdirmə sistemlərinin artıq köhnəlmiş olduğunu nəzərə alaraq, yaradıcı maliyyələşdirmə həlləri axtarmalıyıq. Bu, ictimai və özəl sektorlarda iştirak edən tərəfləri bir araya gətirərək, müəssisələrə təsirli iqlim layihələrini həyata keçirmək imkanı verməlidir”.

Çıxış edən BMT-nin institusional əlaqələr, tərəfdaşliqlar və təşviqat üzrə direktoru Dilyor Xakimov iqlim dəyişikliyi ilə bağlı müəyyən edilən çərçivənin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu çərçivə hökumətlər tərəfindən iqlim sahəsindəki ölçülərin müəyyənləşdirilməsində vacib rol oynayır.

Sonra Dayanıqlı İnkişaf və Dayanıqlıq Mərkəzinin təsisçi və direktoru, Kembric Universitetinin professoru Dr. Nazia M Habib “Turizm İqtisadiyyatları üçün İqlim Maliyyələşməsi İnnovasiyaları”, BMT Turizm üzrə baş layihə mütəxəssisi Xanım Roxana Ashtari “Qlazqo Bəyannaməsinin İcra Hesabatının əsas nəticələri: Bərpa və Maliyyə Yolları” mövzularında çıxış ediblər.

Daha sonra Almaniyanın IU Beynəlxalq Elmlər Universitetinin professoru Willy Legrandın moderatorluğu ilə “Minor International”ın baş davamlılıq rəhbəri Çompən Kulindes, Baş İqlim Eksperti Tomas Mills, “The Travel Foundation” şirkətinin Baş direktoru Ceremi Sampson, “The Long Run” şirkətinin icraçı direktoru Anne Kathrin Zschieger, Beynəlxalq Maliyyə Korporasiyasının əməliyyatlar mütəxəssisi, Qlobal Soyutma Bölməsi İqlim Biznesinin rəhbəri Rusmir Musić, EMEIA Beynəlxalq İnkişaf rəhbəri Dominik Perron, Qlobal Davamlı Turizm Şurasının baş direktoru Randy Durband iştirakı ilə panel müzakirələr aparılıb.

 Tədbirdə turizmin iqlim dayanıqlılığı və ekosistemin bərpasına necə fəal töhfə verə biləcəyinə diqqət yetirməklə, turizm sahəsində maraqlı tərəflərinin uğurlu fəaliyyətləri vurğulanıb.

 Akademiyalar, siyasətçilər və özəl sektor nümayəndələri dayanıqlı qida sistemləri, biomüxtəlifliyin qorunması və təbiətə müsbət təsir göstərən təşəbbüslərlə daha dərindən məşğul olmaq üçün turizm üzrə ehtiyaclar, eləcə də iqlim fəaliyyətinin genişləndirilməsi üçün maliyyələşdirmənin mühüm rolu üzərində fikir mübadiləsi aparıblar.

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
38
ikisahil.az

1Mənbələr