AZ

75 YAŞLI- GƏNCLİK HƏVƏSLİ HÜQUQŞÜNAS, SİYASƏTÇİ-ADİL MİNBAŞI!

...Dəqiq yadımdadır, Xalq şairilərimiz Bəxtiyar Vahabzadə və Məmməd Araz, professorlar- Nurəddin Rza, Yusif Səmədov, İlham Rəhimov, Famil Mehdi, bir də mərhum Rövşən Cavadov və Adil Minbaşı «Təzadlar» qəzetinin baş redaktorluğuna jurnalist axtarırdılar.

Düzü, bu müzakirələrdən qətiyyən xəbərim yox idi, çünki mən «Ədalət» qəzetində baş redaktorun 1-ci müavini vəzifəsində çalışırdım, işlər də çox idi. Səhv etmirəmsə, müzakirədə Aqil Abbas da iştirak edirdi.

 Yeri gəlmişkən, Adil Minbaşı «Ədalət» qəzetinin təsisçisi idi, yazıçı Aqil Abbas baş redaktor… Qəzet 80-100 min tirajla nəşr olunurdu, əl-əl gəzirdi, mən də araşdırma və tənqidi yazılarla diqqətdə olurdum... Hətta vaxt olub, kənd təsərrüfatı naziri Rəhim Əşrəfov zəng edərək şəxsən mənimlə danışıb, deyib ki, «Sizin bu günkü tənqidi yazını diqqətlə oxuduq, həmin idarə rəisi bu gün işdən azad ediləcək…» və s. Mən də demişəm ki, Rəhim müəllim, biz kiminsə işdən çıxarılması üçün deyil, həmin sahədə qayda yaradılması üçün bu yazını yazmışıq!

***

 Nə isə…Gəlirəm mətləbə: elə müzakirələrin şirin yerində Adil Minbaşı təklif edir ki, «Təzadlar»ın baş redaktoru Asif Mərzili olsun! Təsəvvür edin, bu təklif hamının ürəyindən olur və rəhmətlik Famil Mehdi də deyir ki, elə mən də bu təklifi verəcəkdim, Adil müəllim məni qabaqladı… Beləliklə, yekdil qərar qəbul olunur.

Sonra məni otağa çağırdılar, bu təklifi deyəndə Aqil Abbasdan icazə istəmək şərtilə bildirdim ki, mən yalnız bir müddət qəzetin fəaliyyətinə dəstək verə bilərəm, sonra başqa birini baş redaktor seçərsiniz.

 ***

…«Təzadlar» qəzeti neçə populyarlaşdısa, o dövr üçün qəzet qalmaqallı yazıları ilə qalmaqalların burulğanında oldu. Açığı, dəfələrlə qəzetin rəhbərliyindən getmək istəyirdim, amma «Bir az da gözlə!» ərki ilə Adil Minbaşı məni sakitləşdirirdi. Çünki hər iki qəzetdə çalışmağın  yükü ağır idi.

***

…İndi həmin vaxtdan 31 il ötür. Təsəvvür edin, «Təzadlar» qəzetinin təsisçisi «Xudu Məmmədov» Xeyriyyə Cəmiyyətidir, cəmiyyətin də sədri Rövşən Cavadov… 1995-ci ildə məlum mart hadisələri baş verəndə isə artıq qəzetdən getməmək barədə qəti qərara gəldim… Adil Minbaşı bir dəfə bu barədə soruşanda dedim ki, yox, bu qəzeti belə bir məqamda atıb getmək əsgər yoldaşını döyüş meydanında qoyub gedən hərbçinin hərəkətinə bərabər bir əməl olar. Hakimiyyətə də həmişə təşəkkürümü ifadə etmişəm ki, bu günədək heç vaxt qəzetə hansısa ciddi bir problem yaradılmayıb, əksinə, bəlkə də mənim yuxarıdakı qərarım lazımi ünvanlarda yüksək qiymətləndirilib. Ulu Öndər Heydər Əliyev qəzet barədə bir neçə dəfə Bəxtiyar Vahabzadəyə fikirlərini də bildirib, Prezident İlham Əliyevin hakimiyyəti dönəmində isə, hətta mən 2009-cu ildə peşə fəaliyyəti ilə bağlı həbs ediləndə 2 gün sonra məhkəmə qərarı ilə bəraət alaraq həbsdən buraxılmışam, hökm çıxaran hakim Tahir İsmayılov sərt formada cəzalandırılıb və s.

 Bunları 75 yaşlı, amma gerçəkdən gənclik həvəsli politoloq Adil Minbaşının yubileyi ilə bağlı bu xatirəli yazıda qeyd etməyimin bir mənası var: o vaxtlar Adil Minbaşının intellektinə, siyasi qərar vermə gücünə, ictimai nüfuzuna bələd idim və bunlar mənim üzərimə məsuliyyət yükü qoymuşdu. Mən bu məsuliyyəti bu gün də üzərimdə hiss edirəm. Çünki siyasi proqnozları həmişə özünü doğruldan Adil Minbaşı özü boyda məsuliyyətdir, səbr etdirəndir, dəstək olandır, sözün bütün mənalarında aydın fikir adamıdır. Onun ədalətli olmasının isə başqa bir fəlsəfəsi var.

 İnsan ədalətli olarsa, bil ki, o vicdanlıdır. Vicdanlıdırsa, deməli, ədalətlidir! Nədənsə, bu məqamda bir Amerika ştatında olmuş hadisəni xatırladım. Bir yaşlı kişi çörək almağa pul tapmır, az qalır acından ölsün. Gəlir çörək dükanına və satıcı arxaya baxanda bir çörəyi sırıxlısının içində gizlədib qaçmaq istəyir, bu zaman dükana girən polis onu yaxalayır, aparır polis idarəsinə. Kişini oğurluğuna görə məhkəməyə verirlər. Nəhayət, qocaya məhkəmə qurulur, o günahını belə izah edir: “O qədər ac idim, gördüm ki, ölürəm, ona görə də bu oğurluğu etdim. Başqa çarəm yox idi…”.  Hakim şahidləri, müstəntiqi, dövlət ittihamçısını dinləyir, eləcə də dükançını, ərazi bələdiyyə sədrini danışdırır və qərar verir: «Qanunlarımıza görə, qoca oğurluq edib. Amma o bu oğurluğu ilə acından öləsi bir adamı ölümdən xilas edib. Çünki qoca oğurluq etməsəydi, o öləcəkdi, bəs ölsəydi kim bu ölümdə günahkar olacaqdı? Təbii ki, sizlər-qocanı həbs edən polis, tutub gətirən konvoy, bu şəhərin sakinini ac qoyan bələdiyyə sədri! Mən əməlini etiraf etdiyinə görə qocanı 10 dollar cərimə edirəm. Amma o, bu pulu ödəyə bilməyəcək, ona görə də onun əvəzinə cəriməni mən ödəyəcəm».

 Məhkəmə zalında hamı susur, hakim cibindən 10 dolları çıxardıb qocanın cəriməsini xəzinəyə mədaxil edir. Sonra ayağa qalxıb zaldakılara üzünü tutur: «Eşidin, bu oğurluqda sizin hamınız günahkarsınız! Ona görə də hər biriniz 10 dollar cərimə edilirsiniz! Çünki sizlər yaşlı bir kişinin oğurluğa məcbur olduğu bir şəhərdə yaşayırsınız…».

 Məhkəmə zalında xeyli pul toplanır və hakim həmin pulu qocaya verir, ardınca uca səslə: «Yaşadığınız bu şəhərdə oğurluq edən bir adam görsəniz, bilin ki, o şəhəri idarə edənlər ədalətli adamlar deyillər, onlar oğurluğa məcbur edilmişlərin haqqına giriblər».

Hakim məhkəmə iclasının bitdiyini elan edir.

***

…Mən də yazımı burda bitirirəm, amma bir neçə kəlmə əlavəm də var: Adil Minbaşı vaxtilə hakim işləyib. Bildiyim qədər, onu ədalətsiz qərar qəbul etməyə məcbur ediblər, amma o imtina edib və könüllü olaraq hakimlikdən də gedib… Bunlar Sovet dövründə baş verib. O vaxt hakimin, yaxud hansısa bir məmurun yüksək partiya funksionerinin tapşırığını yerinə yetirməməsinin cəzası ağır idi. Amma Adil Minbaşı ona verilə biləcək ən ağır partiya cəzasını sonradan içində çəkəcəyi vicdan əzabından yüzqat üstün tutaraq risqə getməli olmuşdu… O, doğru yol seçmişdi!

***

 Bu gün hamı onu yuxarıda təsvir etdiyim Amerikalı hakim qədər ədalətli bilir. Çünki o, ilk növbədə şəxs olaraq özünün, bir də içindəki Adil Minbaşı adlı vicdanına hakimdir!

 Onun ətrafına diqqət və qayğısı bəzən dediyimiz o bəlli atalıq qayğısı mənasında deyil! Onun diqqət və qayğısı sərhəd tanımır və atalarımızın bizə miras qoyduğu bir əmanətdir! Və nə yaxşı ki, onu bu gün qoyuyub saxlayanlarımız, örnək olanlarımız var!  

Bu gün həmin vicdanın-Adil Minbaşının 75 yaşı tamam olur. Tanrıdan sağlam və Tanrının məsləhət bildiyi qədər vicdanlı Adil Minbaşı ömrü arzulamaqla, özü boyda dəyər olan dostumuzu ürəkdən təbrik edirəm!

Asif MƏRZİLİ    

Seçilən
17
tezadlar.az

1Mənbələr